adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Aprel 2019 10:11
7767
MƏMLƏKƏT
A- A+

AQTA-ya vətəndaş müraciətlərinin sayı artıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva 1003 "Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciətləri ilə bağlı Trend-in suallarını cavablandırıb.

Agentlik rəsmisi bildirib ki, son vaxtlar 1003 "Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciətlərinin sayı artıb: "Təbii ki, Agentlik tərəfindən qida sahəsində mütəmadi olaraq neqativ halların aşkar olunması, ictimailəşdirilməsi və vətəndaşların bu istiqamətdə maarifləndirilməsi burada müstəsna rol oynayır. Ancaq bir məsələni qeyd edim ki, daxil olan müraciətlər sırasında Agentliyin konkret fəaliyyət sahəsinə aid olmayan müraciətlərə də rast gəlmək olur. Xüsusilə yerli icra orqanlarının və digər icra strukturlarının fəaliyyət sahəsinə aid olan müraciətlər üstünlük təşkil edir. Unutmaq olmaz ki, hər bir qurumun müvafiq fəaliyyət sahəsi var. Burada nəzarət və tənzimləmə işlərini bir qurum, yerlərdə icranı isə digər səlahiyyətli orqanlar həyata keçirir. Buna baxmayaraq, Agentlik tərəfindən vətəndaşlardan daxil olan şikayətlər aidiyyəti orqanlara yönləndirilir və onların icrası nəzarətdə saxlanılır".

A.Fərziyevanın sözlərinə görə, vətəndaşlar bilməlidir ki, hər bir şəxs öz istehlakçı hüquqlarının pozulması və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir: "Qida sahəsində qanunsuz fəaliyyət göstərən hər bir sahibkar isə qanunvericiliyin tələbləri çərçivəsində məsuliyyət daşıyır. Əsas odur ki, vətəndaşlar istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər. Çünki ən yaxşı nəzarətçi elə alıcının özüdür".