adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Aprel 2019 17:48
23327
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA 


MİN ÜÇÜNCÜ GECƏ


elə ki, gəlib çatdı, Dünyazad üzünü bacısına tutub dedi:

- Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizad da bacısına cavabında dilləndi:

- Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

- Danış.

Qız nağılın mabədini danışmağa başlayıb dedı:

- Ey bəxtiyar şah və ədalətli hökmdar, belə rəvayət edirlər ki, Allahın böyük qüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin gündüzləri minbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngiz melodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı.

Ramizin uşaqlıq çağları məhz belə zəngin musiqi əhatəsində keçərdi. Axşamlar Ay sütunlara sarılmış tənək və sarmaşıq yarpaqları arasından süzülərək, artırmanı işıqlandırar, baxça dərin sükut içində olardı.

Birdən, ansızın olaraq həyətlərinin o başından - qonşudan sədalanan, yarpız, lilpar, ətirli baldırğan bitkilərinin arasından süzülə-süzülə gələn bulaq suyunun şaqraq sədaları kimi eşidilən tarın avazı onu ahənrüba kimi özünə çəkər, "xəyalını dərk eləmədiyi, ancaq əsrarlı şirinliyini duyduğu ruhi bir aləmə aparardı".

Əvvəlcə həzin melodiyalarla başlayan musiqi getdikcə güclənərək sehirli bir ahənglə axıb gecənin içinə tökülərdi. Ramizin üzündəki təbəssüm tədriclə çəkilər, gözləri qəribə ifadə alardı. Bu aydınlıq gecədə tarın səsi ona "uzaq bir əfsanə təsiri bağışlayardı. O, bu səsdən nəhayətsiz bir zövq alardı".

"Bu aydınlıq gecələrin mehriban sükunəti, mavi üfüqlərdə itən genişliyi" Ramizə bənzərsiz ürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən "anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edərdi".

"Segah" muğamı çalınanda isə həyət bağçası da elə bil canlanır, müqəddəs bir yer olurdu. Bütün güllər musiqinin sədası altında açılır, ətrafa ətir yayırdı. Sanki bu ətirdən məst olmuş musiqi də öz ürəyini çiçəklərə açır, ruhunu güllərə saçırdı. Şirəyə dolmuş, məst olmuş ağaclar musiqinin şirin melodiyası altında "nəşədən xumarlanırdı, muğam sevgi, məhəbbət sözünü söyləyirdi, ağaclar bundan titrəyirdi".


Baxça "xoş bir yuxuya dalmış kimi idi. Qurbağaların qayğısız səsi eşidilirdi. Gecə çox gözəl idi. Gecə musiqinin dili ilə onu bürüyən Ay işığı kimi aydın və əbədi bir məhəbbətdən danışırdı".

Musiqinin bu sevgi sözü nə idi? Bu ətirli, duyğulu meh - "Segah" idi. Təbiəti sarsıtmaq, həyəcana gətirmək üçün bu meh - "Segah" kifayətdir. Bu sözləri dinləməklə, yaxud səlnamədə oxumaqla əlbəttə ki, muğamın sehirli qüvvəsini başa düşmək, duymaq olmaz.

Gərək bu "Segah"ı canlı dinləyəsən - özü də Ramiz Quliyevin ifasında! Hələ bu möcüzə, bu sehirli ehtişam çox-çox illər sonra baş verəcəkdir! Hələlik isə...

Muğamı duyduqca Ramizin qəlbinin dərinliklərində qaynayan və zahirə çıxmağa çalışan gizli hisslərin qabağı açılardı. Ona elə gələrdi ki, ömründə ilk dəfədir bu qədər dərin mənalarla çırpınan musiqi eşidir. Ürəyi birdən-birə anlaşılmaz, riqqətli duyğularla titrəyərdi.

Oğlanın mavi büllur kimi parıldayan gözləri uzaqlara, aydınlıq gecənin dərin sükutu içində röyaya dalmış, bağların üzərindən enişə doğru əyilən ulduzlu göy qübbəsinə baxardı. Nəcib bir həyəcanla çırpınan bu gözlərdə xülya kimi uzaq bir məna olardı və solğun Ay işığında üzü həlim və nurlu görünərdi. Muğam pərdə-pərdə axıb getdikcə Ramiz hiss edərdi ki, simasındakı həlimlik də artıb yüksəlir və munis olur.

Və həmin o kimsə hər axşam, göy qübbəsinin "min bir çiçəkli, min bir yarpaqlı" ulduzlu vədəsində tarı götürüb simlərini kökləyərək hicranın ayrılığından həyəcanla titrəyib üzülən, çırpınan "Segah"a dil verib dilləndirəndə adamın ağlı başından çıxardı. Simlərin dilsiz şikayəti isə gecənin qəlbində çırpınar, çırpınardı.

Ay işığında sürməyi məxmər kimi görünən qızılgüllər, tutqun mavi rəngə çalan yasəmən salxımları, mürgüləyən ağacların kölgəsi, baxçadakı suların şırıltısı, təbiətdə hər şey... hər şey "insan qəlbini nə isə məchul, şirin bir intizar hissi ilə döyündürərdi". Bir anlıq Ramiz sanardı ki, sanki qarşıda onu nəhayətsiz sirlərlə dolu qəribə bir aləm gözləyir. Və o, həmin aləmə tez çatmağa tələsərdi...

"Zalım"ı çıxmış qonşu isə gözlərini yumub tarı köksünə elə sıxardı ki, deyərdin bəs, mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır. Tar sanki insan kimi dil açıb, "müztərib insan məhəbbətinin böyük taleyindən" qəmli bir hekayə nəql edər, "itirilmiş ilk sevginin ələm və hicranından" danışardı !!!

Göy tağbəndinə kimi ulduzlu fəzada on dörd gecəlik aypara "Sineyvaz" qovunundan kəsilmiş sarı bir qıça kimi ağ buludlar altında üzərdi. Aşağıda isə həmin ayparanın işığına qərq olmuş baxçada bir budaq da tərnənməzdi.

Hər şeydə bir intəhasızlıq, əbədi bir lallıq hiss edilərdi. Hər şey məxmər kimi yumşaq sükuta dalaraq bu muğamı nəhayətsiz bir mehribanlıqla dinləyərdi. Təkcə ağacların salxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən, incə xışıltısından başqa.

Elə bil cazibədar bir sərinlik və təravət vəd edən axşam mehinin ətirli nəfəsi ilə, sevinc və nəşəylə titrəşib yırğalanan narın yarpaqlar uzaqdan Ramizə xoş sözlər söyləyərdi.

Hələ indiyə qədər göylər belə ulduzlu, ağaclar belə titrək, otlar belə ətirli, yarpaqlar arasında yatan quşların hənirtisi belə zərif, kainatın sakit ahəngdarlığı sevginin (Ramizin muğam sevgisinin) daxili musiqisi ilə həmahəng olmamışdı. Ramiz hələ indiyənə kimi muğama belə vurulmamışdı, belə xoşbəxt, belə məftun olmamışdı.

Bu "Segah"ın yaratdığı hallüsinasiya idi!

Muğam onun iqtidarını əlindən aldıqca Ramiz anlaşılmaz bir intizarla başını qaldırıb çəpərin o tayına boylanar, üzü mehribanlıq ifadə edər, tarın cadugər cazibəsilə qəlbinin uzaq dərinliklərində axşam qəribliyinə bənzər, səbəbini özü də bilmədiyi duyğuların alışan qoynuna düşər və ya ona elə gələrdi.

"Segah" ilk andanca onun ürəyinə elə bir qüdrətlə işləyərdi ki, gənc oğlan sarsıdıcı, coşğun bir hissin sel kimi axıb qəlbinə dolduğunu və bir anda damarlarına yayılaraq onu titrətdiyini duyardı.

Onda musiqiyə o qədər qızğın maraq və məhəbbət doğurdu ki, bu məhəbbət heç vaxt sönməyəcəkdi.

Bu yerdə bənzərsiz ürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən: "...heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmir. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmır".

Mən yazılı mənbələrdə rast gəlmişəm ki, tarın danışıb "oxumağı"nı lirik duyğular şairi Mikayıl Müşfiq (Onun ruhu şad olsun!) bir şerində çox gözəl qələmə alıb. Şəhrizad şaha işarə ilə avazla həmin şeri dedi:

Oxu, tar, oxu, tar!..

Səsindən ən lətif şerlər dinləyim.

Oxu, tar, bir qadar!..

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?

Ey geniş kütlənin acısı,

şərbəti -

Alovlu sənəti!

...Çarparaq çahargahın divardan-divara

Yolçunu yolundan eyləmiş avara.

Çalxanmış dərələr, təpələr,

Səs vermiş səsinə ləpələr.

Oxu, tar, fikrimdə oyansın

Baharın, Seyidin qəzəli;

Oxu, tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!

Damaqdan düşənlər,

Ürəyi şişənlər,

İlk bahar seyrinə çıxmayan,

Özünü dağların döşünə yıxmayan

Sinəsi dağlılar,

Vəfasız bir eşqin dağınıq zülfünə bağıllar

Dəxilin olmuşıar,

Qapında təsəlli bulmuşlar.

Zilin var, vəsətin, bəmin var;

Sənin də quşların dəmindən ayrılan

Bir özgə dəmin var.

Səni də avara eyləmiş

Dağınıq telli bir "zərəfşan".

Onunçun segahın danışır

Pərişan, pərişan...

Oxu, tar! Alovlu izlərin

Əcaba, neçə şux dilbərin

Yasəmən üzünü pul kimi qızartmış?

O sarı simlərin lisanı

Salmazmı heyrətə insanı?..

...Mizrab dil açıb danışdıqca boylu-buxunlu, şirmayı görkəmli tarın on bir simi od olub şölələnər, iyirmi iki pərdənin hönkürtüsü, harayı, yanğıları, zərifliyi yavaş-yavaş çırpınar, dinləyəni alazlayardı .

Tarın gözəl səsi isə gecənin qəribliyinə, bəlkə də uzaqlara uzaqlara yayılardı. Bu sehrli səslər təkcə tarın simlərindən deyil, ifaçının xalq məhəbbəti ilə döyünən qəlbinin zərif, həssas tellərindən qopardı.

Naməlum tarzən çalardı...

Musiqidəki ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə, özlüyündə çox zərif, çox incə bir poetik məna kəsb edərdi.

Muğamların sirli, sehrli, ecazkar, nakam gəlini olan "Segah"ın dərdi, kədəri təsirli barmaqların nəfəsində hönkürtüyə çevrilərdi. Belə məqamda üç ağlayan bir-birinə qoşulardı: bir mizrab, bir pərdə, bir də sim. Və sonra bu yanğıya, qüssəyə tab gətirməyən, dözməyən tar da, tarzən də kövrələr, kövrəldərdi...

...Çalğı, tarın səsi qarabağlıların sözü olmasın elə qəribə idi ki, daha nə deyim! Bu muğamı dinləyə-dinləyə Ramiz elə fikirləşirdi ki, evlərinin qapı-pəncərəsi, divarlar, xülasə, otaqlarda olan hər şey çəpərin o tayındakı tarın səsinə səs verib, ona hətta elə gəlirdi ki, bütün əzaları, paltarı tarın sədasına qoşulub.

Hər dəfə "Segah"ın "həyatımızın bizə bəlli olan əbədi ahəngi" barədə danışdıqlarını bitab halda eşidərkən kiçik uşaq oturduğu yerdə karıxıb qalır, ürəyi bir anlıq donur, nə dinib-söylənə bilir, nə də yerindən tərpənməyə halı olurdu. Sonra bu "don" açılır, qəlbi həyəcanla döyünür, vəcdə gəlirdi. "Nə böyük yanğı varmış bu dəli "Segah"da!"

Həqiqətən də "Segah" dərdlər, yanğılar tablosu imiş!

Bu haqda mən oxumuşam, fikir şairi Bəxtiyar Vahabzadə (Onun ruhu şad olsun!) çox yaxşı bir qəzəl yazıb. Onun qəzəlindəki bu kəlamlar necə də düz imiş:

Nə deyir könlümü oymaqla, oyulmaqla "Segah"?

Gözə göz yaşları tək bir belə dolmaqla "Segah"?

Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdr.

Sən mənim göz yaşım ol, çağla "Segah", çağla "Segah".

Anamın öz südü tək sən halalımsan, halalım,

Nə deyirsən, məni məndən belə almaqla "Segah"?

Bizi dünyanın o dar çərçivəsindən çıxarır,

Dəli xallardakı hönkürtüyə dalmaqla "Segah".

Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od,

Qəlbə atəş çiləyir, hökm eləyir ağla "Segah".

Bəxtiyarın da könül telləri titrər beləcə,

Deyər ahəstəcə hey: "Ağla, "Segah", ağla "Segah".

Qibleyi-aləm, vallah bu elə bir çalğıdır ki, onu dinləyərkən dərdiməndlər şəfa tapırlar. Və tarın nisgilli, "şəfa"lı sədaları kiçik Ramizin ürəyində onun özünün də hələ dərk etmədiyi yanıqlı bir cığır açıb, yol salırdı. "Segah" muğamı kimi hələ heç bir muğam musiqidə Ramizə bu qədər təsir eləyə bilmirdi.

Bu muğam damla-damla qəlbinə axıb tökülür, qanına, iliyinə işləyir, can evində tar çalmaq "həvəsi alovlanır", musiqiyə hədsiz istək və tükənməz bir sevgi yaranırdı.

Allah (Şükür onun kərəminə!) tarın məhəbbətini onun ürəyinə salırdı (gənc tarzənin bəxt ulduzu da elə buradan bərq vurmağa başlamışdı!). Ondan sonra oğlanın həvəsi daha bu sözdən deyildi.

Ramizin bu cür cənnətməkanda eşitdiyi muğamlar və mahnılar - çox oynaq və axıcı melodiyaları, dərin təsirliliyi və qəlbə işləyən sözləri ilə diqqət cəlb edən musiqilər gələcək tarzənin ürəyində özünə isti bir yuva qururdu.

O uşaqlıqdan xalq musiqisinin gözəl və izahedilməz səciyyəvi cəhətlərini duyurdu. Xüsusən də ilk körpəlik təəssüratları ilə Ramizin hafizəsində nəqş olunan muğamlara qulaq kəsiləndə tamam başqa bir aləmə düşürdü.

Muğamlar görməyi və dinləməyi bacaran Ramizin hafizəsində güclü iz salır, ona qüvvətli təsir göstərirdi. Bu muğam və mahnılarda o, qəlbini çağlayan kədərsiz şənliyi və gizli acısı olmayan dalğınlığı daha canlı hiss edirdi...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

(ardı növbəti sayımızda)