adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Aprel 2019 17:44
14312
ƏDƏBİYYAT
A- A+

VARLIQ RƏMZİDİR

VARLIQ RƏMZİDİR

Doğma anamın dili, həmişə mənimlədi,

Bu dildə verilibdi anamın məhəbbəti.

Mən hələ beşikdəykən, hətta "lay-lay" şəklində

Bələd oldum bu dilin incəlik, ahənginə.

Bu dil canıma hopub, hafizəmə yazılıb,

Qeyrət, şücaət verib, məndə mənlik oyadıb.

Bu dil bütün millətin milli varlıq rəmzidir,

Hər vətən övladına güc, mənəviyyat verir.

Öz Ana dilimizə, gəl, çəpəki baxmayaq,

Dilimiz güclü dildir, onu sevək, qoruyaq.

Onun incəliyindən zövq alaq, qürurlanaq,

Dünyanın hər yerində doğma dildə danışaq.

Ana dilindən başqa digər dillər də bilək,

Zamanın tələbidir, çox dil bilib, fəxr edək.

Nə qədər dil bilsək də ana dili əsasdır,

Doğma dili dəyişən, öz kökündən ayrılır.

Ana dilini qoru, bu mənəvi borcundur,

Yaxşı qoruya bilsən, bil, sənin uğurundur.

Bu dildə neçə nəsil "lay-lay" deyib, dinləyib,

Ürəkləri fəth edən, nəğmələr səsləndirib.

Dil millətin ruhudur, o milləti yaşadır,

O, fikrin, təfəkkürün, ideyanın canıdır.

Dilini zənginləşdir, qüvvətini də artır,

Yadda saxla: gözəl dil, çox kəsərli silahdır.

Dili ərköyün edib, ona ciddi olmasan,

Başın bəlalar çəkər o dilin ucbatından.

Dilin şirin olarsa, dostların sayı artar,

Əgər dil acıdırsa, oddan betər yandırar.

ƏVƏZ VERİR

Torpağı hər kəs gərək daim sevsin ürəkdən,

Nemətlər verməyəcək o nəvaziş görmədən.

Torpaq ki, çox həssasdır, borclu qalmaq istəmir-

Kim torpağı sevirsə, birə on əvəz verir.

İnsanın səadəti o zəngin torpaqdadır,

Torpağı əzizləyin, sərvətin anasıdır.

Maddi nemətlər yoxsa insan yaşaya bilməz,

Torpaq becərilirsə, varını əsirgəməz.

Torpaq insanlar üçün, biləsiniz, çox şeydir,

Yalnız nemət verməklə torpaq kifayətlənmir.

Torpaq yoldur, meşədir, dağdır, hə

m göy çəməndir,

Gözəl kəndlər, şəhərlər, el-oba, həm Vətəndir.

Torpaqdır səbəbkarı neçə-neçə savaşın,

Çox yurdlar dağılaraq, viranətək qalmağın,

Uşaqlar, qocaları günahsız ağlatmağın-

Yüz minlərlə insanı həyatdan ayırmağın.

Torpaq Vətəndir,- deyə, ona səcdə edilir,

Vətəni olmayanlar görün bir nə gündədir?!

Torpaq hər bir insanın ən müqəddəs yeridir,

Vətəni olan kəslər dünya bəxtəvəridir.

ONA BORCLUDUR

Əməyi həmişə sev, əməyinlə öyün sən,

Əməklə qazanılır yaxşı günlər, biləsən.

Xoşbəxtliyə əsasdır əmək bizim həyatda,

Xoşbəxtlik göydən düşmür, əməkdir ona ata.

Həyatda yaxşı nə var - könülləri oxşayar,

Əməklə yaranırlar, onunla bağlıdılar.

İnsan əməklə birdir, onlar ayrılmazdılar,

Əgər onlar ayrılsa, təklikdə yaşamazlar.

Əməyini sərf elə ən müqəddəs işlərə,

Nəsə tik, yaşat, yarat, örnək ol nəsillərə.

Əməyi sərf etmədən sərvət axtarmayasan,

Tər əməyin göz yaşı, sərvətçün axıdasan.

Kimlər əməyi sevib, ömür boyu çalışıb,

Özləri olmasa da, yaxşı adları qalıb.

Kimin ki, ürəyində arzusu, muradı var,

O, halal əməyilə öz muradına çatar.

İnsan, insan olmazdı, əməyi sevməsəydi,

Əməklə təkmilləşib, bu qədər yüksəlməzdi.

Əmək hər bir insanın qüdrəti, sevincidi,

İnsanlardan hər biri əmək nəticəsidi.

Kim əməyi sevməsə, ehtiyacda qalacaq,

Bir tikə çörəyə də o həsrətlə baxacaq.

Təmtəraqlı dünyadan o, ləzzət almayacaq,

Vaxtından əvvəl köçüb, tez yaddaşdan çıxacaq.

Əməyin qədrini bil, hamı ona borcludur,

Kimlər əməyi sevir, həyatı zəngin olur.

Həyatda əziyyətsiz heç bir rahatlıq yoxdur-

Əmək olmayan yerdə həyatın özü puçdur.