adalet.az header logo
  • Bakı 14°C
04 Aprel 2019 17:53
16870
SİYASƏT
A- A+

Novruz Məmmədov rusiyalı nazirlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Adalet.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirərək deyib: "Bir-birinin marağına hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələri əhatə edir. Əminəm ki, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək”.

Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini vurğulayaraq bu tədbirin, həmçinin sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycanda qeyri-neft sənayesi sahələrinin davamlı inkişafına, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərildiyini bildirən Baş nazir ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Pirallahı Sənaye Parkı barədə ətraflı məlumat verib.

Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edən rusiyalı nazir aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. Denis Manturov bildirib ki, ölkələrimiz arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır. Söhbət zamanı neft-kimya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.