adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Aprel 2019 17:07
8740
MƏMLƏKƏT
A- A+

Aprel döyüşü şanlı tarixdir – Rektor

Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib.

Tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Aprel döyüşlərinin xalqımızın, ölkə rəhbərliyinin, Ali Baş Komandanın şücaəti, cəsarəti, dünyaya Azərbaycanı ləyaqətlə tanıtması nöqteyi-nəzərindən son dərəcə ibrətamiz tarix olduğunu bildirib:

"Biz tarixin bu hissəsini ömür boyu yaşatmalıyıq. Sabah bizim böyük qələbələrimiz olacaq. Sabah Aprel döyüşlərindən həcmcə böyük uğurlar bizi gözləyir. Aprel dönüş, qayıdış oldu. Aprel Cocuq Mərcanlı, Talış yüksəklikləri, Lələtəpə oldu.

Mən Talış yüksəkliyində də olmuşam, Cocuq Mərcanlıda da olmuşam. Əsgərlərimizlə, zabitlərimizlə görüşdük. Əsgərlərimiz çox mülayim, eyni zamanda mərd idilər. Bir şeyi hiss etdim ki, bu gün həmin azad edilmiş torpaqlar etibarlı əllərdədir. Layiqli sinələr qoruyur bu gün Azərbaycanı. O yüksəkliyə çıxdıq, gördük ki, müharibə şəraiti üçün o yüksəkliyi əldə etmək asan məsələ deyil. O yüksəkliklərin əldə edilməsi strateji nöqteyi-nəzərdən son dərəcə vacib məqam idi”.

Universitet rəhbəri tələbələrin bir sıra regionlarda yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb:

"Cocuq Mərcanlı Azərbaycanın gözəl yaşayış məntəqəsinə çevrilib. Bu gün Cocuq Mərcanlıda bizim Dillər Universitetinin tələbələri artıq neçə aydır ki, pedaqoji təcrübə keçir. Tələbələr Bakı məktəblərində təcrübə keçməkdənsə, Bərdə, Biləsuvar, Mingəçevir və digər rayonlardakı məcburi köçkün məktəblərində təcrübə keçməyə üstünlük verirlər. Hətta Cocuq Mərcanlı məktəbinin direktorunun xahişi ilə biz təcrübə müddətini də artırırıq”

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşünün əks olunduğu videoçarx nümayiş olunub.