adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Aprel 2019 16:50
14507
ƏDƏBİYYAT
A- A+

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA

Ömür saf çeşmələrin sularından yaranan dağ çayı kimi sürətlə axıb keçir. Nə yaxşı ki, adam özü bunu hiss etmir. Bir də xəbər tutursan ki, saç-saqqalın ağarıb, elin ağsaqqalı, baba olmusan, nəvələrin imtahanına çəkilmisən. Əslində iş heç də yaşda deyil, əsas məsələ insanın yasadığı müddət ərzində nəyə nail olmağında, qazandığı uğurlardadır. Xoşbəxt o kəsdir ki, ömrünü ailəsi, eli, xalqı,vətəni yolunda şam kimi əridərək, mənalı xidmət etməkdən qürur duyur. Bizim aramızda belə insanlar az deyil. Sizə onlardan biri - 80 illik ömür yolu keçmiş Sabir Ramazan oğlu Ramazanov haqqında söz açmaq istəyirik.

S.Ramazanov 1939-cu ildə Lənkəranda ziyalı ailəsində dünyaya göz açıb. Şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra 1954-cü ildə Subtropik Bitkilər Texnikumuna qəbul olunub. 1958-ci ildə buranı fərqlənmə diplomu ilə başa vuraraq "kiçik aqronom” ixtisasına yiyələnib.

1958-59-cu illərdə S.Ramazanov həqiqi hərbi qulluq keçib. Tərxis olunduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna imtahan verərək qəbul olunub. 1964-cü ildə bu ali təhsil ocağını "alim-aqronom” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Tərəvzçilik İnstitutunun Lənkəran Zona Təcrübə Stansiyasında elmi işçi kimi başlayan S.Ramazanov daha sonra rayonun Kirov adına çayçılıq sovxosunda şöbə müdiri vəzifəsində çalışıb. Həmin müddətdə o, AzKTİ-da rəhbər kadrları hazırlıq kursunu bitirib. 1967-70-ci illərdə AzETB və SB İnstitutunun aspiranturasında əyani təhsil alaraq kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

S.Ramazanov 1970-75-ci illərdə AzETB və SB İnstitutunun Lənkəran Çay Filialında elmi işçi, 1975-80-ci illərdə Lənkəran Aqrar-Sənaye Birliyində aparıcı aqronom, 1980-83-cü illərdə Lənkəran Çayçılıq üzrə Aqrar-Sənaye Birliyində kənd təsərrüfatı idarəsinin müdiri, 1983-85-ci illərdə Lənkəranın Ş.Axundov adına Havzava çayçılıq sovxozunun direktoru vəzifəsində çalışıb.

1985-ci ildə Sabir müəllimin səriştəsini nəzərə alaraq onu AzETB və SB İnstitutunun Lənkəran Çay Filialının direktoru vəzifəsinə irəli çəkiblər. 1990-cı ildə isə o, Lənkəran Rayon Aqrar-Sənaye Birliyinin rəis müavini vəzifəsinə təyin olunub. Əmək adamları ilə birbaşa ünsiyyətdə olmaq, öz zəngin təcrübəsini birbaşa təsərrüfatda sınaqdan keçirmək məqsədilə S.Ramazanov 1990-cı ildə rayonun "Zövlə” çayçılıq sovxozunun direktoru vəzifəsində çalışmağa başlayıb. 1995-ci ilə kimi Zövlədə işlədiyi müddətdə onun rəhbərlik etdiyi təsərrüfat qazandığı əmək göstəricilərinə görə rayonda öncül yerlərdən birini tutub. Aqrar islahatlardan sonra rayonun digər təsərrüfatları ilə yanaşı "Zövlə” çayçılıq sovxozunun fəaliyyətinə də xitam verilib. S.Ramazanov həmin müddətdən Lənkəran Çay Filialında əvvəlcə direktor, hazırda isə laboratoriya müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

Sabir müəllimin işi təkcə çay filialı ilə məhdudlaşmayıb. O, 2003-2012-ci illər ərzində həmçinin Masallı Regional Məsləhət Mərkəzində özəl məsləhətçi kimi də çalışmaqla bölgənin kəndli-fermer təsərrüfatlarından elmi-praktiki məsləhətlərini əsirgəməyib. O, bu müddətdə 8 nominasiya üzrə sertifikat almaqla yanaşı, müxtəlif sahəlif üzrə 8 buklet hazırlayıb. S.Ramazanov təcrübələrini zənginləşdirərək respublikamızda çay bitkisinin budanma üsulları texnologiyasının yeni elmi əsaslarla tətbiqinə nail olub.

Sabir müəllim dəfələrlə bir sıra elmi simpoziumların və konfransların iştirakçısı olub, bu nüfuzlu tədbirlərdə maraqlı və məzmunlu məruzələrlə çıxış edib. Alim-aqronom kimi isə o, çayçılığın regionda inkişafı istiqamətində fermerlərə hər hansı məsləhət vermək işindən də qalmır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çayçılığın inkişafı ilə bağlı geniş müzakirələrin aparılmasından məmnun qalan Sabir müəllim bu sahənin gələcək perspektivlərinə böyük ümid bəsləyir. Deyir ki, dövlət başçısının tapşırıq və tövsiyələrinin uğurlu icrası əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafına münbit şərait yaratmaqla, ölkədə ərzaq bolluğuna səbəb olacaq.

Prinsipial, məsuliyyətli, zəhmətkeş ziyalı kimi tanınan Sabir müəllimin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, "Əmək rəşadətinə görə” medalına, fəxri fərmanlara, habelə müxtəlif mükafatlara layiq görülüb.

"Çay bitkisinin becərilməsinin intensiv texnologiyası və emalı” dərs kitabının müəllifi olan S.Ramazanov 2006-2010-cu illər ərzində Lənkəran Dövlət Universitetində pedaqoji sahədə fəaliyyət göstərib. Yaxın zamanlarda isə o, "Çayçılıq üzrə modul” dərs kitabını başa çatdırıb. Bu vəsait peşə təhsili məktəblərinin yetirmələrinə böyük fayda gətirəcək.

Üç övlad, 5 nəvə və 2 nəticə sahibi olan S.Ramazanov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sonda şərəfli əmək yolu keçən, ömrünün müdriklik çağını yaşayan, nəcib ziyalı, sədaqətli dost, gözəl ailə başçısı olan Sabir müəllimə cansağlığı və həyatda yeni uğurlar arzulayırıq.

Barat KƏRİMOV,

Ağaddin BABAYEV,

"Lənkəran” qəzetinin müxbirləri