adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Aprel 2019 16:38
18291
ƏDƏBİYYAT
A- A+

ETNOQRAFİK BİLGİLƏRLƏ ZƏNGİN KİTAB

Bu günlərdə Rüfət Hüseynlinin "Xınna dərəsində Keşişkənd-Qoşabulaq elləri” adlı kitabı işıq üzü görmüşdür. Şair, filologiya elmləri doktoru İslam Sadıq kitaba "Bir dərənin adı, bir elin ünvanı” adlı maraqlı ön söz yazmışdır. İslam Sadıq Tovuz, Şəmkir və Gədəbəy rayonlarının ərazisinə düşən Xınna dərəsinin adının hunlarla bağlılığını açıqlamış, onun tarixinə nəzər salmış, Dondar Quşçu, Dondarlı kənd adlarının, Dondardağ və Bala Dondar toponimlərinin, Dondarlı nəslinin və Dondar qəbristanlığının "Dədə Qorqud”dakı Dəli Dondarın adını daşıdığını, bu yerlərdə türklərin ən azı 5-6 min il bundan öncə yaşadıqlarını söyləmişdir. İslam Sadıq Xınna dərəsinin Koroğlu yurdu olduğunu xatırlatmağı da unutmamışdır. Onun fikrincə kitabda haqqında danışılan Qoşabulaq elə Koroğlunun Qoşabulağıdır.

Kitab dünyasını vaxtsız dəyişmiş şair Məşədi İsmayılın "Qoşabulağım” şeiri ilə açılır. Sonra bu bölgənin bəyi olmuş Allahyar bəy Zülqədərov haqqında tarixi qaynaqlara söykənən və hazırda çoxlarının bilmədiyi bilgilərə geniş yer ayrılmışdır.

Kitab həm bölgənin tarixi, həm də maddi və mənəvi mədəniyyətiylə bağlı bilgilərlə zənginliyinə böyük maraq doğurur. Texnika elmləri namizədi Bəxtiyar Məmmədovun Xınna dərəsinin toy və yas mərasimləri haqqında toplayıb kitaba daxil etdiyi bilgilər və onların incəliklərinə qədər açıqlanması sözsüz ki, etnoqrafların marağına səbəb olacaq.

Kitabda bölgənin tanınmış saz-söz sənətkarları, elm, mədəniyyət və incəsənət adamları, təhsili, səhiyyəsi, təsərrüfat həyatı, burada yaşayan nəsillər haqqında da dolğun və dəyərli bilgilər toplanmışdır. Bunlar bölgənin tarixini öyrənmək baxımından çox dəyərli bilgilərdir.

"Xınna dərəsində Keşişkənd-Qoşabulaq elləri” kitabı Bəxtiyar Məmmədovun təşəbbüsü ilə yazılmış və birbaşa onun qayğısı sayəsində işıq üzü görmüşdür.

Bu yazını İslam Sadığın kitabın dəyəri haqqında söylədiyi fikirlərlə bitirmək istəyirəm. O yazır: "Bu kitabın həqiqi dəyəri indi yox, əlli ildən, yüz ildən, min ildən sonra bilinəcək. O tarixin bugünkü səhifələrini nəsildən-nəslə ötürə-ötürə min illərlə yaşadacaq və bir zaman keçəndən sonra dəyərli tarixi qaynağa çevriləcək”.

Pərinaz SADIQLI

Tarix üzrə fəlsəfə doktoru,

Bakı Avrasiya Universitetinin müəllimi