MüQƏVVA YANDIRANLARA MüQƏVVASI YANDIRILANLARIN CAVABI

AQİL ABBAS
29301 | 2009-09-15 03:31
Qəzetlərdə oxudum ki, Qarabağ Azadlıq Təşkilatı gənclər və idman naziri Azad Rəhimovun və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun müqəvvasını yandırıblar. Səbəb hər iki nazirin cüdo yarışları üzrə İrəvanda keçiriləcək Avropa Çempionatı ilə əlaqədar bu şəhərə səfər etmələridir.
   
   Əvvəla onu qeyd edim ki, bu səfərə QAT-ın reaksiya verməsi ilə bağlı Azad Rəhimov mətbuata açıqlamasında səmimiyyətlə söyləmişdi ki, QAT-ın reaksiyasını normal qarşılayır və onları öz fikirlərində haqsız bulmur. Amma məsələnin başqa tərəfi var.
   
   Hamımız bilirik ki, ermənilər və ermənilərin cijiləri olan Avropa dövlətləri ən kiçik bir detalda Azərbaycanın əleyhinə böyük bir kampaniyaya başlayırlar. Yəni cüdoçularımız bu yarışa getməsəydi, Azərbaycanı böyük cəzalar və yüksək cərimələr gözləyirdi. Hətta Azərbaycanı gələcək yarışlara buraxmaya da bilərdilər. Yəni bu yarışa getməməklə düşmənin və düşmənin cijilərinin əlinə böyük dəstəvuz vermiş olardılar.
   
   Bəli, nazirlərin müqəvvalarını yandırdılar. Srağagün "Yeni Müsavat"dan mənə telefon açdılar ki, siz bu məsələyə necə baxırsınız və kimin müqəvvasını yandırardınız? Mən də cavabında bildirdim ki, mən buna çox mənasız bir iş kimi baxıram və özüm də belə mənasız işlərlə məşğul olmaram. ABŞ gəlib İraq torpaqlarında turp əkir, hansı iraqlısa da çıxıb Buşun müqəvvasını yandırır.
   
   Gələk mətləbə. Yarışlara beş idmançı ilə qatılmışdıq və bu beş idmançımızın hamısı İrəvanda Azərbaycan bayrağını qaldırdı, Elmar Qasımov isə həm Azərbaycan bayrağını qaldırdı, həm himnimizi çaldırdı və hamını ayağa qalxmağa məcbur elədi.
   
   İrəvanda Azərbaycan bayrağı dalğalandı. Milli Ordunun əsgərlərinin görəcəyi işi hələ ki idmançılarımız yapdı.
   
   Qısası. Müqəvva yandıranlara müqəvvası yandırılanlar beş medalla və yuxarıda söylədiklərimlə cavab verdilər.
   
   Müqəvvası yandırılanlardan biri Füzuli Ələkbərov kimdir? "İmprotex" şirkətinin keçmiş prezidenti və hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Qarabağ savaşı zamanı könüllü əsgərlərimizə, Ordumuza nələr yardım edib? Hansı döyüş bölgələrində olub və nə xidmətlər göstərib? Atası Həsən müəllim, qardaşları Nizami Ələkbərov və Elşad Ələkbərov son tikələrini Ağdamda, Tərtərdə əsgərlərlə necə bölüb? Şair Zakir Fəxri qardaşı Kamil qəhrəmancasına şəhid olanda Füzuli Ələkbərovla hansı döyüş bölgəsində idi?
   
   Rayona seçicilərimlə görüşə tələsdiyimə görə yazını burda kəsmək məcburiyyətində qaldım. İnşallah, dönəndən sonra bəzi mətləbləri dostlar üçün açıqlayacam.
   
   Yəni müqəvvası yandırılan oğlanın kim olduğunu qoy yaxşı bilsinlər.

TƏQVİM / ARXİV