adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2019 17:52
23801
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN

ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


Şəhrizad bacısının və şahın böyük maraqla ona diqqət kəsildiyini görüb coşqun bir həvəslə sözünə davam etdi:

- Böyük Allaha, daha yaxşı məlumdur, Ramiz Quliyevin atası Əyyub ağanın (Allah ona rəhmət eləsin!) soy kökü nüfuzlu din xadimi İmam Museyi - Kazımın (Ə.) nəslinə bağlanan seyid Baba ağa olub.

Seyid Baba ağa (Ona salavat və rəhmət olsun!) bütün ömrü boyu xalq arasında öz sanbalı, ağır oturuşu-duruşu ilə həmişə seçilmiş, hörmətli kişilərdən biri sayılıb.

Bu xoşsifət, pirani və nurani ağa Quranın şərhini, həm də şəriət və islamın əsaslarını çox yaxşı bildiyinə görə din xadimlərinin mənəvi rəhbəri kimi el-obada böyük izzət sahibinə çevrilib. O, qapısıaçıqlığı və mehmannəvazlığı ilə cümlə məxluqat içərisində ad çıxarıb.

Ağa zəmanəsinin xoşbəxt, comərd insanlarından biri olub və özü də çox pak bir ömür sürüb. Minbərdə danışarkən cammatı öz halal zəhmətilə dolanmağa, nainsaf, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırıb.

Adamlar da hamılıqla onu özlərinə pənahgah bilib, xətrini dünyalarca istəyib, yanına məsləhətə gəlib, çətinliklərini, sirlərini açıb ona deyiblər və həmişə dua eləyiblər ki, ömrü uzun olsun, çünki insaf-mürüvət sahibi, yaxşılıq mücəssəməsi sayılan bu ağır urvatlı kişi, heç zaman kin-küdurət nə olduğunu bilməyib.

Onun 1897-ci ildə Bərdə şəhərinin Dəymədağlı kəndində dünyaya gəlmiş oğlu seyid Əsəd ağa (Onun ruhu şad olsun!) Ramizin atası Əyyub ağanın dayısı idi. Biləsiniz ki, Seyid Əsəd ağanın övladları, nəvələri, nəticələri və kötücələri bu gün də həmin ocağın ləyaqətli varisləridirlər.

Ramiz məhz belə bir müqəddəs ocağın ən kamil yetişdirməsindən biri sayılırdı. Digər tərəfdən də onun doğulub boya-başa çatdığı, səfalı yurd yerlərindən və mədəniyyət mərkəzlərindən olan, min bərəkətli, dili-dodağı nəğməli, cənnət Qarabağ torpağı! "Dünyanın ən böyük səs muzeyi", nəhəng musiqi salonu, muğam ocağı Qarabağ! Azərbaycanın ürəyinin başı - Qarabağ!

Elə ki, bu torpağa qədəm basırsan, yeri-göyü dinləyə-dinləyə gedirsən, sənə elə gəlir ki, nəhəng bir musiqi salonuna daxil olursan.

Bu barədə istedadlı söz sərrafı şair Səyavuş Sərxanlı (Onun ruhu şad olsun!) çox gözəl yazıb:

"Düz-dünya oxuyur burda! Torağaylı zəmilər, şəkərli-şərbətli üzümlüklər, qırqovullu meşələr, kəklikli sıra dağlar oxuyur. Yerdə ağaclar, göydə quşlar oxuyur. Çaylar - simfoniyalar, qayalar - neylər, bulaqlar dumduru zəngulələr, aylı gecələr - zilə şəkilən bayatılardır, şərqilərdi burda..."

Elə istedadlı şair Rasim Kərimli (Onun ruhu şad olsun!) də bu barədə gözəl söyləyib. Şəhrizad avazla bu şeri oxudu:


Nə üçün adına qara deyirlər?

Üzün ki, hər yanda ağdı, Qarabag.

Cənnət də, behişt də bir əfsanədir,

Özgə bir baxçadı, bağdı Qarabag.


Gül açıb arzusu eşqin, zəhmətin,

Min başda tacı var burda şöhrətin.

Bir şah əsəridir o, təbiətin,

Arandı Qarabağ, dağdı Qarabag.


"Segah" xəyallıdı, "Şur" həvəslidi,

"Qatar" qanadlıdı, "Rast" nəfəslidi.

Üzeyir bəstəli, Bülbül səslidi,

Muğamat Xanının taxtı Qarabağ.


Cavanşir qılınclı, nər biləklidi,

Nüşabə kamallı, şir ürəklidi.

Natəvan qəzəlli, xoş diləklidi,

Mahallar içində mahdı Qarabag.


Qeyrət ocağıdır əzəl yaşından,

Bir aslan boy atır hər qarşışından.

Seyr etdim hüsnünü dağlar başından,

Min qollu-budaqlı tağdı Qarabag.

Azərbaycanın musiqi konservatoriyası Qarabağın əzəmətli toy sarayı hesab edilən Ağdam - Ramizin anadan olduğu bu şəhər isə, sanki o dünyada vəd olunan behiştin özüdür! Ömür sürməyə bu torpaqdan yaxşı, buradan bolnemətli yer mən hələ indiyənəcən eşitməmişəm.

Qayğısız uşaqlıq çağları və hamının yüksək dərəcədə hörmət etdiyi qocalığı ardınca gətirən əməksevən gənclik illəri bu şəhərdə necə də gözəl bir səadətlə keçib gedir!

Bərəkətli geniş çöllər, səxavətlə mükafatlandırılmış zəhmətin işıqlı sevinci, ailə dairəsində keçirilən istirahətin şirin zövqü insanın ürəyini necə də xoş hisslərlə nəşələndirir!

Allah-təala möcüzə yaratdığı bu diyara heç nəyini əsirgəməyib ürəyinin istəyindən də çox verib: bal kimi şirin səs, şəkər və qaymaq qarışıq danışıq dili və məcun, loğman hava. Füsunkar yaraşığa malik imarətləri olan və tamam yaşıllığa bürünmüş Ağdam ancaq bağ-bağatın qoynunda nəfəs alır.

Şəhərin insanları ağılda, elmdə çox mahirdir, onları sözlə söyləmək çətindir. Bu yerlərin dağları, dəniz kimi geniş və mavi dərələri, yerin sinəsindən çağlayıb çıxan göy bulaqları ilə bu adamların saf, sadə təbiətləri arasında xoş, mehriban ahəngdarlıq duyulur. Onların qəlbi təbiətin ecazkar gözəllikləri ilə dopdoludur.

Yurdun sakinləri ən qonaqpərəst adamlar adı ilə məşhurdurlar. Bu da səbəbsiz deyil, çünki onlar qonağı elə bir səmimiyyət və səxavətlə qəbul edirlər ki, çox vaxt bu israfçılığa gətirib çıxarır. Süfrələrinin bəzəyi də həmişə bişirdikləri kəklikli - turaclı - qırqovullu plov olur (Qarabağlıların da ki, kəklikli - turaclı - qırqovullu plovuna tay nə söz!). Xülasə, bu torpağın övladlarının işgüzarlığı, qonaqsevərliyi, comərdliyi, qəhrəmanlığı da heç bir söhbətə, yazıya sığan deyil.

Bu məqamda bir cəhəti də vurğulayım: azərbaycanlılarda yumora güclü meyl var. Bir-birlərinin söhbətlərinə xoşu olan ağdamlılarda isə bu meyl xüsusilə daha güclüdür. Bu insanlar məclislərinin heç birini də gülüşsüz və zarafatsız keçirməzlər. Onların cahıl-cuhullarının dilxoşluğa həvəsi bu sözdən deyil.

Gözəllikdə, qəşənglikdə misli-bərabəri olmayan imarətlər şəhəri Ağdam buludların piyaləsindən doyunca su içdiyinə görə yamacları yamyaşıl, düzənlikləri çəmənzardır.

Bu yerlərdəki baharın dünyada misli yoxdur. Gül-çiçəklə dolu ot dizə qalxır. Ağaclar çiçəkləyir... Çaylar daşır... Və burada ən gözəl bahar xörəyi - təzə göyərib qalxmış yabanı şomudan, quzuqulağından, gicitikəndən bişirilmiş kükü sayılır.

Şəhər bahar libası geyinəndə əsl gülüstanı xatırladır. Təbiətin belə çağlarında gümrah bağlarda meyvələrinin ağırlığından budaqları az qala yerə dəyən ağaclara qonmuş quşlar cəh-cəh vurur, bülbüllərin, qumruların səsi hər tərəfi başına alır, ağaclarda ürəyin istəyən qədər dəymiş meyvə olur, gözəllərin al yanaqlarına xəcalət verən qıpqırmızı qızılgüllərin, alov kimi şəfəq saçan bənövşələrin, qara gözləri ilə həmin qızılgülləri seyr eləyən nərgiz çiçəklərinin müşkü-ənbər ətri adamı min bir xəyala daldırır.

Bu bağ-bağatlarda axan şırşır bulaqların qəndab təki suları Səlsəbil (müsəlmanların rəvayətinə görə cənnət bulağıdır) kimi dadlıdır. Hələ desən nəğmə oxuyan quşların səsi! Musiqi alətlərinin səsindən də həzin olan bu səslər sanki dil açıb danışır, gözəllik eşqindən divanə olanları ovsundurur.

Səhərdən axşamadək şəhərin müxtəlif yerlərindən mahnı və musiqi sədaları eşidilir. Bu mahnılar duyğularının açıqlığı, yumşaq lirikası, daha aydın və hissiyyatlı koloriti ilə fərqlənir.

Bu şəhər başdan-başa muğam ocağıdır və onun "çınqılları" Azərbaycandan çox-çox uzaqlarda məclislər isindirib, könüllər həyəcana gətirir. Ağdam musiqi bahadırlarının beşiyi və "cəngi" meydanı sayılır.

Sözümün davamı olaraq əlavə edim ki, bütün günü - səhərdən axşamadək elə bir ev olmaz ki, oradan musiqi alətlərinin - tarın, kamançanın, qabalın, pianinonun nəvazişli, oynaq, səmimi melodiyaları eşidilməsin, kimlərinsə sərbəst, yüngül, cingiltili, şaqraq və valehedici zəngulələri, Təsnim (müsəlman əfsanəsinə görə cənnət bulağıdır) sularından şirin, incə, qüdrətli, gözəl, səslə, coşqunluqla, yüksək təsirlə, demək olar ki, vəcdlə ürəkdən oxuduğu mahnılar, şikəstələr, muğamlar Şuşanın məşhur Zarıslı qaymağı və ya Kəlbəcərin Sarı yer yaylağının kəhrəba balı kimi eşidənlərin çanına yayılmasın.

Onlara qulaq asdıqca, deyirsən bəs səslər dünyanın o tayından, yəni bizə məlum olmayan ayrı bir aləmindən gəlir. Özü də nə qədər möhkəm adam olsa belə, bu səslər onun ürəyini yumşaldıb muma döndərər.

Dahilər dahisi Üzeyir Hacıbəyli (Onun ruhu şad olsun!) nahaq yerə, havayı söyləməyib ki, Qarabağda hər evdən bir Məcnun çıxarmaq olar.

Mən oxumuşam ki, Allah vergisi olan yüksək fikirlər sahibi şair Şahmar Əkbərzadə (Onun ruhu şad olsun!) bu səltənət barədə gözəl bir şer yazıb. "Allahın qüdrəti qarşısında hər şey acizdir!" söyləyən Şəhrizad həmən şeri oxdu:


Yastı təpələrin, zümrüd düzlərin,

Arxamda dayanan uca dağımdır.

Sənin torpağını diz çöküb öpmək,

Mənim vüqarımdır, ucalmağımdır...


Muğam ocağıdır Ağdamım mənim,

Səslər bu məkanda sanki bal dadır.

Şerlər pərisi Xurşudbanunun,

Müqəddəs türbəsi, ruhu burdadır.


Qarabağ, ana yurd, beşiyim mənim,

Qartal xəyallarım göyündə süzər.

Sənə ürəyimin paytaxtı desəm,

Nə Təbriz inciyər, nə Bakı küsər...

Bəli, Allahın böyük qüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin gündüzləri minbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngiz melodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

Sonra onlar yatdılar, padşah səhər gedib ədalət taxtında əyləşdi, qoşun, vəzir-vüzəra gəldilər, divan adamla doldu. Padşah gün batanacan divan işlərinə baxdı, kimini qulluqdan çıxartdı, kimini qulluğa götürdü, qadağalar qoydu, əmrlər verdi. Sonra divan dağıldı, Şəhriyar şah da gəlib öz otağına - Şəhrizad xanımın yanına girdi və gecə düşənədək vəzirin qızı ilə məhəbbətli saatlar keçirdi.

(ardı növbəti sayımızda)