adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Aprel 2019 17:50
51742
LAYİHƏ
A- A+

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

VII əsrin sonlarından başlayaraq XIII-XIV, hətta, bəzi yerlərdə XV əsrə qədər davam edən və bir sıra hallarda fərqli coğrafiyalarda indi də davam etməkdə olan islamlaşma prosesi türk-müsəlman ədəbiyyatında din və təkkə, divan və xalq ədəbiyyatı (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. s.218.) şəklində təzahür etmişdir.

Hələ X-XI əsrlərdə Əbu Reyhan Biruni ( 973 -1048) və Abdulkərim Kuşeyri ( 986 - 1072,) araşdırmalarında "təsəvvüf" sözünün ərəbcə "saf" və ya "suffə", yaxud da "yun" anlamına gələn "sofi" və ya "sufi" sözlərinin cəm şəkli olan "sofiya", yaxud "sufiyə" sözlərindən törədiyini deyil, yunan mənşəli "feylesof" ("hikmətsevər", "bilgin") sözündəki "sof", "sofos" və ya "sofiya" tərkibindən gəldiyini (Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, "Nurlan", 2007. Səh. 9., Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997.s.236.) ) göstərmişlər.

Sufi ədəbiyyatı təkcə islami görüşlərlə izah etmək çox vaxt səhv nəticələrə gətirib çıxardığından Həllac Hüseyn ibn Mənsur (858-922), Fəzlullah Nəimi (1339-1394), İmadəddin Nəsimi (1369-1417) kimi dühaların dərilərinin soyulmalarına və edamına hökm verilmişdir. "İşraqilik" ("Aydınlaşma") təliminin banisi Şihabəddin Yəhya Sührəverdi (1154-1191) isə yunanlardan, hindlilərdən, məcusilərdən bəhrələnməkdə (Bax. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Səh.73.) təqsirləndirilmişdir. Əgər islami görüşlər baxımından verilən bu hökmlər doğru olsaydı, müsəlman aləmi edama və günahlandırılmağa məruz qalan sufilərin məzarlarını ziyarətgaha çevirməzdilər -V.As. Sufi ədəbiyyatda Tanrıçılıq, Şamanlıq, Bütpərəstlik, Atəşpərəstlik, Zərdüştilik, Buddaçılıq, Musəvilik, İsəvilik, Manilik, Konfusiçilik elementləri olduğundan onu Yer kürəsini əhatə edən və etməkdə olan biliklər, təsəvvürlər, miflər, rəmzlər, inanclar, tapınaqlar sistemində axtarmaq, incələmək və şərh etmək lazımdır-V.As. Çünki sufi ədəbiyyatda ilkinliklə müşayiət edilən təkamül əqli və hissi idrakın sinkretizmi şəklində özünü göstərir-V.As. O, Yaradana və yaradılanlara mümkün olan bütün görmə bucaqlarından baxışdır-V.As. Dini - dünyəvi bilikləri və təsəvvürləri içinə alan təsəvvüf özünəməxsus düşüncə tərzidir-irfan və ürfan yoludur. Orada tez-tez rast gəlinən "eşq", "sevgili", "dost", "şərab", "məclis", "sərxoş" və s. sözlər rəmzi məna daşıyır və Allaha ünvanlanır.

Müsəlman aləmində VIII əsrdə yaşamış və ilk dəfə "sufi" deyə çağırılmış şəxs Əbu Haşim Kufəi olsa da, onun müasiri Əbu İshaq Bəlxi sufiyanə həyat tərzi keçirərək hakimliyindən və var-dövlətindən imtina etsə də (Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Səh. 28. Bakı, "Nafta Pres", 2006.), ilk sufilərdən biri sayılan Rəbiə əl-Ədaviyə (713/718-801) adlı bir qadın "Mən mövcudluğumdan çıxdım, öz-özümün içindən çıxdım, Allahla birləşdim, bütünlüklə onun oldum" (Bax. Y.E.Bertels. Sufizm i sufiyskaya literatura. S.18. Moskva, "Nauka", 1963.) deyə özünü, "Allahım, əgər mən səni cəhənnəm qorxusuna görə sevirəmsə, məni onda yax. Əgər səni cənnət arzusu ilə sevirəmsə, məni ondan məhrum et. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadət edirəmsə, o görüşü məndən əsirgəmə" (Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, "Nurlan", 2007. Səh. 6-7.) deyə yaşamının mənasını ifadə etsə də, ərəb aləmində Zünnun Əl- Misri (?-854), Əbu Abdullah əl-Mühasib (IX əsr ), Bəyazid Bistami (?-874) , Həllac Hüseyn ibn Mənsur (858-922), Cüneyd Bağdadi (820-910) və başqaları sufi təlimin banisi hesab edilsələr də (Bax. ASE, IX c. S.91. Bakı,1986.), türk aləmində islam dininin Qaraxanilər (840-1212) dövründə 932-ci ildə dövlət səviyyəsində qəbul edilməsindən sonra sürətlə inkişaf etməyə və yayılmağa başlayan türk-islam sufizmi təsəvvüf ədəbiyyatını və fəlsəfəsini daha da zənginləşdirdi.

Inancın və etiqadın islam qatında yeni bir inkişaf mərhələsinə daxil olan türk sufizmi dünya ədəbi-bədii-fəlsəfi təfəkkür tərzinə təsir göstərən ədəbiyyata çevrildi. Türkün "Tanrı" sözü və anlayışı ilə ərəbin "Allah" sözü və anlayışının müəyyən mənada üst-üstə düşməsi bu prosesə daim təkan verdi. Mürşid - mürid münasibətlərinə əsaslanan sufizmin fəlsəfi əsası canlı və cansız aləmdə Allahın təzahürünü görə bilmək (panteizm) olduğundan Nəqşbəndilik, "İşraqilik", Bəktaşilk, Mövləvilik, Xəlvətilik, Hürufilik və sair kimi sufi təriqətlər meydana gəldi və türk mütəsəvviflərin adı ilə bağlandı. Onlar dünyanı bir dinə gətirmək istiqamətində eninə, uzununa və dərininə inkişaf etməkdə olan sufizmə böyük töhfələr verdilər. Prof. Dr. Gülşən Əliyeva - Kəngərli demişkən: "... erkən sufilərdən gələn "kamil insan" konsepsiyası sufizmdə "ilahi insan" həddinə - son həddə qədər (Bax. Prof. Dr. Gülşən Əliyeva - Kəngərli. Azərbaycan ədəbiyyatında sufizm. 525-ci qəzet. 31. 12. 12. 15:00) yüksəldi." Bunların sırasında sırf türkcə yazıb yaradan mütəsəvviflər də var idi ki, onlar əqli və hissi yaşantılarını, ədəbi-bədii-fəlsəfi düşüncələrini poetik bir dillə ifadə edirdilər. Çünki türk ruhu qanadlı ruh olduğundan poetizmi daha yaxşı qəbul edirdi. Elə bu mənada Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi triadası türk-islam sufi ədəbiyyatının əqli və hissi idrak çevrəsini daha genişləndirmiş, onu dünyanın hər yerindən görünən bir zirvəyə qaldırmışdır. Xoca Əhməd Yəsəvi. O, təsəffüf ədəbiyyatında ilk türk təkkə şairi, dərviş və kəramət sahibi olan övliya kimi tanınmaqdadır. Onu fəxrlə Türküstan piri də adlandırırlar. O, "Vücudnamə", "Divani-hikmət" və "fəqirnamə" əsərləri ilə məşhurdur. Şeirlərində Oğuz ünsürləri vardır.

Elm aləmi Xoca Əhməd Yəsəvinin 1102/1103 - 1166/1167-ci illərdə ömür sürdüyünü qəbul edir. O indiki Çimkənd yaxınlığındakı Seyram (o dövrdəki İsficab və Akşehr) şəhərində Şeyx İbrahimin ailəsində doğulmuşdur.

Onun "Vücdnamə"sinin bir yerində

Ərənlərdən fəyzu fütuh alalmadım,

Yüz yiqirmə beşqə kirdim, biləlmədim.

Haqq taala taətlərin kılalmadım,

Eşitib, oxub, yerqə kirdi kul Xoca Əhməd.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997. S.9.)

digər bir yerində isə

Əya, dostlar, qulaq salın ayduğumda,

Nə səbəbdən altmış üçdə girdim yerqə?

Me'rac üzrə haq Mustafa ruhum gördü,

Ol səbəbdən altmış üçdə girdim yerqə.

(Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s.13.)

deyilməsi "Vücudnamə"nin Xoca Əhməd Yəsəvidən sonra gələn sufilər tərəfindən təkrar-təkrar işlənməsindən xəbər verir..

Xoca Əhməd Yəsəvi 6-7 yaşlarında valideynlərini itirmiş, bir müddət böyük bacısının himayəsində qalmış, daha sonra Yəsi şəhərinə gəlmişdir.

Yəsi şəhəri XVI əsrdən Türküstan adlandırılmış və bu adla indi də Qazaxıstanda ziyarətgahdır. O, təhsili və fəaliyyəti bu şəhərlə bağlı olduğundan özünə "Yəsəvi" nisbəsini təxəllüs olaraq götürmüşdür. "Vücudnamə"yə görə, Xoca Əhməd Yəsəvi ilk təhsilini Yəsidə, Şeyx Arslan Babadan almış, onun vəsiyyəti ilə Buxaraya getmiş, İyirmi səkkiz yaşında piri Şeyx Yusif Həmədaniyə rast gəlmiş, ondan təsəvvüf elmini öyrənmiş, otuz dörd yaşında alim olub hikmət söyləmiş, otuz altı yaşında kamal mərtəbəsinə çatmış, mürşidi Yusif Həmədaninin (1048-1140) vəfatından sonra Buxarada bir müddət onu əvəz etmiş, təqribən 50 yaşlarında Yəsiyə (Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997. s.9, 12-14., Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s. .8-9.). qayıtmışdır . Məhəmməd peyğəmbərin ömründən artıq ömür sürmək istəməyib öz müridlərindən Yəsi şəhərindəki təkkəsinin qabağında bir quyu qazmağı xahiş etmişdir. O bu quyuya nərdivanla enirmiş. Quyunun dibində bircə nəfər yerləşə bilirmiş. Buna çilləxana (Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.4.) deyirmişlər. Onu elə öz təkkəsinin yanında (Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997. S.16.) dəfn etmişlər. Onun türbəsini Qızıl Orda xanı Nasirəddin Toxtamış xan (təx. 1342-1405-08) 1387-ci ildə yəğmalatdırsa da, Əmir Teymur (1336-1405) onu1395-1397-ci illərdə bərpa etdirib yanında bir məscid (Bax. Pənah Xəlilov.Əhməd Yəsəvi.

Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.10.) tikdirdirmişdir. Yəsəvinin bu nəhəng məqbərəsinin qapısı üzərində bu sözlər yazılmışdır: "Qeybin açarı ondadır. Ondan başqa heç kim (Bax.Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997. s.17.) bilməz."

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

ADPU Şəki filialının baş müəllimi