adalet.az header logo
  • Bakı 20°C
02 Aprel 2019 17:52
23802
MƏDƏNİYYƏT
A- A+

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCA DAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ” HEKAYƏTLƏRİNİN ÜSLUBUNA SALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


"Bilik - öyrənməkdən, düşüncə - təcrübədən, dərakkə - fikirləşməkdən meydana gəlir, onların da olduqları, birləşdikləri yer ağıldır.

Bu üç keyfiyyət kimdə birləşmişsə, o adam kamildir!"


"Min bir gecə"dən.


"Mən həmişə öz qarşıma bir məqsəd qoymuşam ki, həyatda bu şeylərə nail olmalıyam və nail də olmuşam".


Ramiz Quliyev, tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, professor.


PRELÜD VƏ YA... FİKRİN AÇILIŞI

...Qüdrətli Allah-təalanın (O, böyükdür, şəni də çoxdur!) tədbiri və inayəti budur ki, bu nağılı oxucular üçün ilk olaraq öz qısa giriş sözlərimlə mən başlayım. Məbudumun kərəminə min şükürlər olsun. Həyatda ən yaxın, ayrılmaz dostum, sirdaşım və pənahım məni Yaradan qadir və qahir Allaha bu işi sadə qələm sahibi olan bir bəndəsinə rəva bilib razılıq verdiyinə görə sidq ürəkdən razıyam və mehriban pərvərdigarıma minnətdaram.

Möhtərəm oxucu! (Allah sizdən razı olsun!). La ilahə illəllah, Məhəmmədən rəsullillah! İnsan hansı işə girişsə, o gərək bu işi bütün varlığı Yaradanın ecazkar, ülvi və müqəddəs adı ilə başlasın. Buna görə birinci olaraq söhbətə başlamaq mənim üzərimə düşdüyündən Yaradanın gözəl adı ilə danışmaq istəyirəm.

Qoy İlahinin pak, əziz ismini eşitməklə ona olan ümidimiz sarsılmaz bir zəmin üzərində qərar tutmuş kimi, möhkəmlənsin, onun adı hər gün dilimizdə mədh olunsun.

Beləliklə, Məhəmmədin, Əlinin (Allah onların ikisinə də rəhmət eləsin!) adlarını çağırıb "Allahü-Əkbər" deyirəm. Hamı kimi, mən yetim bəndəsini də öz pənahında saxlayan sahibi-aləmlə - Böyük Allahla (Şükür onun kərəminə!) razi-niyaz eyləyib onun lütfilə ağbirçək, ipək nənələrimizin söyləgiklərinə rəğmən, şirin-şəkər bir söhbətin YOLuna sözün ilk cığırını salıram.

Lakin şərəfli ömrünün kövrək cığırları böyük yola çıxan, özü isə bütöv həyat amalı və nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətin işıqlı YOLuna çevrilən mötəbər, nüfuzlu bir bəşər övladı haqqında dadlı-tamlı, pardaqlanan daha geniş söhbəti isə sizə mənim saldığım söz iziylə Yaradanın inayəti sayəsində addımlayan əsrarəngiz və sirli-sehirli "Min bir gecə"nin möhtəşəm xanım baş qəhrəmanı Şəhrizad danışcaq...

MİN BİRİNCİ GECƏ

və... Şəhrizad növbəti nağılı bitirib qurtarandan sonra Şəhriyar şah gün doğanacan yatdı. Ay öz evinə - Şərəfan bürcünə gedib Günəş Məşriqdən çıxaraq hər tərəfi nura qərq eləyəndə o, "İqamətgahı-səadətə" - divanxanaya ("divanxana" sözü burada saray əyanlarının "yığıncağı" mənasında işlənibdi) gəlib həşəmət yerində, taxt-səltənətində əyləşdi.

Şahın yaxın adamları hökmdarın başına ulduzlar Ayın ətrafına toplanan kimi toplandılar. Saray əsilzadələri, əyanlar, əmrlər, canişinlər şahın hüzurunda - hər biri adına-sanına müvafiq yerdə dayanıb-durdular. Vəzir-vəkil onun sağında-solunda əyləşdilər.

Şəhriyar şah gün batanacan burada ədalətlə divan qurdu, kimini qulluğa təyin etdi, kimini qulluqdan çıxartdı, kiminin günahından keçib bağışladı, əmrlər verdi, qadağalar qoydu. Günəş Məgribdə qüruba enəndən sonra şah divan işlərini qurtarıb hərəmxanasına - öz böyük imarətinə gəldi.

Bu imarət göz oxşayırdı. Divarları tamam qiymətli daş-qaşdan, yaqutdan, qızıl-gümüşdən hörülmüşdü. Döşəmələri büllurdan, əlvan rəngli zəbərcəddən, firuzədən idi. Pəncərələr və qapılar səndəl və əzvay ağaclarından düzəldilmişdi.

Şah qədəmlərini vəzirin qızı, gözəllikdə misli-bərabəri olmayan Şəhrizadın otağına atdı. Dünya gözəllərinin sərtacı, xumargözlü, qələmqaşlı Şəhrizad əyninə qırmızı rəngli köynək geyinib, səna izarına bürünmüşdü, pambıq kimi ağ bədəni qırmızı köynəyinin altından özünü büruzə verirdi. Boynunda saf qızıldan xünk vardı. Bu xünk döşlərinin arasınacan sallanırdı, alnına bir çəngə kömür kimi zil qara saçları tökülmüşdü. Bu qara saçlar və onların uzunluğu zülmətli gecəni andırırdı. Onun çöhrəsinin şüası ayı, ulduzları kölgədə saxlayırdı.

Şəhrizadın gözəlliyinin heç bir qüsuru, nöqsanı yox idi. Səhər günəşinə bənzəyən bu qız naz-qəmzə sata-sata ceyran kimi bu tərəfdən o tərəfə çevrilib qələm qaşları və kirpikləri ilə ürəkləri yaralayırdı. Üzündəki təbəssümü görüb göyün məşəli buludların arasına girmişdi. Gözləri iri, yanaqları girdə idi. Püstə dəhanındakı dişləri inci, mirvari danələrinə bənzəyirdi, qızdan ətrafa xoş ətir yayılırdı. Yanağının üstündə ənbər kimi rayihə saçan bir xal vardı ki, şair bu barədə yaxşı deyib:

Nə qədər gözəldir o qəddü qamət!

Bulud saç, ay qabaq! - görən olur bənd.

Qınama üzündə qara xalını,

Qara xal bəxş edir ağ üzə ziynət!

Başqa bir bir şerdə isə şair belə deyib:

Gözəlliyi o qızın yanına gətirdilər,

Gözəllik yerə dikdi xəcalətdən gözünü.

Dedilər: "Görürsənmi bunun bərabərini?"

Gözəllik təkrar etdi "Xeyr. Xeyr!" sözünü.

Bəli, gözəlllər gözəli, ağıl və hikmət sahibi Şəhrizad kiçik bacısı Dünyazadla birlikdə idi.

Otaqda yerə zinətli ipək parçalar, əlvan naxışlı xalçalar döşənmişdi, divarlara üstündə heyvan, quş şəkilləri olan qiymətli zərxaralar vurulmuşdu. Təsvir olunan quşların, heyvanların bədənləri qızıldan, gümüşdən, gözləri mirvaridən, yaqutdan düzəldilmişdi.

Pəncərələrə mirvarilə haşiyələnmiş pərdələr asılmışdı. Bura elə cah-cəlalla, hər cürə daş-qaşla, ləli-bədəxşanla bəzədilmişdi ki, elə bil cənnətin ən yaraşıqlı xiymələrindən biri idi. Baxan heyran olurdı. Açıq-aydın görünürdü ki, otağın görkəmindən xoşbəxtlik yağır.

Şah qızları salamlayıb, üzlərinə gülümsədi, hörmət eyləyib şirin sözlər dedi, onlar beləcə oturub söhbət elədilər.

Axşam düşəndə Şəhriyar kənizlərə əmr elədi şamları, çıraqları yandırsınlar, masanı gətirsinlər. Onlar da gedib saf qızıldan hazırlanmış, daş-qaşla zinətləndirilmiş masanı gətirdilər, onun üstü Allahlara layiq müxtəlif xörəklərlə dolu idi. Süfrədə ürəyin istəyən hər cür ləziz təam var idi və təamların hamısı da qızıla tutulmuş çini buludların içində idi.

Qızıl aftafa-ləyəndə əl suyu verildikdən sonra süfrə başında oturdular.

Kənizlər onlara əllərini qurulamaq üçün üç dənə qar kimi ağ, zərif qətifə gətirdilər. Qətifələrdən elə qızılgül iyi gəlirdi ki, hər yeri gül ətri bürüdü. Kənizlər masanın üstündən bir neçə qəşəng gümüş gülqabı götürdülər, bunlardan biri gülabla, biri narınc, biri yasəmən suyu ilə, o birilər də başqa ətirli sularla dolu idi. Kənizlər ətirli suları onların üstünə çilədilər.

Şah və xanımlar qədərincə yeyib özlərini tamam bərkitdilər, üstündən ətirli müşk qatılmış su içib əlhəmdülillah dedilər. Qab-qacaqlar yığışdırıldı. Kənizlərin gətirdiyi qızıl aftafa-ləyəndə hamı əlini-ağzını yuyub ipək dəsmalla quruladı. Sonra kənizlər masanın üstünə qızıl, gümüş, büllur qablar, həm də hər cür gül-çiçək, içində müxtəlif çərəz, şirniyyat olan məcməyilər düzdülər. Buxurdanlarda ətirli otlar-müşk, quru əzvay, ənbər yandırdılar.

Şərab dolu piyalələr paylandı. Şah öz piyaləsindəki şərabı içdi. Sonra Şəhrizada və Dünyazada da içməyə ixtiyar verdi. Aybənizli kəniz udun simlərini köklədi, dizinin üstünə qoyub, onun üzərinə ana öz körpəsinin üzərinə əyilən kimi əyildi, udun on dörd pərdəsində gəzən barmaqlar elə nəğmələr oxumağa başladı ki, tay nə deyim...

Simli alətdə sehkar, əfsunlayıcı beşik mahnısı kimi aram, oxşayıcı və layla çalan ritmlər eşidildi. Qulluqda müntəzir dayanmış başqa bir kəniz isə udun həzin sədaları altında xanımlara şərab payladı. Onlar gecəyəcən deyib-güldülər, şer oxudular - ürəkləri şad oldu - ürəkləri birləşdirənə şükür olsun!

Bax belə! Elə ki, gecə-gündüzü idarə eyləyən Mikayılın istirahət saatları başlandı, soyuq və quru Zühəl ulduzu çıxdı, məxluqat yuxuya getdi, hər iki dünyanın sahibi, həyatın atası və hakimi Allah onların hamısının üstünə qara, ulduzlu pərdə çəkdi və qıvrımsaçlı

MİN İKİNCİ GECƏ

gəldi, eyş-işrətin şirin bir aləmində - şərabdan sonra məstliyin ilk dəminın çatan çağında Dünyazad üzünü Şəhrizada tutub istəyini dilə gətirdi:

- Baçı can, indi nağıl danışmağın lap əsl məqamıdır. Səndən iltimasım budur, lütf elə, uzun gecəni başa vurmaq üçün bizə xoşagələn və ürəkaçan nağıllardan birini danış qulaq asaq, söhbətindən mənfəətbərdar olaq. Sənin rəvayətlərin çox şirindir.

Dünyazadın sözünü şah da qüvvətləndirdi:

- Mən də istəyirəm mənə elə bir nağıl danışasan ki, onu ömrümdə indiyənə qədər eşitməmiş olum.

Şəhrizad iltifatla cavab verdi:

- Əgər qibleyi-aləm, bəxtiyar şah rəhm eləyib məni öldürməsə, sağ qalsam, bu gecə nağılların parlaq aləmi, qədim rəvayətlərin sərt və ağır təsviri, şərq fantaziyasının alovlu, oynaq və rəngarəng duyğuları əvəzinə sizə indiyənəcən tanımadığınız elə bir məşhur tarzən haqqında hekayət ərz edəcəyəm ki, hələ beləsini eşitməmisiniz. Dediklərim əlbəttə, heç şübhəsiz, ürəyinizi açacaq, ruhunuzu oxşayacaq!

Yuxusuzluq xəstəliyindən əziyyət çəkən padşah bu sözləri eşitdikdə onu dərin maraq hissi bürüdü. Özlüyündə fikirləşdi: "And olsun Allaha, mən bu gecə tarzənlə bağlı Şəhrizadın nağılını eşitməyincə, onu öldürməyəcəyəm".

Dünyazad Şəhriyarın keçirdiyi halı duyub dilləndi:

- Bacı can, səni Allaha and verirəm, gecəmizi qısa eləmək xatirinə, o tarzən barədə hekayəti bizə söylə.

Şəhrizad şahın hüzurunda təzim edib, ona ürəyi dələn bir baxışla nəzər salaraq, saray xanımlarına xas olan incə nəzakətlə və şirin lətafətlə:

- Qüsursuz şahımız iltifat göstərib nağıl etməyə icazə versə gözlərim üstə, bu ünlü sənətkar barədə sidq-ürəkdən və məmnuniyyətlə, böyük həvəslə danışaram. - dedi.

Şah vəzirin qızından bu sözləri eşidəndə qalxıb əyləşdi (o, mütəkkəyə dirsəklənmişdi), gözəl bir nağıla qulaq asacağına sevinib vəcdindən razılıq əlaməti olaraq başını yellədi. Yəni buyur: "De gəlsin, ay Şəhrizad xanım, sənə nağılı söyləməyə icazə verirəm, çünki dünyaca məşhur olan həmin musiqiçi haqqında eşitməyi və bilməyi mən də çox istəyirəm"...

...Aybənizli kənizin dizinin üztündəki udun on dörd pərdəsində gəzən barmaqların fəqan edib oxuduğu nisgilli nəğmədən qopan, acı bir hicrandan və uzaq bir vüsal həsrətindən həzin - həzin danışan səslər pərdə-pərdə, sakit-sakit axıb gəlirdi.

Gecə aydınlıq idi, kainat mavi tülə bürünmüş kimiydi. Ay işığının gözəlliyi, gecənin səssizliyi sarayın baxçasındakı qızılgüllərin, yasəmənlərin ətrinə qarışaraq qəlbə axır, adama anlaşılmaz qərib duyğular təlqin edirdi.

Şəhrizadın gözləri qabağında gecənin ulduzlarla dolu ucsuz-bucaqsız okeanı açılırdı. O, başını qaranlıqda sayrışan ulduzlara doğru qaldırıb elə titrək, həzin və məlahətli səslə danışmağa başladı, sanki gözəl bir mahnı oxuyurdu.

Bu andan etibarən onun söhbəti sehirli bir nağıla bənzədi: elə bil qarlı, soyuq qış gecəsidi, ağbirçək nənə nağıl danışır, sən də peçin yanındakı çarpayıda uzanıb istidən xumarlana-xumarlana, qulaq asırsan...

Şəhrizad aybənizli kənizə çalğını saxlamağı işarə edib, sözlərini nəcib ifadə ilə belə ərz eləməyə başladı:

- Baş üstə, itaət borcumdur! Qulağınız məndə olsun, diqqətinizi məndən əsirgəməyin. Hamımızın yiyəsi, hər şeyi dəyişdirən, amma özü dəyişməyən qüdrətli Allaha həmd olsun! Ağamız Məhəmməd peyğəmbərə (Allah ona min rəhmət eləsin!) salavat!

Nağıla başlamazdan əvvəl məşhur "Çitrasutra" poemasından hind mütəfəkkiri ilə şahın söhbətindən kişik bir parçanı misal gətirməyim elə bilirəm ki, sizin üçün də maraqlı olar: Şah - Ey pak insan! Danış görüm, Allahın təsvirini necə yaradırlar? Mütəfəkkir - Ey böyük hökmdar, rəngkarlığın qanunlarını bilməyən kəs təsvirin xüsusiyyətlərini başa düşə bilməz. Şah - Rəngkarlığın qaydalarından danış görüm... Mütəfəkkir - Rəqs elmini bilmədən rəngkarlığın qaydalarını başa düşmək olmaz. Şah - Əvvəlcə, rəqs elmindən danış. Sonra da rəngkarlıq haqqında söylə... Mütəfəkkir - Musiqini bilməyən kəs rəqs texnikasını çətin başa düşər. Çünki musiqisiz rəqs qətiyyən mövcud ola bilməz. Şah - onda əvvəlcə musiqi haqqında danış... Mütəfəkkir - Musiqi nəqməsiz, çalğısız anlaşılmaz...

Həqiqətən də Şərq mədəniyyət xadimlərinin hərtərəfli inkişafı onların sənətini əlvan rəng koloriti və dərin fəlsəfi mahiyyətlə zənginləşdirib. Mən də sizə məhz belə bir görkəmli mədəniyyət xadimindən - duyğular vasitəsilə yaşanan obrazlar dünyasında Allahın işığını, nurunu Günəş şəfəqləri tək musiqinin melodiya çalarlarında insanların ürəyinə səpən ən füsunkar bir tarzəndən bəhs edəcəyəm.

Ey bəxtiyar şah və ədalətli hökmdar, Allah sənə nə qədər dünya var, ömür versin ki, həmişə kölgən bizim üstümüzdən əskik olmasın. Eşit, bil və agah ol: Belə rəvayət edirlər ki, hal-hazırda (Allah hər şeyi biləndir, ən qadirdir, ən rahimdir və ən səxavətlidir) bizim Hindistan və Çin adalarından lap çox-çox uzaqlarda, Günbatar tərəfdə, Odlar Yurdu adlanan, gecələri məhəbbət dolu Ayla, ulduzlarla yatıb, gündüzləri sevincli Günəşlə oyanan, daima bolluq içində şad-xürrəm ömür sürən, təbiəti də, insanları da gözəl, əliaçıq, şənlik sevən, qonaqpərvər, şeir-sənət, musiqi ocağı Azərbaycan məmləkətinin ədalət, əmin-amanlıq, zövqü-səfa səltənəti, dəli-dolu yağışlı, dəymə-düşər havalı, hirsli küləklərin cıdır düzü qədim Badu Kubədə - indiki Bakı şəhərində, dövrünə görə cəmi tar ifaçıları səfində tayı-bərabəri olmayan, məxluq tərəfindən sidq-ürəkdən bəyənilən, xoş xəbər-ətəri, adı, şöhrəti məqribdən məşriqəcən bütün ərzi dolanan Ramiz Quliyev (Allah ondan razı olsun!) ismində mahir, qəvi (güclü) bir tazən yaşayır.

Əgər unutmayıbsınizsa, altı yüz səksən dördüncü gecədə mən bu tarzənin nurlu vətəni gözəl Azərbaycanın adını çəkmişəm və Xüzeymənin İkrimə ilə olan əhvalatında sonuncunun bu məmləkətə canişin təyin edilməsi barədə sizə danışmışam.

Elə buradaca mən bərdaşt eləyib filosofların, tanınmış şəxslərin fikirlərindən bir neçə kəlmə də söz demək istəyirəm. Düşünürəm ki, hikmətli sözlərin kim tərəfindən və nə zaman söylənməsindən asılı olmayaraq, onlara həmişə böyük mənəvi ehtiyac olub.

"Musiqi əsl ümumbəşəri dildir" - Bu fikir böyük alman yazıçısı və musiqişünası Veber Karl Mariyaya (Onun ruhu şad olsun!) məxsusdur.

Digər bir alman musiqişünası Bax Vilhelm Firideman (Onun ruhu şad olsun!) bu fikrin təsdiqi olaraq deyib: "Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir". Rus yazıçısı Fyodor Dostoyevski (Onun ruhu şad olsun!) isə söyləyib: "Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır". Martin Lüter (Onun ruhu şad olsun!) belə deyib: "Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir". K.Silvestr (Onun ruhu şad olsun!) öz düşüncələrini belə əks etdirib: "Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir".

"Musiqi - sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir" - Bu sözlər də Tomas Karleylnindir (Onun ruhu şad olsun!).

Dahi yunan filosofu Platon (Onun ruhu şad olsun!) isə musiqi haqqında belə bir fikir söyləyib: "Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur".

"Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür", - böyük Henrix Heyne (Onun ruhu şad olsun!) də belə deyib.

Biləsiniz ki, Allah-təala (Şükür onun kərəminə!) bu hikmətlər içində böyüyüb yetişən Ramiz Quliyevi sənətdə həmişə yüksəldib. Bu gün Azərbaycan tarının ən məşhur ifaçısı odur! Onun özü də, sənəti də milli instrumental ifaçılığı tarixində bir fenomendir!

Geniş diapazonlu nadir, ecazkar ifaçılıq qabiliyyətinə və yüksək səhnə mədəniyyətinə malik olan virtuoz tarzən təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəsinəsini daha da zənginləşdiir.

Ramizin sədəfli tarının özünəməxsus füsunkar, əlvan ifaçılıq çalarları, koloriti, yüksək bədiiliyi, bəşəri duyğularla aşılanmış melodiyaları mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir.

Bu sədəfli tar insanların ən ali hüquqları - xoşbəxtlik və sevgi hüquqları haqqında qüdrətlə, məhəbbətlə oxuyur. Onu heç bir qüvvə susdurmağa qadir deyil. Ona görə ki, bu tarın pərdələrində məğrur insani hisslər şəfəq saçır, öz şüası ilə milyon-milyon ürəkləri bəxtəvərlik, səadət, gözəllik işığına qərq edir.

Ramizdə ehtiraslı, ruhi və yaxud buna bənzər başqa hissləri bütün fitrəti ilə öz çalğısında əks etdirmək bacarığı var. O çalanda mizrabın və simlərin dediklərinə yaxşı qulaq asan, ifanı böyük şövqlə dinləyən tamaşaçılar tarın köksündən qopan havaların dərinliklərinə varır, pərdələrdən qanadlanan ən şiddətli inilti səslərinə dərin həyəcanla səs verirlər.

Dinləyicilər onun hər bir çıxışını intizarla gözləyirlər. Çünki, bu çıxışlar zamanı onlar füsunkar çalğını, musiqnin yeni duyğularını və onun təsirli imkanlarını daha aydın hiss edir və görürlər. Tarzən musiqi zənginliyi və bədii həqiqəti valehedici olan bu ifaları elə müqayisəedilməz istedad və gözəlliklə əks etdirir ki...

Hələ onun son dərəcə yüksək zövqlə və xüsusi səliqə ilə çox təmiz geyinməsi, tarına məxsusi qulluq etməsi, ali mədəniyyəti, səhnədə oturuşu, duruşu, biləklərini çirmələməsi, tarı sinəsində həmişə vüqarla tutması adamı heyran edir. Bir sözlə, Ramizin sənətini dəyərləndirmək mahal işdir!

Ramiz Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan çox böyük sənətkardır. O, Tanrı vergisi olan dünya şöhrətli ifaçı, təkrarolunmaz səhnə ustalığı və unikal musiqi duyumuna malik tarzən, planetin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxış edən virtuoz musiqiçidir!

Dünyanın ən mötəbər səhnələrində Azərbaycan incəsənətini təmsil etmək hüququ qazanmış Ramizin hər bir konserti böyük mədəniyyət hadisəsi olaraq onun fitri istedadının yeni çalarlarını aşkar edir və instrumental tar ifaçılığına layiqli töhfələr verir.

Allah həmişə Ramizə öz amanında qərar verib, tar ifaçıları arasında ona bu cür uca məqam və mənsəb inayət eləyib. Onu sənətdə izzət və şan-şöhrət cah-cəlalına çatdırıb.

Bax, bu yerdə bu sözləri deyən qüdrətli fikir sahibi şair Məhəmmədhüseyn Şəhriyara (Onun ruhu şad olsun!) vergini Allah-təala verib:

"Tarix boyu yetişən min çeşidli qılınc, qəhrəman, şücaət, qələm, söz və saz ustaları kimi ustad Ramiz, sənin adını tarixdə görürəm. Təbrizdə qəlbimdə görürəm. Sənin kimi bir övlad yetişdirən ana bəxtiyardır. Səni yetirən vətən xoşbəxtdi. Tarının sədaları həmişə qulağımda səslənir.

Azərbaycanı mizrabının gücü ilə dünyaya tanıdan oğul, səni bağrıma basıb gözlərindən öpürəm".

Ramizin barmaqları çaldığı musiqi əsərlərini yüksək şeriyyətlə mənalandırır, musiqi nitqinin ifadə etdiyi fikirləri dinləyiciyə çatdırarkən onun qarşısında hisslərin sonsuz ənginliklərini açır.

Ramiz Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimləri içərisində mahir bir sənətkar, istedadlı ifaçı və qabil tarzən kimi şərəfli yer tutur.

İndi isə əsas mətləbə keçib, sizə bu qüdrətli sənətkarın həyat və yaradıcılığı haqqında bildiyim nağılı ən gözəl və yüksək ifadələrlə danışıram.

(ardı növbəti sayımızda)