HüLUSi KILIç REDAKTORLARA RüŞVƏT VERiB?!

AQİL ABBAS
33439 | 2009-09-08 00:13
Dost qəzetlərin birində oxudum ki, Türkiyənin Azərbaycandakı Böyük elçisi Hülusi Kılıç bu günlərdə redaksiyaları ziyarət edərkən baş redaktorlara pul verib ki, qəzetlər Türkiyə ilə bağlı kəskin yazılarla çıxış etməsinlər. Və bu ziyarətdən sonra qəzetlər Türkiyə ilə bağlı məsələlərdə liberal mövqe tuturlar. O da qeyd edilirdi ki, "Azadlıq"ın redaktoru Azər Əhmədovun da qulağına sayın Böyük elçi nə isə pıçıldayıb.
   
   Sayın Böyük elçimiz bizim qəzetə də təşrif buyurduğu üçün bu məsələyə bir aydınlıq gətirmək zorundayam.
   
   Məsələnin əvvəlinə gedək. Ramazandan bir gün əvvəl sayın Böyük elçimiz bir qrup qəzet redaktorlarını və ziyalıları səfirliyə yeməyə dəvət eləmişdi. Və bu süfrə arxasında həm müstəqil medianın nümayəndələri vardı, həm müxalif, həm də iqtidar. Və bu süfrə arxasında siyasətdən başqa hər şey konuşuldu. Çağırılan qonaqlar adından da mən çıxış etdim, son sözü mən dedim və Böyük Elçiliyin işini möhkəm tənqid elədim. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə olan boşluqlardan danışdım, bu münasibətləri daha da möhkəmləndirmək üçün, özü də təkcə Türkiyə və Azərbaycan münasibətlərini deyil, Türkiyə ilə digər Türk dövlətləri arasındakı və hətta Rusiya Federasiyası daxilindəki Türk respublikaları ilə münasibətləri necə möhkəmləndirmək olar bu barədə də öz fikirlərimi söylədim. Hətta məclisdəki bəzi yoldaşlar mənə işarə edirdilər ki, bir az yumşaq danış. Mən sərt danışmırdım, sadəcə olaraq dərdimizi danışırdım, dərdimiz də ağır olduğuna görə yəqin ki, söhbət də bir az ağır keçdi.
   
   Bu məqamda Rauf Arifoğlu incə bir gileylə sayın Böyük elçimizə dedi ki, sizi qonaq dəvət etmişik, amma gəlməmisiniz. Hülusi bəy də dedi ki, gələrəm. Bu vaxt mən sayın Böyük elçidən xahiş elədim ki, imkan düşdükcə redaksiyalara bir qonaq gəlsin, o cümlədən bizə də. O da söz verdi ki, imkan tapıb redaksiyaları ziyarət edəcək. Mən "ziyarət" sözünü az işlətməyə çalışıram. Çünki qan yaddaşımızda belə bir şey var, müqəddəs adamları ziyarət edərlər, müqəddəs yerləri ziyarət edərlər. Yəni "Ədalət" qəzetinə qonaq gələ bilərlər, "Ədalət" qəzetini ziyarət edə bilməzlər. Amma Türkiyədə fərqlidi. Onlar kiminsə görüşünə gedəndə elə bunu ziyarət sayırlar. Bilmirəm biz haqlıyıq, yoxsa onlar.
   
   Bir neçə gündən sonra sayın Böyük elçimiz "Azərbaycan" nəşriyyatına gəldi. Mən biləni "Azərbaycan", "Şərq", "Bakı xəbər", "Azadlıq" və bizim qəzetin qonağı olub. Nəşriyyatda daha başqa redaksiyalarda olub-olmadığını bilmirəm.
   
   Böyük elçi oruc tutduğuna görə bir çay süfrəsi də aça bilmədik. Görüşdə qəzetin baş redaktoru olan xanımım da iştirak edirdi. Xanımım ondan Böyük elçiyə layiq qarşılaya bilmədiyimizə görə üzr istədi və Hülusi bəyi xanımı ilə bərabər Ramazandan sonra evimizə dəvət etdik. O da məmnuniyyətlə razılıq verdi.
   
   Redaksiyada da söhbət ədəbiyyatdan, sənətdən, qəzetçilikdən, Azərbaycanla Türkiyə arasında iqtisadi-siyasi, mədəni əlaqələrdən getdi. Amma bu dəfə mən tənqidi bir söz demədim. Evə gələn qonağı nəyə görəsə qınamazlar. Sonra redaksiyanın əməkdaşları ilə söhbət elədi, şəkil çəkdirdi, redaksiya ilə tanış oldu və hörmətlə də yola saldıq.
   
   Qələm dostumuz yazır ki, Böyük elçi redaktlorlara pul təklif edib və ya verib ki, qəzetlər Türkiyəni tənqid eləməsin. Və həmin günün səhərisi Türkiyə hökumətini çox ağır ələşdirən "Türkiyəni dağıtmağa AKP-nin gücü çatmaz" adlı bir yazı yazdım. Ondan sonra da AKP siyasətinin əleyhinə bir neçə xəbər və yazılar yazmışam. Amma sözün düzü, bu yazıları yazanda Hülusi bəyin o nurlu, mehriban sifəti gözümün qabağına gəlib, bir balaca utanmışam. Mən qəzetdə Türkiyəni ən çox öyən yazarlardan biriyəm və həm də AKP hökumətinin səhv siyasətini ən çox tənqid edən yazaram. Amma həmişə bir incə şeyi qorumuşam. Mənim yazılarım Türkiyə türkləri ilə Azərbaycan türklərini qıcıqlandırmasın. Və həmişə də yazmışam ki, Türk milləti və Türk dövləti başqa bir məsələdi, iqtidar başqa bir məsələ. İqtidarlar gəldi-gedərdi (gərək ki, 57 iqtidar görüb Türkiyə hökuməti), millət və dövlət isə əbədi.
   
   Onu da yazıram ki, bu gün Türkiyədə durum çox ağırdı və bu gün biz Türkiyəni daha çox bağrımıza basmalıyıq. Çünki Türkiyəni dünyada bizdən başqa bağrına sıxacaq kimsə yoxdur.
   
   Bu yazını yazmaq zorunda ona görə qaldım ki, qələm dostumuzun dediyi məsələdə mənim və mənim də qəzetimin üstünə bir kölgə düşür, ona görə aydınlıq gətirdim. Və inanmıram ki, Böyük elçimiz hansısa bir qəzetə rüşvət vermək fikrində bulunsun.
   
   Niyə inanmıram? Bunu zarafatla deyim.
   
   Dünyada türklər qədər xəsis ikinci bir millət yoxdu. Başını kəsərsən, bir adama pul verməz. Səni evinə qonaq çağırar, bir fincan kofeyə qonaq edər, bəlkə üzə dirənəsən ki, ikinci fincanı da verə.
   
   Bir məşhur lətifə var.
   
   Xeyrəddin Qoca Türkiyədə baş konsul olarkən Azərbaycandan gəlmiş bir yazıçı dostu ilə bir evə qonaq gedir. Ev yiyəsi süfrəyə kofe qoyur, bir az da dadlı. Bizim azərbaycanlı çaşıb qalır, çünki bizim evimizə qonaq gələndə dörd-beş cür yemək bişiririk, dovğa mütləq olmalıdı, araq mütləq Rossiyski olmalıdı, quş südü də mütləq turac südü olmalıdı.
   
   Xeyrəddin həmyerlisinin çaşdığını görüb deyir:
   
   - Ayə, bu, bunların qoyun kəsməyidi ey!

TƏQVİM / ARXİV