adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Aprel 2019 10:29
9663
SİYASƏT
A- A+

AKP-nin məğlubiyyətə bərabər qələbəsi - SƏBƏBLƏR

Türkiyədə 31 mart bələdiyyə seçkilərinin nəticələri məlum olub.Modern.azxəbər verir ki, şəhər merlərini, rayon başçılarını, yerli şuralarını üzvlərini müəyyən edən seçkilər bir çox özəllikləri ilə yadda qaldı.

2002-ci ildən bəri iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan hakim Ədalət və İnkişaf Partiyası (AKP) məğlubiyyətə bərabər qələbə qazandı. Millətçi Hərəkat Partiyası ilə birləşərək "Cümhur İttifaqı” adı ilə seçkilərə qatılan iqtidar partiyası sayılan 99,81% səslərin 44,32%-ni qazanaraq qələbə qazandı. AKP-nin müttəfiqi MHP isə yalnız 7,45% səs yığaraq yeni yaranmış İYİ Partiyadan da (7,31%) az səs topladı. İYİ Partiyanın müttəfiqi olan aparıcı müxalifət partiyası CHP isə 30,01% səs yığaraq ikinci pillədə qərarlaşıb. Digər diqqətçəkən məqam partiyalardan kürd icmasını təmsil edən HDP 4,24% səs yığması olub.

Göründüyü kimi, səslərin cəmi AKP ilə müttəfiqi MHP-nin üstünlüyünü tamamlasa da, xüsusi önəm kəsb edən iri şəhərlərdə AKP öz yerini CHP-yə verməli olub.

AKP 7 ənənəvi "qala”sını CHP-yə təhvil verdi

İstanbuldaAKP-dən olan namizəd Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında kəskin rəqabət sonda CHP-li namizədin 28 min artıq səslə İstanbul meri seçilməsi ilə nəticələndi. Ölkənin paytaxtı və ikinci ən böyük şəhəriAnkaradaisə CHP-li Mənsur Savaş AKP-li rəqibi Məhmət Özhaseki inamlı şəkildə məğlub edərək, mer seçilib.


AKP-nin seçkilərdə itirdiyi qalalardan biriAntalyaolub. 2014-cü ildən AKP namizədi Menderes Mehmet Tevfik Türelin rəhbərlik etdiyi şəhər son seçkilərdən sonra 50,63% səs toplayan CHP-li Mühittin Böcekə uduzub. Ölkənin 5 ən böyük şəhəri sırasında olanAdanavəİzmirdəCHP namizədləri qələbəni bayram etdiyi halda,BursadaAKP öz üstünlüyünü qoruyub saxlaya bilib.


31 mart seçkiləri bir neçə baxımdan AKP və partiyanın lideri Rəcəb Tayyip Ərdoğan üçün əhəmiyyətli idi. 2018-ci ilin iyununda sonuncu konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra prezidentlik səlahiyyətləri genişlənən, məhkəmə və hökumət üzərində fövqəladə səlahiyyət qazanan siyasətçi ilk seçki sınağına çıxmışdı. Amma cəmiyyətdən alınan mesajlar heç də Ərdoğanın lehinə olmadı.

İqtisadi situasiyanın seçkilərə təsiri

İqtisadi böhran İstanbul, Ankara və s. iri şəhərlərdə hakim partiyanın maraqlarına zidd olan amillərdir. Ölkədə inflyasiya 20%-ə, işsizlik isə 11%-ə çatıb.

Xüsusən gənclər arasında işsizlik, onların hər 5-dən 1-nin işsiz qalması narazılığı körükləyən amillərdən sayılır. Türkiyə Statistika İdarəsi son 1 il ərzində ərzaq məhsullarının 30%-ə qədər bahalaşdığını elan edib. Bu situasiya ölkə başçısını ərzaq inflyasiyasına müharibə elan etməyə və ucuzlaşmaya nail olmaq üçün qeyri-ənənəvi addımlar atmağa məcbur etdi.

Seçiöncəsi türk lirəsinin likvidliyini qorumaq barədə hökumətin banklara verdiyi tapşırıq indekslərin 5%-dən çox ucuzlaşmasına daha bir səbəb olmuşdu.

Görünən odur ki, iqtisadi problemlər, ABŞ-la gərginləşən münasibətlər, lirənin dəyərini itirməsi və işsizlik AKP-nin son seçkilərdə ciddi elektorat itkisi ilə üzləşməsinə səbəb olub. Bu fonda Ərdoğanın vaxtilə mer olduğu İstanbul şəhərində partiyasının məğlubiyyəti xüsusilə simvolik hadisə sayılmalıdır.