adalet.az header logo
  • Bakı 12°C
02 Aprel 2019 10:09
21205
MƏMLƏKƏT
A- A+

SƏNGƏRİ TƏRK ETMƏYƏN İGİD

Əhməd Məmmədov 1959-cu ildə Cəbrayıl rayonunun Hacılı kəndində anadan olmuşdu. Yaxın qohumları bu gün də fəxrlə yada salırlar ki, Əhməd hələ uşaqlıqdan cürətli, hünərli olub, gözündə heç vaxt qorxaqlıq olmayıb, özü də həmişə özündən yaşca böyüklərlə oturub-durar, elə onlarla da dalaşıb-vuruşarmış. Ürəyi yumşaq, qəlbən kövrək olsa da, savaşanda gözündə zərrəcə də qorxu olmazmış.

Lakin azğınlaşmış ermənilər 1988-ci ildən başladıqları Dağlıq Qarabağ iddialarını reallyaşdırmağa çalışaraq, ətraf rayonları - Laçını, Kəlbəcəri, Ağdamı da işğal etdikdə Əhməd daha silaha sarılmaqdan başqa bir əlacın olmadığını bilərək, qaniçən düşmənlə döyüşlərə atılmaq barədə ciddi düşünməyə başlamışdı. O, könüllü olaraq cəbhəyə, azğın düşmənlə döyüşlərə yollananda uşaqları hələ kiçik idilər. O vaxtkı şərtlərə görə üç uşaq atası kimi Əhməd cəbhəyə, döyüşə getməyə bilərdi. Ancaq getməyə bilmədi, çünki artıq xeyli müddət idi ki ürəyi ordaydı - Qarabağda, böyüyüb boya-başa çatdığı Cəbrayılda, qəlbinin sevgisi olan müqəddəs Şuşada! Onu hərbi komissarlıq yox, Ana Vətən çağırmışdı.

Əhməd Ana Vətənin harayına biganə qalmadı. Getdi və Ağdamda Güllücə, Gülablı, Papravənd döyüşlərində iştirak edib, igidliklər göstərdi. 1994-cü il aprelin 11-də son nəfəsinədək vuruşduğu ağır döyüşlərdən birində qəhrəmanlıqla həlak oldu. Sonradan məlum olmuşdu ki, Ağdam uğrunda gedən həmin ağır döyüşdə Əhməd öz yoldaşları ilə birgə son ana qədər vuruşmuşdu. O qanlı savaşdan bir nəfər də döyüşçümüz sağ çıxmamışdı. Cunki heç biri geriyə çəkilməmiş, bunu Vətən eşqli qeyrətlərinə sığışdırmamış, son damla qanlarına kimi vuruşmuşdular... Döyüş dostları kimi Əhməd Məmmədov da həmin gün şəhidlik zirvəsinə ucaldı.