adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2019 14:10
15477
DÜNYA
A- A+

UKRAYNADA PREZİDENT SEÇKİLƏRİ İKİNCİ TURA QALDI

Hələ ki şoumen liderlik edir

Ukraynanın Mərkəzi Seçki Komissiyası 60 faizdən çox protokolunun nəticələrinə görə artıq heç bir namizədin müvafiq səs toplaya bilməyəcəyini bildirərək prezident seçkilərində ikinci turun keçiriləcəyini bəyan edib.

Bu barədə məlumat verən Ukrayna MSK sədri Tatyana Slipaçuk bildirib ki, aprelin 21-nə nəzərdə tutulmuş ikinci tur seçkilərin keçirilməsinə çox az vaxt qaldığı üçün qalan protokolların nəticələri tezliklə yoxlanılmalıdır.

Hazırda 67,82 faiz yoxlanılan protokolların nəticələrinə görə şoumen Vladimir Zelenski digər namizədlərlə arasındakı fərqi artırmaqdadı. Hazırki nəticələrə görə, o, seçicilərin 30,40 faiz səsini qazanıb. İkinci yerdə gedən hazırki prezident Poroşenko 16,34 faiz, onun ardınca isə «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko 13,09 faiz səs yığa bilib.

MSK-nın məlumatlarına görə, Poroşenko yalnız ölkənin üç vilayətində liderliyini qoruyub saxlayır, «Xalqın xidmətçisi» partiyasının lideri, tanınmış şoumen Vladimir Zelenski isə 19 regionda liderlik edir.

Bu arada Yuliya Timoşenkonun seçki qərargahının nümayəndəsi Sergey Sobolev MSK-nın Poroşenkonun xeyirinə saxtakarlıq etməsi ilə bağlı bəyanatla çıxış edib. Öz növbəsində Poroşenko da ikinci turda qaib gəlmək üçün artıq aprelin 1-dən mübarizəyə başlayacağını bəyan edib.

Rusiya Dövlət Duması Ukraynada keçirilən prezident seçkilərinin saxtalaşdırılması və çirkli texnologiyalardan istifadə etməklə beynəlxalq hüquq prinsiplərinin pozulması hallarının baş verdiyini önə çəkərək bu seçkinin nəticələrini tanımayacaqlarını bildirib.

MEHRİBAN