adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2019 16:11
14905
ƏDƏBİYYAT
A- A+

Oqtay RZA: ÇIXARMA YADDAN!

Alın yazısıdır sanki təzadlar,

Ümid – bəxt işığı, qəm yığın-yığın;

Xalqım, nə yaxşı ki, nikbinliyin var,

Fəqət faciədir unutqanlığın.

Dəhşətli anları çıxarma yaddan,

İçilən qanları çıxarma yaddan!

Bir vaxt ustadımız Mirzə Cəlilə.

Ömər Faiqə də az qulaq asdıq;

Dost kimi yaşadıq nankorlar ilə,

«Kür, Araz, Ararat» şeirini yazdıq.

Müdhiş talanları çıxarma yaddan,

Əfi ilanları çıxarma yaddan!

Namərdi tanımaq – halal iş, savab,

Min zərbə alsa da düzlük sınmayıb;

Bəzən bilməmişik nə deyib Nəvvab,

Çox vaxt Veliçko da xatırlanmayıb.

Gültək solanları çıxarma yaddan,

Darda qalanları çıxarma yaddan!

Əyilməz vüqarın, dağ mənliyin var,

Özünə arxalan, özünə sığın!

Xalqım, nə yaxşı ki, nikbinliyin var,

Fəqət faciədir unutqanlığın.

Şəhid olanları çıxarma yaddan,

Heç zaman onları çıxarma yaddan!