adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Mart 2019 16:03
55398
ƏDƏBİYYAT
A- A+

İKİNCİ ÖMÜR-ÖLMƏZLİK

Qarşıda enişli-yoxuşlu dağ yolu. Çılpaq qayalardan əsən külək qarı sovurub dərələrə tökür. Maşın çətinliklə qalxır. Axırıncı aşırım arxada qalır. Qədim məzarlığa çatırıq. Qəbirlərdə yatan ulu babalara rəhmət diləyib yolumuza davam edirik. Aşağıda bir-birindən azca aralı üç kənd görünür: Təngəbin, Anzolu, Rvarud. Təngəbini keçib Rvaruda çatırıq. Novruz bayramı ərəfəsində həyətlər səliqə-səhmana salınıb, ev-eşiyə əl gəzdirilib. Bu diyarın şair oğlu Eldar İsgəndərzadə kəndi necə də gözəl vəsf eləyib:

Süfrən açıq olub dosta, tanışa,

Qürurun əyilməz düşsən sınağa.

Çox övladın var ki, bənzərdir dağa,

Səni ucaltdılar.., zirvədə gördüm,

Rvarudum.

Bəli, Rvarud ağsaqqalları, alimləri, ziyalıları ilə Lerikdə deyil, ölkəmizin şəhər və kəndlərində də tanınır. Mirmənsim ağa bu kəndin varlı-karlı kişilərindən olub. Kasıblara əl tutub, qonaq gələndə birinci onun qapısını açıb, duz-çörək kəsib. Uzaqgörənliyi onu sovet rejiminin repressiyasından qoruyub. Mal-dövlətini itirsə də, nüfuzunu itirməyib. Xeyirxah övladlar boya-başa çatdırıb. Böyük oğlu Şamil müəllim rayonda ağsaqqallıq missiyasını öz üzərinə götürüb. Məsul vəzifələrdə işləyib, birinci katib olanda çox iş görüb. Ailənin ikinci övladı Əyyub ötən əsrin altmışıncı illərində respublikada tanınmış kənd təsərrüfatı elmlər doktoru idi, Azərbaycan Respublikası Ali Sovetində lerikli seçiciləri təmsil eləyirdi. Ortancıl oğlu Xeyrulla Lerikdə ilk tikinti peşəsinə yiyələnmiş ali təhsilli mühəndisdi. Rvarud kəndinin yetirməsi Soltanağa Ağayev respublikada istedadlı iqtisadçı alim, Neft Akademiyasının professoru idi.

Rvarudun ağsaqqallarından Hüseyn Həsənov müharibə illərində təcrübəli təsərrüfat rəhbəri olub, camaatı çörək sarıdan korluq çəkməyə qoymayıb. Məmməd İmanov kolxozda mühasib işlədiyi dövrdə el-obada hörmət qazanmışdı. Məktəbin mərhum müəllimləri Qələmirzə Mirzəyevin, Fərman Bağırovun, Aydın Bəhmənovun, Mirzəbəy Vəliyevin, Salam Salayevin yetirmələrinin sorağı ölkəmizin elm, təhsil, sağlamlıq, mədəniyyət ocaqlarından gəlir. Onların missiyasını bu gün xələfləri davam etdirirlər, Rvarudun salnaməsinə şanlı səhifələr yazırlar.

Mirmənsim ağanı yaxından tanımasam da iki oğlu təhsildaşım idi. Vəli İsgəndərovla Lerik orta məktəbində oxumuşduq. O, Gəncə Kənd Təsərrüfatı Institutunu bitirdi, Lənkəranda işlədi. Mirəhmədlə pedməktəbdə qəbul imtahanı vermişdik. Sözünün ağası, etibarlı adam idi. Pedaqoji institutu qiyabi bitirdi. Tələbə yoldaşı Tamara xanımla evləndi. Doğma kəndindəki məktəbdə direktorun tədris məsələləri üzrə müaviniydi. Ömür-gün yoldaşı dünyadan köçəndən sonra çox yaşamadı. Indi oğlu Əyyar ata yurdunda onun vəzifəsini aparır.

* * *

Xeyrulla İsgəndərov 1934-cü il mayın 10-da doğulmuşdu. Ibtidai təhsilini kənd məktəbində, orta təhsilini Çayrud və Lerik məktəblərində almışdı. Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə Bakı şəhərində başlamışdı, iş icraçısı işləmişdi. Paytaxtın indiki Nərimanov rayonunda çalışan cavan oğlan bacarıqlı, savadlı, prinsipial inşaatçı kimi özünü doğrultmuşdu. Montin qəsəbəsində yenicə istifadəyə verilmiş binada mənzil almışdı.

Doğulduğu, boya-başa çatdığı diyarda qurub yaratmaq Xeyrullanın çoxdankı arzusu idi. 1969-cü ildə Lerikə qayıtdı. Ona rayon kommunal təsərrüfatı birliyində baş mühəndis vəzifəsi təklif olundu, razılaşdı. Bu dövrdə mənzil tikintisini birliyin inşaatçıları aparırdılar. Rayon mərkəzi qəsəbə statusu alandan sonra ikimərtəbəli binanın bünövrəsi qoyulmuşdu. Işlərin ləngiməsi baş mühəndisi narahat etməyə bilməzdi. Bunun səbəblərindən biri, həm də başlıcası tikinti meydançasına inşaat materiallarının vaxtında çatdırılmaması idi. Qarşıdan payızın yağmurlu, qışın sərt günləri gəlirdi. Çıxış yolunu Kommunal Təsərrüfat Nazirliyinə müraciət etməkdə görürdü. Birliyin rəhbərliyinin razılığı ilə Bakıya getdi. Problem həllini tapdı. Mişar daşı, armatur, sementlə yüklənmiş vaqonlar yola salındı. Beləliklə, tikintidə işlərin gedişində dönüş yarandı, bina vaxtında istifadəyə verildi. Mənzillər qapılarını sakinlərin üzünə açdı.

Bu dövrdə rayonda kolxozlararası tikinti idarəsi də fəaliyyət göstərirdi. Təsərrüfatlarda heyvandarlıq binaları tikilirdi. Işlərin gedişi rayon rəhbərliyini razı salmırdı. Tikinti təşkilatına Xeyrulla İsgəndərov müdir təyin olundu. Bir ilə idarənin fəaliyyətindəki gerilik aradan qaldırıldı, kəndlərdə mexanikləşdirilmiş binalar tikildi. Bir neçə kolxozda inzibati idarə istifadəyə verildi.

Yaxşı yadımdadır, 1974-cü ildə rayon rəhbərliyi ilə Xeyrulla İsgəndərov arasında münasibətlər soyumuşdu. O, ərizə yazıb işdən çıxmışdı. Rayon icraiyyə komitəsində baş memar işləyirdi. Ona təklif olunan vəzifələrdən imtina edirdi. Bir neçə dəfə biz onun yanına getdik, barışdırmaq istədik, mövqeyini dəyişmədi. Nəhayət, 1976-cı ilin yazında yola gətirə bildik. Rayon yol-tikinti idarəsinin müdiri təsdiq olundu. Böyük həvəslə işə başlamışdı. Vaxtsız əcəl aman vermədi. Elə həmin ilin iyun ayının 18-də dünyasını dəyişdi. Mən bu üzücü xəbəri Bakıda eşidib yola düşdüm. Rvaruda çatanda artıq əziz dostumu doğulduğu torpağa tapşırmışdılar.

Şair-publisist Ağacəfər Həsənlinin xatirələrindən:1975-ci ilin noyabrıydı. Rayonda çıxan "Bolluq uğrunda” (indiki "Lerik”) qəzetində müxbir işləyirdim. Rayonla kənd arasında məsafə uzaq olduğundan Lerikdə qalır, arada fürsət düşən kimi Rvaruda baş çəkirdim. Bir gün yenə Lerikin "Kəklik” restoranı adlanan aşağı hissəsində dayanıb maşın gözləyirdim. Çünki Lerik şəhərinin kəndimiz yerləşən cənub istiqamətində nəqliyyatın dayanacağı həmin yerdəydi. Qaş qaralır, axşam düşürdü. Birdən "UAZ” markalı maşın düz qabağımda dayandı. Sürücü "əyləşin” desə də, arxada oturan orta yaşlı kişi qapını açdı, xidməti maşınından düşdü. Mənimlə mehribancasına görüşdü. O, qayğıkeşliklə sualı suala caladı:

-Hara gedirsən? Gecəyə düşərsən. Gəlib indiyəcən mənə niyə dəyməmisən? Burada beş dəqiqə gözlə, indicə bu maşın, gəlib səni kəndə qoyacaq, - deyən Xeyrulla Mirmənsim oğlu idi. Bu işıqlı, xeyirxah insanı lap Tanrı göndərmişdi. Çünki maşın tapmaq müşkül məsələydi, ümidim öləzəyir, get-gedə tükənirdi. Az sonra həmin dövlət nişanlı xidməti maşın deyil, başqa bir taksi "UAZ” gəlib çıxdı. Köhnə tanışım, sürücü Məmmədhüseyn "Xeyrulla müəllim Lənkərana getməli oldu, tapşırdı ki, səni mən aparıb kəndə qoyum, dur gedək”-dedi.

O, sözün əsl mənasında nur parçasıydı. Ulu Yaradan ona o qədər böyük, geniş ürək vermişdi, tanıyanlar, xarakterinə bələd olanlar, Xeyrulla İsgəndərovu heç kəslə müqaisə etməzdilər.

Partiya və sovet orqanlarında rəhbər vəzifələrdə işləmiş Qəhrəman Əliyevin söhbətindən: "Mərhum Xeyrulla İsgəndərovu fədakar inşaatçı, işıqlı ziyalı, yurdsevər insan kimi tanıyırdım. O zaman rayonda kolxozlararası tikinti idarəsi fəaliyyət göstərirdi. Xeyrulla bu idarənin müdiri idi. Bacarığına, təşkilatçılığına söz yox idi. Ötən əsrin 60-70-ci illərində rayonda geniş vüsət almış məktəb tikintisi onun adı ilə bağlıdır. Vəfatı hamımızı kədərləndirdi. Dünya gəldi-gedərdi, yalnız insan əməlinin nəticəsi, bir də yaxşılıqları qalır. Xeyrulla İsgəndərov da özündən sonra yaxşı əməl, yaxşı ad saxladı”.

Hacı Ağabəy Vəliyevin dediklərindən:Biz həmyaşıd idik. Mən müəllim peşəsini seçdim, kəndimizə təyinat aldım. Xeyrulla institutu bitirib Bakıda qaldı, tikinti idarəsində işləyirdi. Əli Rvaruddan paytaxta oxumağa gedənlərin üstündəydi. Kimin cibinə xərclik salırdı, kimə qalmağa ev tapırdı. Kəndin abadlaşmasına da köməyi dəyirdi. Yollarımızı təmir etdirməyə söz vermişdi. Arzusu üsrəyində qaldı. Aramızdan vaxtsız getsə də, unudulmur, yada düşür.Ruhu şad olsun.

* * *

Xeyrulla İsgəndərov baharda doğulmuşdu. 42 il ömür sürdü. Az yaşadı, çox iş gördü. Xeyirxahlığı ilə ikinci ömür-ölməzlik qazandı. Lerikin kəndlərində tikdiyi məktəblər, ucaltdığı evlər yadigar qaldı. Memarı olduğu binaların yanından keçəndə nurlu çöhrəsiyada düşür, səmimiyyəti, insanpərvərliyi xatırlanır. Bu yay 85 yaşı tamam olur. Dostları,tanışları, övladları müqəddəs Əbdülqasım türbəsində məzarını ziyarət edəcəklər.

Dostumuzun ruhu şaddır. Ondan yadigar qalan iki övladı-Elman və Eldar mərd, cəsarətli, yurdsevər ziyalılardır. Elman elm adamıdır, texnika üzrə fəlsəfə doktorudur. Eldar tanınmış şair-telejurnalistdir, sənədli filmlərin müəllifidir. Bir neçə il öncə atasının ölümünə yazdığı "Həyat ya ömür” şeirini oxuculara təqdim edirik:

Ulduzlar gəldilər, dönüb getdilər,

Yandılar, yandılar, sönüb getdilər.

Var ikən yoxluğa dönüb getdilər,

Həyat, ya da ömür budurmu, atam?

On yaşlı bir uşaq nə deyə bilər,

Ağladı... gözünü nə yuya bildi...

Ata ölümünü bir röya bildi,

Həyat, ya da ömür budurmu, atam?

On səkkiz iyuna bir az vaxt qalıb

Sənsiz on səkkiz il ömrüm boy atıb.

Eh, sənsizlik qalıb, qara bəxt qalıb,

Həyat, ya da ömür budurmu, atam?

Baş daşının üstə səkkiz rəqəm var,

O tarixə sığan bir ömür-qəm var.

Mənim gözlərimdə həsrət varnəm var,

Həyat, ya da ömür budurmu, atam?

Həyatı bilməyib dərdə baş əydim,

Həyatı mən səndən öyrənməliydim.

Yüyürdüm öyrənim, üz üstə dəydim,

Həyat, ya da ömür budurmu, atam?


Həmzə Vəliməmmədov,

əməkdar jurnalist