AZƏRBAYCANLA TüRKiYƏNi KiMSƏ QARŞI-QARŞIYA QOYAMAZ!

AQİL ABBAS
24310 | 2009-09-04 00:58
Hər dəfə Ermənistanla sərhədlərin açılma söhbəti ortaya çıxanda iki qardaş ölkənin arasında bir gərginlik yaşanır. Bu da təbiidir, çünki uman yerdən küsərlər. Və biz də uzaqbaşı, bir balaca küsə bilərik. Dəfələrlə yazmışam və yenə yazıram, Türkiyə Ermənistanla sərhədi açsa da, Azərbaycanla Türkiyə arasındakı münasibətlər normal çərçivədən çıxa bilməz. Ulu Öndər Heydər Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərin zirvə nöqtəsini qoydu: "Biz bir millət, iki dövlətik!" Atatürk də öz sözünü tarixə yazıb: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi". Nə Türkiyə türkləri Atatürkün sözündən çıxa bilər, nə də Azərbaycan türkləri Ulu Öndərin. Yəni bu məsələyə bir nöqtə.
   
   Ermənistan sərhədi ilə bağlı məsələlərdə Türkiyəni ən kəskin tənqid edənlərdən biri mənəm. Və mənim tənqidlərim də nə Tükiyə türklərinə, nə də Türkiyə dövlətinə yönəlib. Mən sadəcə olaraq iqtidarın siyasətini tənqid etmişəm. İqtidarlar isə gəldi-gedərdi, millət və dövlət əbədidi. İqtidarlar yanlışlıq yapa bilər, millət və dövlət əsla!
   
   Sayın Abdulla Gülün Ermənistan səfəri ilə bağlı kəskin bir yazı ilə çıxış etsəm də, xalqımıza bir uyarıda bulunmuşdum. Bu məsələlərə bir qədər ehtiyatla yanaşın, bir qədər incə yanaşın. Türkiyə bizim qardaşımızdı, yanlışlıq yapan qardaşla savaşmırlar, ona haqq yolu, düz yolu göstərirlər. Türkiyə böyük bir siyasi oyunun içindədir, Türkiyə dağılmaq üzrədir. Amma dünənki yazımda qeyd etdiyim kimi, Türkiyəni dağıtmağa nə ABŞ-ın, nə də Avropa dövlətlərinin gücü yetməz. Niyəsini yaxın nömrələrdə yazacam.
   
   Məsələ nədi? İndi biz Türkiyənin daha çox yanında olmalıyıq. Qardaşlarımız çətin duruma salınıb. Qardaşlarımızı bu çətin durumdan çıxarmaq üçün onları tək qoymamalıyıq.
   
   Onsuz da bütün dünya Azərbaycanla Türkiyənin arasını vurmaq üçün hətta olmayan namusundan da keçməyə hazırdır. Bunu diqqətdə saxlamalıyıq və bilməliyik.
   
   Dünən Türk televizyonlarına baxırdım, İqdırdan canlı yayım verirdilər, "Habertürk"də. Canlı yayıma toplaşanların əlində bu pankartlar vardı: "Hepimiz azeriyiz! Hepimiz qarabağlıyız!". Budu Türk milləti.
   
   Amma bəzi televizyon kanallarında belə də fikirlər söylənilirdi ki, guya Azərbaycanda Türkiyə mallarını boykot edəcəklər. Yalandı, iftiradı və boş sözdü.
   
   Çox təəssüf ki, bizim bəzi qəzetlər də belə bir axmaq fikir söyləyiblər.
   
   Yadınızdadırsa, "Eurovision" yarışması zamanı Türkiyə mətbuatı yazırdı ki, azərbaycanlılar Hadisəyə səs verməyəcək. Mən də yazdım ki, bu nə axmaq sözdü, azərbaycanlılar Hadisəyə ən yüksək bal verəcəklər. Hətta zarafatla da yazdım ki, oxuyan Ərdoğan deyil ha, Hadisədi. Ərdoğan oxusaydı, səs verməzdik.
   
   Üzümü həm Türkiyədəki qələmdaşlarıma tuturam, həm də öz ölkəmizdəki qələmdaşlarıma. Düşmən fitnəsinə uymaq lazım deyil. Bu gün biz Türkiyəni də, Türkiyə türklərini də daha çox bağrımıza basmalıyıq. Çünki görürəm ki, bu gün qardaş Türkiyəni bağrına basacaq bizdən başqa kimsə qalmamış.
   
   Və onu da bilin ki, Türkiyə heç vaxt Ermənistanla sərhədi açmayacaq, aça bilməyəcək. Ona görə yox ki, biz küsə bilərik. Ona görə ki, Türkiyə türklərinin 98 faizi aparılan sorğulara görə bu sərhədin açılmasının əleyhinədir. Yerdə qalan 2 faiz Türkiyədə yaşayan ermənilər, bir də Ermənistanla sərhəd bölgələrində yaşayan bir qism tüccarlardı.
   
   Və bir də sərhədin açılması Ərdoğanın siyasi ölümü deməkdir. Bir siyasətçi öz sözünü tutamazsa, o, siyasi səhnədən silinir. Ərdoğan müdriklik dövrünə hələ indi girir. Belə bir vaxtda yəqin ki, Ərdoğan öz siyasi ölümünə fitva verməz. Ərdoğanın siyasi gələcəyi hələ öndədi. Yəni, Ərdoğan öz siyasi gələcəyinin üstündən xətt çəkərmi?!
   
   May ayının 14-də sayın Ərdoğan Azərbaycan Milli Məclisində qətiyyətlə bildirdi ki, Qarabağ erməni işğalından azad olmayanadək sınır qapılarının açılması söz konusu ola bilməz.
   
   İnanmıram ki, Ərdoğan sözünü yesin. Çünki həm Azərbaycanda, həm də Türkiyədə belə bir məsəl var: KİŞİ (ERKEK) SÖZÜN YEYƏNCƏ...

TƏQVİM / ARXİV