adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Mart 2019 17:45
24573
ƏDƏBİYYAT
A- A+

Qaraçöhrənin ağ günləri

Daş əsrində və yaxud bürünc dövründə Azərbaycanın ərazisinin nə qədər sahəsinin meşələrlə örtülü olduğu heç kəsə məlum deyildir. Tarixçilər və pedaqoqlar, coğrafiyaşünaslar, botaniklər, meşəçilər respublikamızın düzən və dağ zonalarında müasir meşələrimizin vaxtilə olub-olmadığını öyrənmək üçün xeyli tədqiqat aparmışlar, indi də bu sahədə müəyyən işlər görülür.

Bizim geoloji əsrimizdən IV dövrün bir milyon ilə yaxın yaşı vardır. Bu dövrün ən böyük hadisəsi isə insanın əmələ gəlməsidir. Ona görə IV dövrə ayrı bir ad da veriblər-antropogen. Bu dövrün digər vacib hadisəsi isə ərazisin buzlaşmasıdır. Min illər ərzində Skandinaviyanın dağlarında toplanmış nəhəng buzlaqlar Avropa hissəsindən cənuba doğru axıb gəlməyə başlamış və çox geniş sahələri, o cümlədən Azərbaycanın ərazisini də əhatə etdi. Burada buz axınlarından yalnız Talış zonası və cənubi Zaqafqaziya yaxa qurtara bilmişdir.

Buzlaşma dövründə III dövrün zəngin florası donub məhv olmuş, onların tərkibi xeyli kasıblaşmışdır. Ərazisində soyuğadavamlı toz ağacı, şam ağacı və digər incilər yayılmışdır. Bəzi istisevər subtropik bitkilər: dəmirağacı, şümşə, şabalıdyarpaq palıd, azat və s. cinslər özlərinə yalnız Talış zonasında etibarlı sığınacaq tapa bildilər. Həmin dövrdən min illər keçməsinə baxmayaraq respublikamızın ərazilərində bu gün də tək-tək və yaxud qrup halında bitən keçmiş meşə florasına aid olan ağac bə kol növlərinə rast gəlirik.

Qaraçöhrəni dövrümüzə kimi yaşadan nədir?

Son dərəcə nadir və qiymətli qaraçöhrə ağacının müasir geoloji dövrümüzə gəlib çıxması onun uzun ömürlü olması ilə də əlaqədardır. Əlverişli şəraitdə qaraçöhrə 3 min il və daha çox ömür sürür. Cavan yaşlarında çox ləng böyüyür. 100 yaşında cəmi 10-12 metr boy atır. Bu yaşdan sonra boy artımı sürətlənir. Qafqazda yaşlı qaraçöhrə ağaclarının boyu çox vaxt 24-28 metrə, gövdəsinin diametri isə 1, 5 metrə çatır.

Bəs görəsən qaraçöhrəni dövrümüzə kimi yaşadan nədir? Bu sualın cavabını, bu sirri qaraçöhrənin bioloji keyfiyyətləri açır. Təbiətşünas alim Mahmud Xəlilov "Qaraçöhrə" adlı məqaləsində yazır: "Bunlardan ən mühümü qaraçöhrənin qabığının, iynələrinin, zoğlarının, oduncağının zəhərli, toxumalarının isə yeməli olmasıdır. Zəhərli orqanları bu ağac növünü neçə milyon illər vəhşi heyvanların zədələnməsindən mühafizə etmiş və arcalının genişlənməsinə şərait yaratmışdır. Qaraçöhrənin yeməli toxumları həm dadlı, həm şirin, həm də parlaq rəngə malik olub, quşların diqqətini özünə cəlb edir, onun artması və yayılmasında böyük rol oynayır.

Qaraçöhrənin indiyədək qalması səbəblərindən biri də onun yüksək pöhrəvermə qabiliyyətidir. Bu xassəsini qocalığında da saxlaya bilir.

Qaracöhrənin uzunömürlü olmasına səbəb onun oduncağının ziyanverici həşaratlara və göbələk xəstəliklərinə qarşı olduqca dözümlüdür, davamlıdır. Qaraçöhrə şaxtaya və küləyə qarşı da davamlıdır".

Təmiz ağaclıq halında bitən

yeganə meşə sahəsi

Elmi mənbələrdən bəlli olur ki, bu nadir ağac növü vaxtilə Avropada, Kiçik və Şərqi Asiyada, Şimali Amerikada, Türkiyə, İran və Suriyada geniş sahələr tuturmuş. İndi həmin rayonlarda tək-tək və qrup halında rast gəlmək mümkündür.

Qafqazda isə bu qiymətli ağacın qrup və kiçik sahələrinə 30 yerdə təsadüf olunmuşdur. Bunlardan ən məşhuru Gürcüstanda Bastara dərəcəsindədir.

Azərbaycanda qaraçöhrənin varlığına nəzər yetirək. Balakəndə, Şamaxıda, Tovuz, İsmayıllı, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Dağlıq Qarabağda dəniz səviyyəsindən 400-1800 yüksəklikdə bitir. Qəbələnin Həmzəli kəndində, Zaqatala meşələrində və Lerik rayonunda Üçüncü dövr nadir florası olan qaracöhrəlik diqqıəti cəlb edir.

Lerik rayonundakı qaraçöhrə meşəliyini Qafqazda qoruyucu örtüksüz şəkildə yəni təmiz ağaclıq halında bitən yeganə meşə sahəsi hesab olunur. Digər ağac cinslərinin qarşılığı olmadan qaraçöhrəli, qədim Hamarat kəndi yaxınlığında Alçalıq adlanan yaylaqda, Sanqadabulaq çayının sol sahilində, dəniz səthindən 1200-1300 metr yüksəklikdə, sıldırım yamacın cənubi-qərbində yerləşir, sahəsi 2 hektara yaxındır. Bu meşəlikdən 1500-2000 metr aşağıda 30 ədədə qədər başqa qaraçöhrə ağacı qrupu vardır. Bir-birinə yaxın yerləşən hər iki qaraçöhrəlik geniş meşəsiz ərazidə yerləşir. Onların burada mövcudluğu maraq doğurur. Bəlkə də meşənin burada qalmasının bir səbəbi də qaraçöhrənin müqəddəs ağac hesab edilərək toxunulmaması, digər səbəbi isə, onun yarpaqlarının, zoğlarının , qabığının, gövdəsinin zəhərli olub mal-qara tərəfindən zədələnməməsidir.

Yardımlı rayonunun Alar kəndinə yaxın sahədə bir-birindən aralıda yerləşən 6 ədəd qaraçöhrə ağaclarına təsadüf olunmuşdur. Yerli əhali qaraçöhrə ağacına "peyğəmbər ardıcı" deyir, bu ağacı müqəddəs hesab edir.

Biz Bradi kəndində olarkən nurani bir kişi ilə rastlaşdıq. Qaraçöhrə ilə maraqlandığımızı görüb dedi:- burada böyüklərdən eşitmişəm . Həmin ağacın yarpaqlarını, zoğlarını yeyən keçi ölub. Ona görə də bu ağaca yerli adamlar keçi öldürən deyiblər.

Qaraçöhrənin kəsilməsi

bütün dünyada qadağan edilib

Qaraçöhrənin ziyarətinə gedərkən Bradi kəndinin ziyalısı Habil Əliyev və Dastan həkim məntəqəsinin həkimi Nizami Suvarov bizə bələdçilik etdilər. Doğrusu, qaraçöhrə meşəliyin gördükdə, ərazi ilə tanış olduqda xeyli heyrətləndim. Əvvəla, meşəliyi belə təsəvvür etmirdim. Elə zənn edirdim ki, 20-30 ağacdan ibarətdir. Elə zənn edirdim ki, 20-30 ağacdan ibarətdir. Antropogen dövrünün bəşəriyyət üçün qoruyub saxladığı bir yadigarla-relikt qaraçöhrə ağacları ilə üz-üzə idik. Hər bir ağac qiymətli abidə, qaya parçaları isə qoruyucu əsgərlər idi sanki.

Dünya miqyasında qaraçöhrə meşələrinin azalmasına, arealının qarşısının alınmasına, nəslinin yox olma təhlükəsi qarşısında qalmasına əsas səbəblərdən biri də müntəzəm olaraq davam edən insan fəaliyyəti ilə əlaqədardır. Bu ağacın sənaye üçün əvəssiz material olması, oduncağından müxtəlif dülgərlik, məişət avadanlıqlarının hazırlanması nadir ağacların kəsilməsinə, nəslinin azalmasına səbəb olmuşdur. Hələ çox qədimlərdə ingilislər öz məşhur ox və kamanları üçün qaraçöhrə materialından istifadə etmişlər.

Qaraçöhrə gözəl dekorativ görünüşə, estetik gözəlliyə malik həmişəyaşıl ağacdır. Çətiri yumurtavari slindir şəklində sıx tünd yaşıl iynələrdən təşkil olunmuşdur. Bu relikt bitkisi qayçılamanı da olduqca yaxşı qəbul edir və ona verilən formanı uzun müddət saxlayır. Bir sıra ölkələrdə qaraçöhrə bəzək bitkisi kimi şəhərdə becərilir, parkları bəzəyir.

Səlahiyyət sahibləri

sözümüz sizədir

Biz Lerik rayonunun ərazisində məskunlaşmış qaraçöhrə meşəliyi barədə iradlarımızı və tənqidi fikirlərimizi bildirməyi bir jurnalist, publisist təbiət təəssübkeşi, bir vətəndaş olaraq özümüzə borc bildik. Bəşəriyyətin Azərbaycana bəxş etdiyi nadir incilərdən biri də qaraçöhrədir. Yəqin indi uzaq Amerika alimləri, ekoloqları da bundan xəbərsiz olmazlar.

Meşəliyin ətrafındakı ərazilər hazırda otlaq kimi istifadə olunur. Meşəaltında yeniyetmə və cavan ağacların olmaması şübhəsiz, burada mal-qaranın intensiv otarılması ilə əlaqədardır. Ərazidə ilboyu mal-qara, qoyun-keçi otarılır, yayın isti günlərində mal-qara körpə ağacları dırnaqları ilə basıb məhv edir. Biz qaraçöhrə meşəliyini gəzərkən çoxdan kəsilmiş ağaclara rast gəldik. Deməli, nadir ağaclara balta çalanlar da var.

Üzümü aidiyyatı qurumlara tuturam: Dünyada nadir olan, yaşıl ağacların tacı, yurdumuzun şöhrəti, Azərbaycanın nadir meşə örtüyünə malik olduğunu göstərən qaraçöhrə meşəliyinə diqqət və qayğını artırmaq, sahəsini genişləndirmək, bu nadir ağacları əli baltalılardan, digər zərərvericilərdən qorumaq olmazmı? Dünyada nadir olan bu meşəliyin dövlət tərəfindən qorunduğunu göstərən lövhələr açmaq necə, çətindir?

Çox yaxşı olardı ki, qaraçöhrə meşəliyi dəmir torla hasara alınsın, turistlərin baxması üçün girişlər qoyulsun, burada qaraçöhrənin elmi, bioloji, tibbi mahiyyətinə dair plakatlar asılsın. Meşəliyi daim qorumaq, nəzarətdə saxlamaq, təbliğ etmək üçün bu ərazini onu qoruyana təhkim etmək, qoruq elanq etmək yaxşı olardı.

Bir sözlə, nə ediriksə, Azərbaycan naminə etməliyik.

İdris Şükürlü,

Əməkdar jurnalist