adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

TüRKiYƏNi DAğITMAğA AKP-nin GüCü çATMAZ

AQİL ABBAS
26700 | 2009-08-18 04:11
Canımızdan artıq sevdiyimiz Türkiyədəki indiki durum 1987-88-ci ildəki SSRİ-nin durumuyla eynidir. Uzaq zaman deyil, Qorbaçovun hakimiyyətə gəlməsiylə SSRİ-də demokratik bir "açılım" başlandı, ölkədə milli münaqişələr qızışdı, terror ayaq tutub yeridi, dövlət iqtisadi böhrana sürükləndi, aşağıların dediyini yuxarılar eşitmədi, yuxarıların dediyini də aşağılar qəbul etmədi. Bir xaos və sonunda dünyanın ən qüdrətli dövləti darmadağın oldu və Rusiya kimi bir dövlət Banqladeşin gününə düşdü. Və bu gün Rusiyanın dünyada hörməti elə Banqladeşin hörmətindən bir az artıq olar. Putin Rusiyanı yenidən söz sahibi eləmək üçün nə qədər qeyrət göstərsə də, hələ ki elə bir ciddi irəliləyiş yoxdur. Əllərində beş-altı atom bombası olmasa bu dəqiqə ABŞ və Avropa Rusiyanı İraqın gününə salar.
   
   Məşhur "26-lar" filmində belə bir yer var:
   
   - Rusiya batır, cənablar!
   
   - Hə, hə, get, ağla!
   
   Yəni mən Rusiyanın dağılmasına ağlamıram, amma məhv olmasına da sevinmirəm. Çünki Rusiya dünyada bir tarazlığı qoruyub saxlayırdı, dünyada bir əmin-amanlıq vardı. İndi dünyanın bir yiyəsi var (yox, Tanrı deyil, ABŞ dünyanı Tanrının əlindən çoxdan alıb), o da istədiyini eləyir. Xüsusilə də İslam dövlətlərini məhv eləmək üçün çoxdan hazırladığı planı addım-adım həyata keçirir. Allah işini avand eləsin.
   
   Hərdən ABŞ-ın əleyhinə yazı yazanda mənə dostlar telefon açırlar ki, qorxmursan? Amma niyə qorxmalıyam, başa düşmürəm. Evdə arvaddan qorxaq, çöldə ABŞ-dan, gedək özümüzü asaq? Vəfa Quluzadə də məni bağışlasın, vallah, mənim ABŞ-dan xoşum gəlmir.
   
   Və həmin ABŞ bu gün də canımızdan çox sevdiyimiz Türkiyəni dağıdır. Təbii ki, türklərin öz əli ilə. AKP-nin hakimiyyətə gəlməsi ilə iki iliydi sıfır nöqtəsində olan terror yenidən baş qaldırdı. Türk Ordusunun əlindən qaçıb İraqın dağlarında gizlənmiş PKK yenidən döndü Türkiyəyə. ABŞ-ın projesi (Vəfa müəllim məni yenə bağışlasın) addım-addım yox, türklərin özü demiş jet sürətilə həyata keçirilir. Türkiyə sivil bir dövlət olmaqdan çıxarılıb İslam dövlətinə çevrilməkdədir. Adını da qoyublar "ilımlı" İslam. Mən bilmirəm İslamın istisi, soyuğu, ilımlısı, bərki, boşumu olur? Ölkədə türk-kürd qardaşlığına bir nüvə bombası atılıb. Bu Xirosimaya atılan bombadan yüz dəfə təhlükəlidir. İslam dövlətlərinin içində ən demokrat dövlətin Türkiyə olduğu şəksizdir. Türkiyə demokratiyası ABŞ-ın da, Fransanın da, İngiltərənin də demokratiyasından yüksəkdə idi. Belə olan anlamda hansı "demokratik açılım"dan danışırsınız? Bu "demokratik açılım" deyil, əslində Türkiyənin pantalonunun kəmərinin açılmasıdı. AKP demokratiyası əslində AKP diktaturasına çevrilib. Ölkədə demokratik fikirli alimlər, ziyalılar, generallar uydurma "Ergenekon" damğası ilə içəriyə atılıb. Atatürkçülər həbsxanalara doldurulub. "Nə mutlu türkəm" demək yasaq edilib. Atatürkün heykəlinə yaxın düşə bilməyənlər indi Atatürkün heykəlinin çiyninə çıxaraq PKK, Öcalan plakatları qaldırırlar. PKK-çılar ilk terror törədib mehmetcikləri şəhid etdikləri yerdə 25 illik Zəfər bayramlarını qeyd edirlər. Və Türkiyənin də bivec televiziya kanalları o Zəfər bayramını canlı yayınlayıblar. Bir monitorinq keçirsələr görünər ki, Türk Ordusunun 87-ci ildönümü ilə bağlı keçirilən Zəfər bayramına televiziya kanallarının ayırdığı vaxt PKK-nın keçirdiyi Zəfər bayramlarına ayırdığı vaxtdan azdır. Hətta dövlət televiziyası olan "TRT" Türk Ordusunun Zəfər kutlamalarına o qədər yer ayırmadı.
   
   Dünən PKK-nın keçirdiyi mitinqlərdə Orduya daha ciddi bir məsələ qoyuldu. Türkiyə dövlətini hədələdilər ki, özünüzü yaxşı aparmasanız ayrılmaq məsələsini qaldıracağıq. Yəni cin yuvadan çıxıb. AKP hökuməti də yuvadan çıxan cini sığallamaqla, yedirdib-içirtməklə məşğuldu.
   
   Genelkurmay başkanımız İlkər Başbuğun da sərt açıqlamaları ölüm anında olan insanın son anda işıq verməsinə, üzünün nurlanmasına bənzəyir.
   
   Bəli, bir açılım bitməmiş srağagün AKP hökuməti başqa bir açılıma imza atdı. Daha dəqiq desək, imza atmadı, türk dövlətinin altına başqa bir domba da qoydu: "Ermənistan açılımı". İsveçrədə millətdən və Ordudan xəbərsiz bir protokola imza atdılar. Və bu protokola görə, iki aydan sonra Türkiyə-Ermənistan sərhədi açılmalıdır. Özü də bu sərhəd açılımında bütün tavizləri Türkiyə ödəyir. Sərkisyan rəsmi bəyanat verdi ki, Ermənistan heç bir taviz verməyəcək: nə torpaq iddiaları ilə bağlı, nə "soyqırım"la bağlı, nə də Qarabağla bağlı.
   
   Türkiyə-Ermənistan sərhədinin açılmasını mən Azərbaycan üçün o qədər də dəhşətli bir faciə qəbul etmirəm. Əvvəla, siyasəti olan bir adam kimi və informasiyalara malik bir adam kimi bilirəm ki, Türkiyə-Ermənistan sərhədləri de-fakto çoxdan açıqdı. Və həmişə yazılarımda da öz xalqımıza izah etməyə çalışıram ki, buna görə Türkiyədən küsmək lazım deyil, türk xalqından küsmək lazım deyil. Və bu heç də faciəli bir iş deyil. Azərbaycan öz torpaqlarını öz siyasətiylə, möhtərəm prezidentimiz İham Əliyevin Ali Baş Komandanı olduğu Ordusu ilə azad edəcəkdir. Sadəcə olaraq zamana ehtiyac var.
   
   Sərhədin açılması Türkiyənin özü üçün bir faciədir.
   
   Bəli, Türkiyə 1987-88-ci illərin SSRİ-nin yaşadığını yaşayır. SSRİ dağıldı. ABŞ-ın ağıllı siyasəti nəticəsində Qorbaçov kimi bivecin hesabına SSRİ dağıldı.
   
   Amma ABŞ və Avropa Türkiyəni dağıda bilməyəcək, gücləri yetməyəcək! Niyə? Bunu sonrakı nömrələrimizdə oxuya biləcəksiniz.
   
   Yeri gəlmişkən, Almaniyada yaşayan yazar qardaşımız Orxan Arasa ünvanladığım bir məktubda demişdim: "Orxan bəy, biz Rus işğalından azad olduq. Gün o gün olsun Türkiyə də ABŞ işğalından azad olsun!"
   
   Türkiyənin niyə dağılmayacağını bilmək istəyirsinizsə, nömrələrimizi izləyin!

TƏQVİM / ARXİV