adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2019 15:46
38807
MƏDƏNİYYƏT
A- A+

MASALLILARIN NOVRUZ OVQATI

Novruz insanların xoş ovqat, arzu, ümid, istək, gələcək günlərə ərməğan bəxş edən bayramıdır. Təbiət oyanır: torpaq donunu dəyişir, çöl-çəmən al-əlvan rəngə bürünür, ağaclar tumurcuqlanır, çiçəkləri, yarpaqları ləçəkləyir. Yazın gəlişi özü ilə insanlara qeyri-adi ab-hava gətirir. Taxıl zəmiləri torpağın sinəsinə bərəkət bəxş edir, küsənlər barışır, qonum-qonşular bir-birinə qonaq gedir, deyib gülür, sevinc dolu günlər yaşanır. Bu bayram xalqımızın tarixində gözəl izləri olan xoş bir məqamdır. Yurdumuzun daha da gözəlləşməsinə, inkişafına, abadlaşmasına, təmizliyinə, bin-bərəkətinə qapı açır. Bu qeyri-adi gün bizi daha xoşbəxt gələcəyə, bahar təravətli günlərə aparır. Bahar müjdəsi insanların sağlamlığına rəvac verir.

Bayramqabağı günlərdə Masallının hər guşəsində səliqə-sahman yaradılır. Şəhər bayram libasına bürünür. Bu ovqat şəhərin hər küçəsində, rayonun hər kəndində hiss olunur. Bu baharı Masallı gözəl tikililəri, səliqə-sahmanlı küçələri, bağ-parkları, ən ucqar kəndlərə gedən rahat asfalt yolları, yaradılmış yaşıllıqları ilə qarşılayır.

Şəhər, qəsəbə, kənd və şirkətlərdən Bayram festivalına gələnlərin yolu "Asan xidmət”in meydanında birləşir.

Gözəlliyi ilə Masallını yaraşığa gətirən "Asan həyat” kompleksinin qarşısındakı geniş meydanda düzənlənən Bahar festivalında min bir nemətli süfrələr könülləri riqqətə gətirir, insanların üzündə sevinc-səadət cilvələnir. Xalçaların üstündəki hər nemət, hər əşya insanların marağına səbəb olur. Ötən illərdən fərqli olaraq bu Bahar festivalında xarici ölkələrin - Türkmənistan, Özbəkistan, İran İslam Respublikası səfirliklərinin nümayəndələri də iştirak edir, maraqlı eksponatlarını reklam etdirirlər. Azərbaycan Respublikası yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi”nin Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festivalın əsas məqsədi xalqımızın qədim milli dəyərlərini özündə ehtiva edən Novruz adət-ənənələrinin gələcək nəslə estafet etməkdir.

"Azad həyat” kompleksinin geniş meydanında süfrə açmış insanların ürəyi də geniş və açıqdır, xalqın milli-mənəvi dəyərləri, qonaqpərvərlik ruhunu nümayiş etdirir.Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovfəallar, ağsaqqallar, qonaqlar, idarə-müəssisə rəhbərləri, hüquq-mühafizə işçiləri ilə meydana daxil olur. Rayon rəhbəri ilə festival iştirakçıları arasında söhbət başlayır. RİH başçısı hər kəndin, şirkətin süfrələrə, stollara düzdüyü çeşid-çeşid şirniyyat və milli xörəklərlə maraqlanır, fikir mübadiləsi aparır, razılığını bildirir, tövsiyələr verir.

"Masallı nemətləri” MMC-nin çəltik emalı zavodunun reklam etdirdiyi 900 qram, 3, 5, 10, 15 kiloqramlıq kisə qablardakı "Haşimi”, "Apollo”, "Okean” sortlu düyülər maraq yaradır. Masallı brendi adını almış bu məhsulları indi alıcılar bazar və mağazalarda həvəslə alırlar. Bu həm də rayonda çəltikçiliyin inkişafına rəvac verir.

İlin bu vaxtında Şərəfədəki Masallı Aqro istixana kompleksinin yetişdirdiyi pomidor diqqəti cəlb edir.
Ərkivandan gətirilən dulusçuluq məhsulları- nehrə, küplər, piti bərniləri, səhəng, çölməklər, habelə irili-xırdalı sandıqlar əsl xalq sənəti nümunələridir.
Masallı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sənətkarlıqla hazırlanan əl işləri hamının marağına səbəb olur.

Bakı "Loqos” Psixologiya Mərkəzinin Lənkərandakı filialının kollektivi uşaqların nitq mədəniyyətini yaxşılaşdıran müxtəlif müasir aparatlar, bu sahədə sınaqda özünü təsdiqləyib.
Rayon icra hakimiyyəti başçısı digər köşkdə Boradigahdan gətirilmiş misgərlik məmulatları, qeyrət simvolu olan papaqlarla tanış olur, bunların əsl sənətkarlıq nümunəsi kimi dəyərləndirir. Rayon rəhbəri burada Türkoba sənətkarlarının toxuduğu zənbillərə, Sərçuvarın şan balına da rəğbət bəsləyir.
"Azərsun Holdinq” şirkətinin nümayiş etdirdiyi günəbaxan və qarğıdalı yağları diqqət çəkir.
Bahar festivalında iştirak edən Şəki, Quba və Mingəçevir "Asan həyat” mərkəzləri isə bir əsrdən çox yaşı olan, bu gün də məişətimizdə işlədilən müxtəlif mis qabları, güyüm, dəmir şəbəkələr, habelə meyvə, bayram çərəzləri nümayiş etdirirlər.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin gətirdiyi noxud, meyvə quruları, "Kənddən şəhərə” reklamı ilə təqdim edilir.

Çaxırlıda qadınların məşğulluğuna dəstək göstərildiyindən bu gün ərazidə iki Qadın İnkişaf Qrupunun yaradılmasına nail olunub. "Cənub” çörək təndirində və "Bahar” tikiş qrupunda 24 nəfərdən çox qadın çalışır. Bu günlərdə RİH başçısı R.Hüseynov "Bahar”a Yaponya istehsalı olan 3 tikiş maşını hədiyyə verib. Bu da qadınların iş şəraitinə, fəaliyyətlərinə müsbət təsir göstərir. Pavilyonda qadın əməyinin məhsulları – müxtəlif növ çörəklər, mələfələr, balış və yorğan üzləri, yataq dəstləri, çağalar üçün bürünmələr və s. nümayiş etdirilir.

İran İslam Respublikasının nümayəndələri bəzəkli kaşı kuzələri, Şərqin nəhəng şairləri – Hafizin və Xəyyamın çapdan çıxmış əsərlərini, nəfis şəkildə hazırlanmış müqəddəs "Qurani- Kərim”i təqdim edirlər.

Türkmənistan Respublikası səfirliyinin hazırladığı masanın üzərindəki qadın tacları, dəmə qoyulmuş çayniki isti saxlamaq üçün yundan toxunmuş üstlük, 2 simli qədim milli çalğı aləti olan Dütar hamıda maraq yaradır.

Özbəkistan nümayəndələri isə tədbir iştirakçılarını gözəl tablolar, keramika və ağacdan hazırlanmış çay dəstləri, mücrülər, suvenirlər, böyük ustalıqla toxunmuş araxçın – doppelərlə heyrətləndirə bilirlər. Daşkənddə yaşayan azərbaycanlı Şahidə xanım insanlarla tez ünsiyyət yarada bilir.
Yurd-çadır görüntüsü hamını heyran qoyur. Rayon rəhbəri və onu müşayiət edənlər çadırın içindəki yataq və istirahət dəstlərini yüksək dəyərləndirirlər.

Şəhərin İsgəndərli yaşayış massivinin sakini Adil İsgəndərlinin ağacdan hazırladığı eksponatlar möcüzəli görünür. Mücrülər, şamdanlar, gül qabları, quş yuvaları, güzgü qeyri-adiliyi ilə seçilir. Adilin hazırladığı gizli qadın seyfinin sirrini ondan başqa bilən yoxdur. Cənab R.Hüseynov bu istedadlı gəncin hazırladığı suvenirlərin nümayişi və "Abad həyat”a daxil edilməsi barədə tapşırıq verir.
"Masallı”, "Viləş” otellərinin, "Qamo” istirahət mərkəzinin hazırladıqları növbənöv yeməklər xalqımızın ən nümunəvi mətbəxini nümayiş etdirir.

"Baba bulağı” istirahət mərkəzinin pavilyonunda əsasən salatları reklam etdirir. Mərkəzin direktoru Əfqan Babayev rayon rəhbərinə məlumat verib deyir ki, ötən payızda 15 hektarda feyxoa və müxtəlif növ ağaclar əkilmişdir. Bu kampaniya yazda da davam etdiriləcək.
Xıl, Köhnə Alvadı, Qızılavar, Lürən ərazilərindən gələnlərin də bayram süfrəsini zənginləşdirmək səyləri qiymətləndirilir.

Şıxlar və yeyənkəndlilərin də süfrələri bayram sovqatları ilə bəzədilib.
Bədəlanlılar isə dəmirdən hazırlanmış əmək alətləri – düz və əyribellər, maşa və daraq, yuxayayan, ələk və s. ilə festivala gəliblər.

Öncəqalalıların pavilyonunda bayram şirniyyatları ilə bərabər tanınmış rəssam Ehtiramın çəkdiyi tablolar və portretlər yüksək sənətkarlıq nümunəsi kimi yadda qalır.

Sığdaşlılar isə qədim daş alətləri ilə baxanları heyran qoyur. Qarğalıq, Miyankü, Qızılağac, Mahmudavar nümayəndələri bayram şirniyyatlarının zənginliyi ilə xoş ovqat yaradırlar.
Kolatanlılar isə ağac alətlərini nümayiş etdirirlər. Nəfis şəkildə hazırlanmış beşik ana laylasını yada salır. Təəssüf ki, körpələrin bu rahat yuvasından indi az istifadə olunur.

Şərəfə aqroistixana kompleksi təzə-tər pomidoru, bayram sovqatları, "Həcər” isə xalq folkloru nümayiş etdirir.

Xırmandalı, Həsənli, Təzə Alvadı, Qodman, Qəriblər əraziləri də festivala bol nemətlərlə gəliblər.
Masallı Dövlət Regional Kollecinin tələbələri iştirakçıları Bahar mahnıları ilə sevindirirlər.
Səməni baharın ən dəyərli və sevimli atributudur. Bütün süfrə və masalara səməni düzülüb. Meydanın ortasında qurulan tonqal birazdan məşələ dönəcək. Qaranquş geyimli balalar tonqal ətrafında rəqs edir, mahnı oxuyurlar.

Bayram tonqalları da xalqın birliyindən, insanların xoş münasibətindən, xoş növraqdan xəbər verir.
Rayon icra hakimiyyətinin başçısı R.Hüseynov məşəli tonqala yaxınlaşdırır. Yanan tonqalın şöləsi, hərarəti ətrafa yayılır. Bu hərarətdən insanlar güc-qüvvət alır, ölkəmizin çiçəklənməsi üçün birlik, doğmalıq nümayiş etdirirlər.

Baharın atributları Keçəl və Kosa bayram sovqatları ilə dolu heybələrilə rəqs edir, Novruz mahnıları oxuyurlar.

Bahar qız da balacaların arasındadır. Kosa, Keçəl və Bahar qız festivala xoş arzularını bildirir, rayon rəhbərini, tədbir iştirakçılarını salamlayır, bayram sovqatı paylayır, yumurta döyüşdürürlər.
"Halay”ın, "Həcər”in folklor nəğmələrində su, od, yel, torpaq çərşənbələri vəsf olunur.
Son illərdə ölkəmizdə idmanın inkişafı göz qabağındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda da idmana maraq, və qayğı var. Olimpiya İdman Kompleksi, Taekvonda, Boks mərkəzləri bunun bariz nümunəsidir. Tatami düzülmüş meydan bir an boş qalmır.

Balaca gimnastların bir-birindən maraqlı hərəkətləri alqışlanır. Onları taekvondoçular, güləşçilər, cüdoçular əvəz edir. Masallı idmançılarının inamlı çıxışları rayonumuzda idmanın sabahkı uğurlarından xəbər verir.

"Viləş” uşaq bağçasının fidanlarının bahar ovqatlı mahnı və rəqsləri tamaşaçıları riqqətə gətirir. Masallı rəqs qrupu hamıya sevinc paylayır.

Keçən bahar şənliyində olduğu kimi bu dəfə də Həsənli gəncləri qədim Novruz oyunlarından birini nümayiş etdirirlər. "Qayış götürdü” adlanan bu el oyununda altı gənc dözümlülük, çeviklik nümayiş etdirir. Qayışdan mühafizə olunan da, qayış götürən də alqışlanır.

Meydan Əhidimali pəhləvana verilir. "Tərəkəmə”nin sədaları altında bu güclü insanın heyrətamiz hərəkətləri qeyri-adiliyi ilə seçilir. Üç pudluq daşı dişləri ilə qaldırır. Sinəsində qoyduğu kubik daş sındırılır. İyirmilik armaturu dişi ilə əyir. Şıdırğı rəqsi ilə hamını heyran edir.
Bayramda nə edərlər? Çalıb oxuyarlar, yallı gedər, Keçəli, Kosanı atmacalayarlar.

Bahar festivalını respublikanın, Masallının incəsənət ustaları rövnəqləndirir, insanlara xoş ovqat bəxş etdilər.

Novruz bayramınız mübarək!

Əlihüseyn ŞÜKÜROV,
Həsənağa ƏLİYEV.
Masallı.