Damlaya gedən məşəqqətli yol - Eminquey yazır

10043 | 2019-03-24 17:42
Tənqidimi Damlanın üzünə deməyə qərar verdim. 

Mətbuatda çalışan dostlardan Damlanın nömrəsini istədim. Bir nömrə verib dedilər ki, köməkçisinin nömrəsidir, özünün nömrəsi yoxdur. Neyləyək? Könlü balıq istəyənin quyruğu suda gərək. Zəng vurdum. Nazlı-qozlu bir xanımla "Alo"laşdıq. Dedim, Damla xanımla danışmaq istəyirəm, jurnalistəm. Dedi, mən xaricdəyəm. Nömrə verib dedi ki, zəng vurun, sizi Damla xanımla calaşdıracaqlar. Bax ha, gör Damla işçilərini necə saxlayır ki, o xaric sənin, bu xaric mənim gəzirlər. Neyləyək? İşləməyən dişləməz. Telefonun adapetirinin şunurunu həyəcanla dişləyə-dişləyə zəng vurdum həmin nömrəyə. Uzun-uzun çağırışdan sonra zəngimi açan olmadı. Bir dəfə, iki dəfə, üçüncüdə - "Alo". Uzatmadım. Dedim, bəs, hal-qəziyyə belə. Damla xanımla əlaqə saxlamaq istəyirəm, jurnalistəm. Xanım dərin düşüncəylə "hmmm"layandan sonra dedi:

- Bilirsiniz, Damla xanım çox məşğuldur. 

- Xanım, iki dəqiqə vaxtını alacam. 

- İnanın, məşğuldu. Mənlik heçnə yoxdu. 

- Heç mümkün deyil?

- Mümkün deyil də, bəy. 

Bu məqamda səsimdəki kədəri hiss elədi. 

- Nə istəyirdiniz ki? Deyin, çatdırım. 

- Heç nə, çox sağ olun!

Görün ha, Damlanın qəbuluna düşmək üçün Məlikməmməd əzabı yaşamalısan. Əvvəlcə qardaşlarına söyüş qoymalısan ki, yansam da, qışqırsam da kəndiri kəsən oğraşın yekəsidir. Sonra 40 otaqdan keçməlisən ki, bəlkə nəsə alındı. Bəlkə quyudan səsi gələn Damlaya bir-iki kəlmə ürək sözünü deyə bildin. 

Ya da Damlanın fanatı cildinə girib Sədərəkdəki izdihamın içinə sızıb, Damlanın maşınına oturub, selfi çəkdirəndən sonra "özün yaxşı qızsan, amma nə səsin var, nə də mahnıların bir köpüklükdür" deyib izdihamı tərk eləməlisən. Əgər o adamlar səsini eşitməsə. Eşidib də səni o basdırıqdan sağ buraxsa. 

Oysa ki, Rasim Balayevə, Afaq Bəşirqızına çox rahatca zəng vura, danışa bilərsən. Əhvalım təlx oldu. Üzü dönsün, görün o  ağuya dönmüş çörəyin ki, kimlərə zəng vurub, mərhələlərdən keçib, axırda "yox" cavabı alıram. 

TƏQVİM / ARXİV