JURNALiST EViNi SATIR...XƏSTƏXANA XƏRCiNi ÖDƏMƏK üçüN !

AQİL ABBAS
19273 | 2009-08-25 02:11
Biz jurnalistlərin peyğəmbəri Mirzə Cəlil deyir ki, sözünü o kəslərə de ki, onlar səni eşitmirlər, ya hamamda yatıblar, ya it boğuşdururlar, ya da day nə bilim nə. Bir sözlə, o kəslərə ki, söz anlamazlar. Əgər o kəslər söz anlamazlarsa, nə qədər desən yenə xeyri yoxdu. Və bilə-bilə ki, xeyri yoxdu, amma yenə deyirik, yenə yazırıq. Qəzetələrdə oxudum ki, bir bankir oğlu bir xanım müğənniyə (kişiciyəz müğənnilər də var və onları da saxlayırlar) 2 ev, 40 min dollar cib xərcliyi, 60 min dollarlıq ofis, 40 min dollarlıq avtomobil, digər avtomobilinin krediti üçün 20 min dollar, bağının təmiri üçün 50 min dollar, elə-belə bir 100 min dollar para sovurub havaya. Maraqlıdır. Bir kişinin bir xanıma pul xərcləməyində elə böyük bir qəbahət görmürəm əslində. Kişidi də, olur belə şeylər.
   
   Başqa bir qəzetdə oxuyuram ki, hansısa başqa bir məmur bir xanım müğənniyə, yaxud bir xanım aktrisaya 500 min dollarlıq villa bağışlayır. Pək iyi.
   
   Başqa bir qəzetdə oxuyuram ki, bir məmur bir xanım müğənniyə "Range Rover" hədiyyə eləyib, sonra da onu başqa bir kişiylə tutduğuna görə maşını əlindən alıb, sonra yenə ürəyi yumşalıb qaytarıb verib.
   
   Hər gün qəzetlərdə belə şeylər oxuyuram. Və bunların hamısının adları da yazılır. Mən onların adlarını təkrar çəkmək fikrində deyiləm, səhər-səhər ağzımı murdarlamaq istəmirəm.
   
   Balaca bir ölkədə yaşayırıq, kimin nə iş gördüyünü stolun üstündəki çay soyumamış bilirik.
   
   Və maraqlısı budur ki, belə adamları hamımız tanıyırıq, hamımız onlara belə pis baxırıq, amma toylarımıza çağırırıq ki, gəlin oxuyun, övladlarımıza xeyir-dua verin. Yarım saat oxuması üçün də 5-10 min dollarımızdan keçirik. Sonra da onlara həm villa alanları qınayırıq, həm də onların özlərini. Və fikirləşmirik ki, özümüz də artıq onlardan birinə çevrilmişik.
   
   Professor Arif Babayevin çox maraqlı bir fikrini eşitdim. Arif müəllimdən soruşublar ki, professor, indiki ailələr niyə belə tez dağılır, uşaqları şikəst doğulur və ya bəzzad doğulur?
   
   Arif Babayev unikal bir cavab verib: "Kim toya xeyir-dua verirsə, ailənin də təməli elə qoyulur, uşaqlar da xeyir-dua verənə oxşayır. Əvvəllər toylarda xeyir-duanı Xan əmi verərdi, Cabbar əmi verərdi, Seyid əmi verərdi, Əbülfət Əliyev verərdi, Şahmalı Kürdoğlu verərdi. Bəs indi toylarda xeyir-duanı kim verir? Qulağı sırğalı gədələr, bir də əynində yalnız əyinləri olan xanımlar. Nə gözləyirsiniz?".
   
   Deyəsən mətləbdən çox uzaqlaşdım. Yuxarıda axı dedim, sözümü o kəslərə deyirəm ki, onlar 50 manatlıq xanımlara (elələrinə xanım dediyim üçün, "xanım" sözü də, xanım-xatın nənələrimiz, xanım-xatın ana-bacılarımız məni bağışlasınlar) 500 min dollarlıq villa bağışlayırlar. Dostlar, Allah lap çox eləsin, istəməyənin də gözü çıxsın. Dostlar, Mərkəzi Klinik Xəstəxanada Azərbaycanın görkəmli bir jurnalisti ölümlə çarpışır. Onu ölümün əlindən hətta Tanrı da deyil, yalnız və yalnız Tanrıya çevirdiyimiz PUL xilas edə bilər. O pul da onda yoxdu. Və dünən eşitdim ki, evini satlığa qoyub. Bəli, Azərbaycanın görkəmli jurnalisti ölümdən qurtulmaq üçün evini satır.
   
   Bu müqəddəs Ramazan ayında... arxasını yaza bilmədim.
   
   Və sözümü o kəslərə deyirəm ki...
   
   Deyə bilərsiniz ki, laylay bilirsən, niyə yatmırsan. Mən də bir jurnalistəm, o imkanım yoxdu. Və bunu demək günah olsa da deyirəm, həmin jurnalist qardaşım üçün gücüm çatan laylaya qədər yatmışam.

TƏQVİM / ARXİV