Sevqini qəfəsə salan xəstəlik – TALASSEMİYA

15266 | 2019-03-23 11:58
Sevgiyə çox vaxt dırnaqarası, ötəri hiss kimi baxsam da, "onu yaşayan bilər”, həqiqətən düz misal imiş… Sevgi, arzu, istək, gələcəklə bağlı planlar insanın gözünü o qədər kor edir ki, qarşıdakı təhlükəni görsən belə, o 3 hərfli sözü (yox) gözlərinin içinə baxıb deyə bilmirsən. Eynən bu hadisəni yaşadım.

Həmişə talassemiya adı gələndə sanki içimdən ürpənir, çəkinirdim. Həmişə belə xeyriyyə aksiyalarında iştirak edər, ən azından kiçik bir dəstəyim olsun deyə az miqdar da olsa yardım edərdim. Həmişə öz sağlamlığımla bağlı yüksək fikirdə olmuşam. Məhz bu səhvimin ucbatından 29 yaşımda bu xəstəyliyin daşıyıcısı olduğunu öyrəndim. İllərdi sevdiyim qızla ailə həyatı quracağımız barədə fikirləri rəsmi şəkildə elan etdikdən sonra hər kəsdən xəbərsiz qan analizi verdim. Özümə o qədər arxayın idim ki, hətta həkimlərin verdiyi analizin cavabına da şübhə ilə yanaşırdım. Xəstəxanada analizin cavabını alanda həkimlər o qədər normal qarşıladılar ki, əvvəla düşündüm ki, heç nə yoxdur. Sonra da əlimə aldığım dəyəri 1 qəpiklik olan kağızın üzərində müalicəsi milyonlarla vəsait tələb edən bu xəstəliyin daşıyıcısı olduğumu öyrəndim.

Nə yalan deyim, sözü eşidəndə əvvəl şok oldum, bir müddət özümə gələ bilmədim. Artıq özümə əsla yaraşdırmadağım xəstəliklərdən birinin daşıyıcısı olmuşdum. Zor-güclə özümə gəlib, yolboyu talessemiya sözünü təkrar edə-edə evə gəldim. Bu xəstəlik haqda araşdırma aparanda əllərimin əsdiyi hələ də gözümün önündən getmir. Qorxumdan heç kimə bu haqda bildirməsəm də, talasemiyya daşıyıcıları barədə məlumat topladım. Həkimlər hər iki tərəfin, yəni oğlanla qızın bu xəstəliyin daşıyıcısı olduğu halda, həmin cütlüyün övladlarının gələcəkdə talassemiya xəstəliyindən əziyyət çəkəcəyini bildirdilər. Hər dəfə araşdırdıqca o qədər məyus olurdum ki… Cümlələrlə ifadə etmək belə çətindir. Bu cür xəstəliyin daşıyıcısı olmaq belə insanı içindən yox edir…

Araşdırmalarıma davam etdim. Öyrəndim ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Ana və atanın hər biri talassemiya daşıyıcılarıdırlarsa, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər. Ən pisi isə o idi ki, valideynlərin hər ikisi daşıyıcı olduqları təqdirdə ananın hər hamiləliyi zamanı xəstə uşaq dünyaya gətirmək riski 25%-ə bərabər olur. Talassemiyaya tutulmuş uşaq solğun, halsız və iştahasız olur. Müalicə olunmadığı təqdirdə bədəndə inkişaf zəif gedir, qaraciyər və dalağın böyüməsi ilə qarın şişir və üz sümüklərində dəyişiklik yaranır. Müalicəsi olduqca çətin və bahalı olan talassemiya xəstəliyində hər xəstə həyatı boyu 3-4 həftə ərzində 1-2 dəfə qan almaq məcburiyyətindədir. Qanköçürmənin nəticəsi olaraq bədəndə dəmir çoxalır. Bədəndə dəmirin çoxalması qaraciyər, ürək və böyrəklərə təsir etməklə digər orqanların dağılmasına səbəb olur. Buna görə də orqanizmdə yığılan artıq dəmiri mütəmadi olaraq xaric etmək vacibdir.
Hər dəfə qarşıma bu xəstəliklə bağlı yeni məlumatlar çıxanda gələcəklə bağlı, quracağım ailə ilə bağlı planlarım alt-üst olurdu. İrsi xəstəlik olan talassemiya daşıyıclarının da sayının hər il artdığını öyrənəndə sanki hər şeyin yox olacağını fikirləşirəm. İnsanın içində təşviş yaşadan, yaşam sevincinin alovuna su səpən bu xəstəliklə (talassemiya) bağlı hər hansı bir müalicə üsulunun olmamağı bir dərddir. Ailə quracağın xanımda da belə xəstəliyin olması, sevgi azadlığını qəfəsdə boğmaq bir dərd, bir ömür yaşadığın bu həyatda sevdiyin qadından övladının olmayacağını düşünmək isə başqa dərd…

Orxan Aslan

TƏQVİM / ARXİV