adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2019 15:47
42465
LAYİHƏ
A- A+

MƏCNUNLARIN MƏCNUNU

(əvvəli 16 mart sayımızda)

"Mən özümü bir qara qul eləmişdim. Çünki bir dəfə hacılardan birisi Məkkədən bir qara qul gətirmişdi. Mən də bütün ərəbləri bir qara qul hesab edərək özümü bu şəklə salmışdım".

Xoşbəxtlikdən H.Sarabskinin Məcnunu ilk tamaşadan böyük məhəbbətlə qarşılanır.

"İkinci pərdə düşdükdən sonra camaat, yoldaşlarım və teatrda iştirak edənlər mənim başıma yığılıb "Afərin, afərin!" deyə təbrik etdilər... Mənə deyirdilər: "Hüseynqulu, əgər üçüncü pərdəni də yaratsan, artist adı alacaqsan". 3-cü pərdəni başladıqda mən cəsarətlə onlara dedim: "Gedin, tamaşa edin, görərsiniz!" O pərdədə məndə elə hiss oyandı ki, tamam Hüseynqululuğu-mu unudub bir Məcnun kəsilmişdim. Səhnə mənim üçün bir səhranı təmsil edirdi. Mənimlə iştirak edənləri tanımırdım. Gözlərim heç bir şey görmürdü. Pərdə düşdükdən sonra camaatın məni dəfələrlə sürəkli alqışlar içərisində pərdə qabağına çağırması və yoldaşlarımın pərdə dalında məni əhatə edib öpmələri mənə o qədər təsir etdi ki, biixtiyar ağlayırdım... Bu oyundan sonra camaat və səhnə yoldaşlarım məni Məcnun deyə çağırardılar. O ad mənə o qədər əziz idi ki, hər kəs bu adla çağırdıqda fərəhlənirdim".

Məcnuna olan bu böyük sənətkar məhəbbəti H.Sarabskini bütün ömrü boyu tərk etməmişdi. Əsl aktyor üçün təkcə oynayacağı obrazı sevmək azdır, onu sevdirmək də lazımdır. Bunun üçünsə yuxusuz gecələr keçirmək, axtarışlar, tapıntılar etmək gərəkdir. Bu mənada Məcnunu anlamaq və duymaq bir aktyor-müğənni kimi H.Sarabskiyə qismət olmuşdu.

Məcnun kimdir? Dəlidir, ağıllıdır, şairdir, aşiqdir, filosofdur? Məhz H.Sarabski öz oyunu ilə bu suallara cavab verdiyi üçün özündən sonrakı bütün "Məcnunların" ustadı olmuş və olaraq qalmaqdadır. Bizim bəzi gənc müğənnilər səhv olaraq səhnədə Məcnunun "dəliliyini" qabartmağa cəhd edirlər. Bu doğru yol, sənət yolu deyildir. Hüseynqulu Sarabski isə Məcnunun məcnunluğunun səbəblərini tamaşaçılara göstərirdi. Məcnunluğun əsasında isə böyük insani məhəbbət və kədər, özünüdərk, yüksək humanist duyğuların tərənnümü, dövrdən şikayət, bir sözlə, Məcnunun mürəkkəb fəlsəfi düşüncələri, zəngin mənəvi dünyası durur... Məcnun avam, cahil insanların zülmündən çöllərə düşmüşdür, onu insanlara, cəmiyyətə bağlayan yeganə tel sevdiyi Leylidir. Bütün bunlar Sarabskinin oyununda öz böyük mənasını tapırdı.


1914-cü ildə Sarabskinin Tiflisdə qastrol səfərindəki çıxışlarının şahidi olmuş professor Əziz Şərif "Keçmiş günlərdən" kitabında yazır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır, boğazımdan tutub sıxır, gözümdən yaş axıdırdı. Divanə Məcnunun dağlarda dolaşması, inilti və qəhqəhəsi, iztirab və həyəcanları! Bu sehrli mənzərəni, bu əfsanəvi musiqini, Məcnunun sonsuz kədərini unutmaq olarmı?

...Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məhəbbətlə oynadı. O, Məcnunun surətini tam mənası ilə canlandırdı".

Hüseynqulu Sarabski vaxtaşırı qastrol səfərlərinə gedərək başqa rollarla yanaşı, Məcnunu Qafqaz, İran və Orta Asiya torpaqlarında da şöhrətləndirmiş, özü də böyük xalq məhəbbəti qazanmışdı. Aktyor 1913-cü ildə Qarabağdakı qastrol səfərini belə təsvir edirdi:

"Müdir gəldi ki, nə etməli, aləm biletli-biletsiz dolub teatra. Dedim gedin zalın pəncərələrini açın, hamı da sakit olsun, tamaşanı başlayaq. Pərdə açıldı, "Şəbi-hicran" oxundu. Camaat sakit idi. Mən səhnəyə çıxdım, camaat tərəfindən gurultulu alqış və gül-çiçək səhnəyə tökülürdü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim. Amma alqış davam edirdi. Bu halda Əbülfət Vəlini gördükdə nə etmək lazım olduğunu sordum. Əbülfət mənə tez-tez dedi: "Qaç, qaç səhnədən çıx!" Əbülfət sözünü qurtarmamış yerli gənclər gəlib məni səhnədə atıb-tutmağa başladılar... Leyli rolunu oynayan yoldaşım Ağdamskiyə dedim: "Əhməd, mən bu gecə oxumayacağam, ağlaya-ağlaya oynayacağam. Amma sən oxumalısan". O gecə oynadığım Məcnunu deyə bilərəm ki, nə oynamışam, nə də oynayacağam".

Xalq şairi Süleyman Rüstəm aktyor-müğənniyə həsr etdiyi məqalədə onu belə xatırlayır:

"Yadımdadır, məktəbli çağlarımızda əlimizə pul düşən kimi "Leyli və Məcnun", "Şah İsmayıl", "Əsli və Kərəm" və digər tamaşalara baxmağa gedərdik. Hüseynqulu Sarabskinin aktyorluq istedadı, ürəkləri dindirən məlahətli səsi biz gənclərin ruhunu oxşayardı, həyəcanlandırardı. Onun iştirak etdiyi tamaşalara təkrar-təkrar baxdıqca bu sənətkara məhəbbətimiz qat-qat artırdı. Məcnunu o qədər təbii, canlı, zəngin boyalarla oynayırdı ki, salondakıların gözləri yaşarardı.

O zaman Hüseynqulu Sarabskinin iştirakı ilə verilən tamaşa axşamları teatr qarşısında atlı milis dəstəsi növbə çəkərdi.

Çünki billet tapa bilməyənlər nə yolla olur-olsun içəri girib Hüseynqulunu səhnədə görmək istəyirdilər".

Yox, Hüseynqulu Sarabski Məcnunu hər zaman, lap yaşlı vaxtlarında belə, böyük ilhamla oynamışdır. Bunu aktyoru səhnədə görənlər, onunla çiyin-çiyinə çalışmış sənətkarlar da etiraf edirlər ki, Sarabskinin Məcnunu əvəzsiz idi. Onun Məcnunu bir içim su, bir udumluq hava deyildi, axar çaydı, təptəzə bahar havası idi.

Sarabski Məcnunun məcnunuydu. Əbədilik qazanmış, həmişəcavan, həmişəyaşar Məcnun!

Üzeyir bəy H.Sarabskinin məzarı başında demişdir: "...Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünun bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu".

P.S. Arzu edərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə anadan olmasının 140 illik yubileyini keçirdiyimiz Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabı latın qrafikası ilə yenidən nəşr olunsun. 1982-ci ildə "Yazıçı" nəşriyyatında mənim redaktorluğumla 50 min tirajla nəşr olmuş bu kitaba H.Sarabskinin "Bir aktyorun xatirələri" və "Hüseyn Ərəblinskinin tərcümeyi-halı" xatirələrini də əlavə edərək çap etmişdik. Düşünürəm ki, görkəmli aktyorun "Köhnə Bakı" kitabının nəşri onun yubileyinə ən dəyərli hədiyyə olardı.

Mustafa Çəmənli