adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2019 16:04
31025
ƏDƏBİYYAT
A- A+

GÜLLÜ-ÇİÇƏKLİ MƏKAN...

Ölkəmizin əzəmət simvolu olan Şah dağa keçən yol buradan keçir. Qusar şəhərinin yaxınlığından... O şəhərin ki, o nəinki bu gün rayon mərkəzi, respublikamızın güllü-çiçəkli şəhərlərindən biridi. Həm də çox maraqlı, qibtə edilən, öyüləcək tarixi var. Sanki burada Makedoniyalı İsgəndərin, Sasanilərin, Səfəvilərin ayaq izini görür... Dahi rus şair və yazıçılarının qiymətli kəlamlarını dinləyir. Səbəbsiz yerə böyük rus şairi Mixail Lermantova aid burada muzey yaradılmayıb ki... O gənc yaşlarında burada hərbi xidmətdə olub. Min bir Qusar gözəlliklərini ürəkdən vəsf edib, məşhur «Qafqaz» şeirini yazıb...

Can qurban etməli şirin səslər, söhbətlər eşidir:

- Can qardaş, salam!..

- SDKA-ya getmirsən?..

- Xeyir ola?

- Dağıstanda bir balaca işim var.

Azad ölkə, azad diyar... Hara istəyirsən get-gəl, sadəcə sənədlərin qaydasında olsun. Səni saxlayan, əngəl törədən bir məxfi məlumat ortalığa çıxmasın.

Bəzən elə olur ki, qonşu ölkədə bir xoşagəlməzlik etmiş birisi sərhəddi keçə bilmir, «deportasiya» olunmuş sayılır. Müəyyən müddətə... Bəzən beləsi də gileylənir, günahkar tərəf özümüzünkülər olur: «Nə sıçrayıb keçərdim o sərhəddi...» Ancaq indi başqa zəmanədi. Sərhəddə hərtərəfli nəzarət olunur. Quş quşluğu ilə orada səkə bilmir.

Gündə neçə sərhəd pozucusu, kontrabandist - gizli yolla mal gətirən tutulur, cəzalandırılır, əmlakı əlindən alınar, cərimə olunur. Bütün bunlar yenə də bəzilərinə dərs olmur, bildiklərini etməyə çalışırlar. Səbəbsiz yerə deyilmir ki, elm və texnka inkişaf etdikcə, bəzi dələduzlara da meydan açılır. Müxtəlif yollar arayıb tapırlar.

Qusara hər gələndə bu gözəl şəhəri gəzib dolanmaqdan yorulmazdı. İlk əvvəl avtovağzal həndəvərinə baxar... Sonra sakit, aram addımlarla yuxarı qalxardı. Buradakı hərbi hissədə neçə əsgərimiz hərbi xidmət borcunu yerinə yetirirdi.

Belə səfərlərin birində yol onu Mərkəzi kitabxanaya gətirdi. Özü də onda «QAZ-31» maşını ilə idilər. Maşını onunla uzun illər yoldaşlıq etmiş Siyəzən sakini Amil sürürdü. Haqqı, bu müddətdə onu həmişə yaxın, etibarlı bir oğlan kimi tanımışdır... Onları kitabxananın direktor müavini Lyudmila xanım qarşıladı. İşçilər ona eləcə qısaca Lüda deyirdilər. Direktorları Fikrət müəllim gəlişindən şad halda dedi:

- Sizinlə bir görüş keçirək də.

- Keçirək deyirsiniz, keçirək də...

- Onda hazırlaşaq...

- Pis olmaz...

Vaxt da təyin etdilər. Fikrət müəllim çox insan adama oxşayırdı. Hiss olunurdu ki, dediklərinə əməl edəcək. Etdi də... Gözəl bir gündə Qusara, Mərkəzi kitabxanaya oxucularla görüşə gəldi.

Qusar rayon Mərkəzi kitabxanası müasir tipli, ikimərtəbəli binada yerləşir. İkinci mərtəbə demək olar ki, bütünlüklə iri bir zaldı. Görüş vaxtı ora xeyli oxucu topalaşıb əyləşmişdilər. O da bu tədbirə tək gəlməmişdi. Siyəzənli şair Nəcməddin Mürvətov, yazıçı Aydın Tağıyev də onunla idilər. Aydın Tağıyev o vaxt Dəvəçidə yaşasa da elə əslən Siyəzənin Eynibulaq kəndindən idi. Siyəzən şəhidlərindən bəhs edən «Siyəzənli oğlanlar» kitabını o yazmışdı. Çox gözəl, püxtə qələm sahibi idi. Bədii yazıları da xoşagələn, təsirli, məzmunlu alınırdı.

Görüşü Mərkəzi kitabxananın direktoru Fikrət müəllim açaraq dedi:

- Bir gün bizim bu Lüda xanım görür ki, kitabxanaya bir qərib adam gəlib. Sonradan məlum olur ki, bu bir başqası yox, məşhur dedektiv yazıçı Əlisəfa Azayevdir...

Bu an zalda gülüşdülər, əl çalındı, onu alqışladılar. Fikrət müəllim sözünə davam edərək dedi:

- Həqiqi mənada Əlisəfa Azayevin əsərləri çox oxunur. Kitabları oxucuların əlindən düşmür. Xüsusilə «Gecəyarı sui-qəsd», «Sirli qətl», «Gözlənilməz hadisə», «Amansız qatil» kitabları.

Kimsə dilləndi:

- Mən «Prokuror qızı» kitabını oxumuşam.

Başqaları dedi:

- Mən «Gizli əməliyyat» romanını...

- «Qəddarlıq» romanı da oxumalıdı...

- «İstintaq sirri» də...

Çıxış edən kitabxananın işçisi dedi:

- Əlisəfa müəllim, bir gün yaşlı bir qadın məndən kitab istədi. Sizin «Qürbət ellərdə» romanınızı aparıb verdim. Bir həftə keçər-keçməz küçədə həmin qadını kövrəlmiş vəziyyətdə gördüm. Mənə nə isə demək istəsə də, qəhər onu boğur, fikrini çatdıra bilmirdi. Dedim: «Yaxşı, de, bilək də sənə nə olub, nə istəyirsən...» Qadın elə beləcə də kövrəklik içində dedi: «Mə...miş... öldü... öldü...»

Məmiş Şahbaz oğlu Abdullayev, bu cəsur Sovet İttifaqı Qəhrəmanı, həmin əsərin baş qəhrəmanı idi axı. Demə, qərib eldə, Polşa torpağında Narev çayını keçərək amansız faşist işğalçıları ilə əlbəyaxa döyüşdə həlak olması qadını həddən ziyadə beləcə kövrəldib, mütəəssir edibmiş.

Qusara növbəti səfərlərinin birində yenə də ilkin olaraq onların böyük ədibimiz Nəriman Nərimanovun adını daşıyan mərkəzi parkına keçəndə, orada bir canlılıq gördü. May ayı idi. Yazın gül-gülü çağıran vaxtı. Bura əsil mənada cənnət guşəsi idi. Vaxtında oranı nahaq yerə Padşah-hökmüdar parkı adlandırmayıblar ki. Təbii... hündür meşə ağaclarının boy verdyi bu gözəl məkan yayın qızmar yay günlərində də öz səfalılığı, sərinliyi ilə seçilir.

Demə, burada kitab bayramı keçirilirmiş. O, sonuna gəlib çıxıb. Kitabxanaçı xanımlar onu görcək salamlaşsalar da, həm də qınadılar:

- Əlisəfa müəllim, bir az tez gələ bilməzdiniz?

- Elə indicə yekunlaşdırmışıq.

- Bax sizin kitablar da burdadır. İstəyirsiz göstərim də...

Onlar onun israrlı etirazına baxmayaraq, yenicə yığışdırıb qablaşdırdığı kardon qutudan kitablarını bir -bir çıxarıb ona göstərməyə başladılar:

- Bax «Günahsız məhbus» kitabınız...

- «Kapitanın sərgüzəştləri»...

- «Bayıl məhbusu» povestiniz.

- Bu da «Əsgər anası», «Qanlı gündəlik» povestləriniz. Qarabağ dərdlərimizdən danışır...

Onlardan ayrılıb Mərkəzi kitabxanaya gəldi. Artıq burada rəhbərlik dəyişilmiişdi. Əvvəllər rayon İcra Hakimiyyətində işləmiş Zahir müəllim idi. Üz-gözündən nur tökülürdü. Ucaboy, yaraşıqlı bir cavan ziyalı idi. Söz-söhbətində insan nə qədər mədəni, görüb-götürmüş kimi görünər. Onunla ilk andan söhbətləri elə alındı ki, Qusara hər gəlişində ona baş çəkəsi oldu.

Bir gün də Mərkəzi kitabxanada başqa bir görüşü təşkil olundu. Açığı bu barədə eşidəndə lap təsirlənən kimi oldu. Neçə yerdə bu barədə söhbət olub, elə deyiblər ki, gərək rayon İcra Hakimiyyətinə bildirək icazə alaq. Burada isə hər şeyi özləri təşkil etmişdilər.

Düzdür, onun Sumqayıt, Mingəçevir şəhər mərkəzi kitabxanalarında, Tər-tər, Zərdab, İsmayıllı kitabxanalarında belə görüşləri keçirilmişdi. Çox istərdi ki, Şirvan, Şamaxı şəhərlərində də keçirilsin. Ancaq onlar həmişə belə bəhanələrlə ortalığa çıxmışdılar. Xüsusilə, Şamaxıda ona görə maraqlı idi ki, bir vaxtlar oradakı Pedoqoji məktəbdə oxumuşdu. Kitabxanada olmasa da, orada görüş keçirməkdə maraqlı idi.

Qusar rayon Mərkəzi kitabxanada keçirilən bu səfərki görüşdə qonaqlar çox idi. O cümlədən Xaçmaz RMİ-nin Qusar rayn nümayəndəsi David İbrahimxəlilov, Qusar rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Nadirşah Şirinov, Qusar rayon təhsil şöbəsinin Metodiki kabinetinin müdiri Qorxmaz Muradov, MKS-nın direktor müavini Lyudmila Məmmədova, metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Surahı Məmmədrzayeva, şəhər 1 saylı orta məktəbin müəllimi Səlimə Əhmədova və b. iştirak edirdilər.

Bu dəfə də ona salamlayaraq ətirli gül dəstələri, hədiyyələr təqdim olundu. Qusar xanımlarının əl işlərindən olan toxunma corablar nəyə desəydin dəyərdi. MKS-nın direktoru Zahir Mustafayev onları ona verəndə içəridə gur alqış qopdu, səslər eşidildi:

- Xoş gəlmisiniz!..

- Yaxşı kitablar yazın...

- Sizin kitablar oxunaqlıdır.

- Nənəm də oxuyur...

- Mənim babam...

Məktəbli qızlar elə dolğun, sərrast çıxış edirdilər ki, istər-istəməz böyük Çin filosofu Konfutsinin məşhur fikrini, sözlərini xatırladı: «Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışarkən sözünü kəsməmək, danışmaq növbəsi gələndə susmamaq, danışarkən əl-qol atmamaq».

David müəllim çıxış edəndə dedi:

- Mən bura qısa müddət üçün gəlmişdim. Tədbirin maraqlı keçdiyni görüb ləngiyəsi oldum…- Həqiqətən də ona zəng çalınanda, bir qədər ləngiyəcəyəm dedi. - Nə deyim Əlisəfa müəllim bir yazıçı kimi öz söz-söhbəti ilə məndə hədsiz maraq oyatdı. Belə insanlarla tez-tez belə görüşlər təşkil edib keçirmək lazımdı. Həqiqətən hiss olunurdu ki, zəhmətkeş olub, belə gözəl əsərlər yaradıb, hər çətinliyə dözüb. Mən ona uğurlar arzulayıram. Çıxış edənləri n, onun kitablarını oxuyanların sözlərindən də məlum olur ki, Əlisəfa müəllim belə gözəl əsərləri ilə bizi bundan sonra da sevindirəcəkdir.

Nadirşah həkim çıxışında çox maraqlı məsələlərə toxundu:

- Onun Qarabağla bağlı yazdığı əsərlər çox maraqlı, insanı düşündürən, mübarizəyə səfərbər edəndi. Bir də əsgərlik xatirələri ... Yazıçı Əlfi Qasımovun ona göstərdiyi qayğıkeşlik... Sağ olsun belə adamları, belə ziyalılarımızı, belə ədiblərimizi... Yaradıcı insanlara qayğı lazımdı. Onlar bir başqaları üçün yox, bizim üçün yazıb-yaradırlar da.

Qorxmaz müəllim öz çıxışında keçən görüşü barədə, şahid olduğu hadisələri, xatirələri danışdı:

- Həyat belədi də... Gör o vaxtdan neçə il keçib... Əlisəfa müəllimi sağ olsun ki, yenə bizimlə görüşə gəlib. Onun əziyyətini çəkməyə həmişə hazırıq. Təki bizi gözəl əsərləri ilə sevindirsin. Özü də hiss olunur ki, məhsuldar işləyir. Son vaxtlar «Məhkumun fəryadı», «Ölüm qorxusu», «Fədakarlıq anı» kitabları çap olunub.

Tədbirdən sonra birlikdə açıq havaya çıxıb kollektiv, sonra da iki-iki şəkil çəkdirdilər. Bayaqdan içəridə vidio-kamerası ilə bu görüşü əbədiləşdirən, yaddaqalan edən cavan oğlan, indi də şəkillərini çəkir...

Oradan da Zahir müəllimin təhkidi ilə üz tuturlar mərkəzi parka tərəf. Ora çox uzaqda deyil. Elə kitabxananın tinindən keçib gedirsən. Yenə bu cənnət guşədədirlər. Hətta bir-birindən soruşurlar:

- İndi Nəriman Nərimanov adına park adlanır da?

- Bəli.

- Bəs bu Padşah, Hökmüdar adı haradan verilib bura?

- Yaşlı adamlar belə deyərdilər.

- Görünür onda belə imiş də...

- Çar sülaləsi adlarını yaşatmağı sevirlərmiş də...

Elə parkın baş tərəfindəki xudmanı yeməkxanada, qapalı otaqlardan birində əyləşirlər. Bura müasir tələblər səviyyəsində səliqə-səhmana salınmış bir yer idi. Hiss olunur ki, rayona gələn hörmətli qonaqlar burada nahar edirlər.

Süfrəyə dadlı nemətlər düzülür. Haçansa bir vaxt burada olanda, onlardan birisinin çay içmək istəməsi... Ancaq tələsməsi, çayçıya təhkid etməsi yadına düşdü: «Ə, noldu sənin bu çayın...» Çayçı dedi: «Dəmə qoymuşam da...» Həmin adam o qədər yersiz söz-söhbət yaratdı ki, çayçı dedi: « Ə, can qardaş, sən bir stəkan boz-bulanıq çay içəcəksən... Ona görə mən əhdimə, işimə xəyanət edim... Çayın çay dəmlənmə vaxtı, müddəti var da...»

Bax bu kimi prinsipiallıqlarına, xasiyyətlərinə görə, o nədənsə bu ləzgiləri çox sevir də... Bir tərəfdən də həyat yoldaşı tərəfdən qohumluğu. Rahilənin nənsinin həyat yoldaşı Dağıstan bəylərindən olub, Ağdaş ərazisində qoyunçuluq ferması varmış. Bir gün Kürdəmirə, Qaramahmudlu kəndinə gələndə gözəl-göyçək Züleyxa qızı görüb vurulub. Əl çəkmir, onunla evlənir ki, evlənir.

1973-cü ilin xoş bir payız günü avtobusla Rahilənin anası, onun gələcək qaynanası Əhli, anası Dürnisə ilə Dağıstana, Axtı rayonuna yola düşürlər. Deyilənə görə orada dərdlərə dərman olan yeraltı mineral su vardı. Onlar orada olanda Əhli xalanın ata qohumlarının evinə düşdülər. Həmin ailə şadlıq içində idi, qızları Tibb institutuna qəbul olunmuşdu. Selimat xala mehriban bir qadın idi. Evin oğlu içkiyə aludə idi. Həmişə onun təkliflərindən boyun qaçırırdı. Onlara yaxşı qoyun əti bişirmişdilər. Əvvəl suyunu birinci, ətini isə ikinci kimi yedilər. Hələ də dadları damağındadı. Onların yaxın qohumu Süleyman QAİ-də işləyirdi. Sonradan hadisəyə düşdüyünü eşitdilər.

Onu Qusarla bağlayan bir hekayət də var. Bu Şamaxı Pedoqoci məktəbi ilə bağlı idi. Ona himayədarlıq edən Məsmə müəlliməgildə idi. Onların həyətini belləməkdə onlara kömək edirdi. Birdən qapının pərdəsi arxasından ona tərəf kiminsə baxdığını hiss etdi. Qonşu qruplarında oxuyan ləzgi qızı Durnisəyə oxşatdı...

Tanış olmasalar da onu uzaqdan-uzağa görmüşdü... Yaxşı şeir yazdığını, şairə olduğunu deyirdilər. Hətta bir dəfə məktəb klubunda elə oldu ki, yerləri lap yaxın düşdü. Ona az-çox qohumluğu çatan, Ağsu rayonunun Qaraqoyunlu kəndindən olan Əntiqə təsirlənən kimi olub, onunla heç nədən söz-sözə gəldi. O, bunun belə olmasını heç vaxt istəməzdi. Bəlkə elə ona görə də dedi:

- Bu yazıq qızın üstə nə düşmüsən ki?.. Onun bizə nə maneçiliy var ki?..

- Bir az kənarda otura bilməz.

- Oturub da... Yeri evdən gətirməmişik ki...

Gözəl-göyçək Əntiqənin bəlkə ona meyli vardı? Elə anası Durnisə ilə adaş olan bu ləzgi qızı Durnisənin də... Ancaq onların heç biri bilmirdi ki, axı mən nişanlıyam... Nolsun ki, təsadüfən indi yerim onların ikisinin arasına düşüb.

Bəlkə də elə bu mübahisəyə aydınlıq gətirmək üçün onda Durnisə həmin məktubu kəndlərinə, ona yazmışdı... Onda isə artıq tələbə yox, müəllim idi... Sonra da hərbi xidmətə getmişdi. Saratovun Şıxani qəsəbəsində xidmət edirdi. Durnisə xanımın yazdığı həmin məktubun heç ağzını açmadan zərfin içinə qoyub ona gbndərmişdilər.

Qərib eldə o məktubu oxuyub, çox mütəəssir oldu. Artıq Rahiliyə nişanlı idi. Ona çox qısa bir cavab məktubu yazdım: «Mən nişanlanmışam, sizə də bu xoşbəxtliyi arzu edirəm.»

Bəlkə də buna görə bizi qınayan tapılar. Yox!.. Bu əsil lal məhəbbət, həqiqi, birtərəfli məhəbbət idi. Buna görə heç kimi qınamağa haqqı yoxdur. Həyatda belə şeylər olub, bundan sonra da olacaqdır.

Əsas odur ki, insan qəlbən təmiz olsun, bir-birini başa düşsün. Necə ki, onda bir-birimizi başa düşdük, ayrıldıq. Axı heç görüşüb bir-birimizə bir söz də deməmişdik. Konfutsi demişkən: «Təhsilli insanlar hər şeydən əvvəl ədalətə dəyər verir. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olursa, üsyankar olurlar. Cahil insanlar ədalət olmadan cəsarət sahibi olursa, quldur olurlar.»

Qusar öz gözəllikləri, gül-çiçəyi, yaraşıqlı küçələri ilə sanki mənim ürəyimin başı, Azərbaycan torpağı bir üzüksə, onun qiymətli qaşıdı! Qaşsız üzük isə bir o qədər qiymətli olmur axı... Necə ki, Dağlıq Qarabağsız bu nisgili yaşayırıq... Azərbaycan torpağı bir anadırsa, Qarabağ onun qucağındakı körpə uşaqdır axı! İndi o alınıb, düşmən əlindədi! Bu böyük xoşagəlməzliyi, qüssəni, nisgili, dərdi neçə ildi ki, yaşayırıq... Neçə-neçə Qusarlı da bu yolda əziz canını şəhid edib, həlak olub... Analar, qohumlar gözüyaşlı, kədərli qəm-qüssə içində qalıblar. Düşmən isə hələ də meydan oxumaqda, vəziyyəti başa düşməməkdə, təslim olmamaqdadı. Belə yerdə əlac qalib Ordumuza, bir də ləzgi qardaşlarımızın dədə-babadan qalma o yadigar xənçərə... Xəncər də elə şeydi ki, çalış qınından çıxmasın, çıxdı, onu saxlamaq çətindi axı... Hökmən vurmalı, çalmalısan, nə ola-ola...

Geri qayıdanda Qusarın şəhərinin mərkəzində 1918-ci ildə ermənilərlə Qanlıdərə döyüşündə həlak olmuş Qubalı, Qusarlı qəhərəmanların şərəfinə ucaldılmış abidənin yanında ayaq saxlayır və onlara ehtiramla baş əyir. Yenə də Konfutsinin sözləri yadına düşür: «Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyni bilməyəndən qaçın». Böyük hind filosofu Qautama Budda isə demişdir: « Nifrət heç vaxt nifrətlə yox edilə bilməz. Nifrət sevgiylə yox edilər, bu ölümsüz qanundur.» Tarixə nəzər sal... Türkün məhəbbəti həmişə erməni nifrətinə qalib gəlib, üstün olub!.. İnşallah, belə də olacaq!..