adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Mart 2019 18:20
13951
ƏDƏBİYYAT
A- A+

EDAM EDƏN OLDUN - ŞEİRLƏR

Dəmir Çeşməli Azərbaycan Yazıçılar Birliyinin üzvi

EDAM EDƏN OLDUN

Qəlbimin ilk qonğı sən,

Nəyim vardı... nədən oldun.

Arzuladın arzum kimi,

Dil verib gedən oldun.

Axıtdın suyumu suya,

Verdiyin gəlmədi saya.

Çəkdin o tayı bu taya,

Höcətinlə məndən oldun.

Göy yerə yürüş elədi,

Yer göyə giriş elədi,

İkisi bir iş elədi,

Göyündə göy bədən oldun.

Əsdin yel əsimi kimi,

Kəsdin ip kəsimi kimi,

İpləndim Nəsimi kimi,

Asdin,edam edən oldun. 

BAKI-2019-YANVAR.


BAHARA SƏNİ

Axtarıb anlamaq mənim işimdi,

Dirili sənətim, ölməz peşəmdi.

Səndən alacağım zövqüm-nəşəmdi,

Qonaq edəcəyəm bahara səni.

Olanlar yadlanıb yada düşəcək.

Közümdə küllənib oda düşəcək.

Canımıza qanlı qada düşəcək,

Qonaq edəcəyəm bahara səni.

Gül-çiçək axını...çox şey olacaq,

Sevdiyim sevdalar həm rəy olacaq,

Bir arzu dönəmi min səy olacaq,

Qonaq edəcəyəm bahara səni.

Qışında qışlayıb yaz biləcəyəm,

Şadlanıb dərdimi az biləcəyəm,

Harda olursan ol, yaz, biləcəyəm,

Qonaq edəcəyəm bahara səni.

Bakı-2o19-mart


GÖRDÜYÜM YERDƏ

Sırsıra bağladım qar qalağında,

Laylanıb, lay qatı var qalağında,

Toruna bulaşdım tor qalağında,

Közümü görmədim gördüyüm yerdə.

Varaqda itirdim dediklərimi,

Samıda saxladım yedəklərimi.

Göyə sığalladım gödəklərimi,

Düzümü görmədim gördüyüm yerdə.

Önündə önnəndim önlü dağların,

Dumanlı dağların, çənli dağların,

Üzün gördüm sənli-mənli dağların,

Üzümü görmədim gördüyüm yerdə.

Dağ zirvədə, qaya yerində qalıb,

Dərə dərinlikdə dərində qalıb,

Vallah mənim yerim birində qalıb,

Özümü görmədim gördüyüm yerdə.

Bakı-2019-mart


AZƏRBAYCAN

Tumundu cücərdi canım,

Suyundan yoğruldu qanım.

Mənimsən, mən necə danım,

Azərbaycan, Azərbaycan.

Mən dənizəm sən sahilim,

Umud dolu tək təsəllim.

Anamsan anam əsillim,

Azərbaycan, Azərbaycan.

Çənin mənəm dumanım ol,

Mənəm damlan ümmanım ol,

İnanc yerim imanım ol,

Azərbaycan,Azərbaycan.

Qucaq göstər girim VƏTƏN,

Canına can verim VƏTƏN,

Behişt-cənnət yerim VƏTƏN,

Azərbaycan, Azərbaycan.

Bakı-2016-mart


YAŞAMIŞAM

Üzülüb düşmüşəm üzə,

Sığmadım sığınmış izə.

Könül verib iki gözə,

Gözdən-gözə gözdən oldum.

Mətərisəm bucağına,

Qucaq açmır qucağına.

Tamarzıyam ocağına,

Közdən-közə közdən oldum.

Qapısın-bacasın bilib,

Ağrısın- acısın bilib,

Anasın-bacısın bilib.

Üzdən- üzə üzdən oldum.

Bakı- Mərdəkan-2017 iyul


SƏNİN ÜÇÜN

Gözün görmədi görəni,

İraqmı saldın yerini?

Tapdaladığı o dərəni,

Düzləmişəm sənin üçün.

Varaqladım qələmi yox,

Salamladım salamı yox,

Aləm vardı aləmi yox,

İzləmişəm sənin üçün.

Əkdiyimi dərə-dərə,

Görə bildim görə-görə.

Olanımı olan yerə,

Gizləmişəm sənin üçün.

Ömür qovuşur sonuma,

Bəlkə qəsdi var canıma?

Bürünüb bəyaz donuma,

Gözləmişəm sənin üçün.

Bakı-2019-fevral


SƏNNƏNİB QALMIŞAM

Güvənc yerim yerindəymiş,

Əl çatmazı dərindəymiş.

Xəyalımın birindəymiş,

Yennənib qalmışam sənsiz.

Gün keçir gün sırasında,

Sıram qaldı harasında?

Olum- ölüm arasında,

Cinnənib qalmışam sənsiz.

Kül doğur külündə közüm,

Yoxuna deyinir sözüm.

Göz də göz axtarır gözüm,

Şennənib qalmışam sənsiz.

Yanağında yaz gələrdi,

Suları dayaz gələrdi,

Yanında bir qız gələrdi,

Önnənib qalmışam sənsiz.

Ruhu canıma yar bildim,

Göy dediymi yer bildim,

Sayılmışı bir- bir bildim,

Mənnənib qalmışam sənsiz.

Yanağın boğulur qanda,

Qızarır qırmızı donda.

Odlanırıq yan-ha yanda,

Sənnənib qalmışam sənsiz.

Bakı-2019- fevral


ÖZÜNƏ BAXIRMIŞ ALLAH

Yubandım dumana qaldım,

Qaldığım gümana qaldım,

İnamdan inama qaldım,

Düzünə baxırmış Allah.

Gülümü dərmədi dərən,

Almadı- vermədi verən.

Çalışdım görmədi görən,

Gözünə baxırmış Allah.

Dayanıb durmuşdu durmuş,

Yolumu burmuşdu burmuş.

Tələmi qurmuşdu qurmuş,

İzinə baxırmış Allah.

Göy yaşını yağış elər,

Suyunu o başdan çilər.

Qəbahətin özü bilər,

Üzünə baxırmış Aallah.

Sular tərpəndi axmadı,

Dəhnədən kənar çıxmadı.

Gözucu mənə baxmadı,

Özünə baxırmış Allah.

Bakı-2019-mart