adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Mart 2019 18:12
36329
LAYİHƏ
A- A+

MƏCNUNLARIN MƏCNUNU

(əvvəli ötən sayımızda)

Görün, bu ansambl respublikaya nə cür səs-səda salmışdı ki, onu statusu olmaya-olmaya bu cür mötəbər tədbirə və digər dövlət konsertlərinə dəvət edirdilər. Heç bir statusu olmayan ansambl Azərbaycanın hüdudlarını aşaraq, keçmiş SSRİ-nin bir çox məkanlarında konsertlər verirdi.

Bu gün Gəncədə analoqu olmayan, gözəlliyi ilə göz oxşayan Dövlət Filarmoniyası fəaliyyət göstərir. Bu filarmoniya məhz "Göygöl"ün bazası əsasında yaranıb. Yəni "Göygölü"ün bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət müəllim filarmoniyanın nəzdində "Göygöl" mahnı və rəqs ansamblından başqa, notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də təşkil edib.

1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası açılarkən məhz Fikrət müəllimin özünün təşəbbüsü və təklifi ilə bu sənət məbədgahına korifey sənətkarımız, böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib. 1987-ci ildə Əməkdar artist, 2014-ci ilin fevral ayının 13-də Xalq artisti adı ilə, həmçinin, bir çox fəxri fərman və mükafatlarla təltif olunub.

Bununla yanaşı, "Göygöl"də Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər çıxış ediblər. Bunları da demək lazımdır.

Fikrət Verdiyev:

- Təxminən 70-ci illərin əvvəllərində muğama həvəs bir qədər azalmışdı. Həmin vaxtlar böyük maestromuz Niyazi filarmoniyanın direktoru işləyirdi. O vaxt bizi ayda ən azı üç dəfə filarmoniyaya solo konsertə dəvət edirdi. İnanın, həmin konsertlərə bilet tapmaq olmurdu. Ansamblımızın belə populyar, şöhrətli vaxtları var idi.

Elə yadıma düşmüşkən bir məqamı da deyim. O vaxt böyük sənətkarımız, gözəl gitara ifaçımız Rəmişlə yaxşı münasibətlərimiz var idi, dostluq edirdik, bu gün də əlaqələrimiz davam edir. Mənə də "brat" deyirdi, dedi, "brat", nə olar bir dəfə də məni ansamblla filarmoniya səhnəsinə çıxar. Dedim ki, olar, niyə olmur.

Gəldim Niyazinin yanına, dedim ki, mənim afişama Rəmişin də adını yazın. Əvvəl bir az tərəddüd elədi, dedi ki, işçim deyil, heç yerdə işləmir. Elə dərhal rəhmətlik Niyazinin yanından katibəmə zəng vurdum, dedim ki, bu gündən Rafiq Hüseynovun əmrini yazırsınız, gəlib imzalayacağam.

Beləliklə, afişada mənim, Rövşən Behcətin, altda isə Rəmişin adı yazıldı. Siz təsəvvür edə bilməzsiniz ki, nə cür konsert keçdi. Zalda ayaq üstdə belə durmağa yer yox idi, iynə atsan, yerə düşməzdi, hələ bayırda gözləyənləri demirəm.

Beləliklə, üç gün möhtəşəm bir konsert proqramı verdik. Təxminən üç ay sonra yenidən Bakıya, filarmoniyaya gələndə gördüm, afişaya yazılıb ki, ifa edir Rəmiş. Gəlib gülə-gülə dedim, maestro, nə məsələdir? O da gülə-gülə cavab verdi ki, əla sənətçidir, konsertləri də anşlaqla keçir, zalda yer tapılmır. Mən özüm də gitara çalan idim, amma Rəmişi özümdən üstün bilib deyirdim ki, qoy, o ifa etsin, mən tarda ifa edərəm...

"Zeynəb xanımın Gəncədə 10 günə 40 konserti təşkil olundu, hamısı da canlı ifa"

- Böyük sənətkarımız Zeynəb xanımla uzun illər bir ansamblda çalışmısınız. Onunla əməkdaşlığınız necə yarandı?

- Səhv etmirəmsə, 1971-ci il idi. Bir gün böyük sənətkar Ələkbər Tağıyev mənə zəng etdi. Mənə Gəncə ləhcəsi, şivəsi ilə "Lələ" deyərdi. Dedi ki, "Lələ", bir bizə gələrsən, dedim ki, gələrəm.

Gələndə gördüm ki, Zeynəb xanım da Ələkbər müəllimin yanındadır, məni görən kimi əl verib görüşdü, dedi ki, Fikrətin haqqında eşitmişəm, yaxşı sənətçidir. Ələkbər müəllim dedi ki, "Lələ", səninlə fəxr edirəm, mən də cavab verdim, elə biz də sizinlə fəxr edirik ki, belə bir yerlimiz, sənətkarımız, bəstəkarımız var. Dedi, "Lələ", bir yerdə işləyəkmi, dedim ki, işləyək.

Zeynəb xanım üçün gözəl repertuar hazırlandı və həmin il onun Gəncədə konserti təşkil olundu. Siz özünüz təsəvvür edin ki, nə cür konsert oldu. Zeynəb xanımı Gəncənin hər yerinə apardıq, bütün ali məktəblərdə, zavodlarda konsertlərini təşkil etdik.

10 gün ərzində günə dörd konsert olmaqla, 40 konsert təşkil olundu, hamısı da canlı ifa, fonoqramsız. Arada cəmi 20 dəqiqə fasilə olurdu, bir stəkan çay içib, paltarını dəyişib, yenidən səhnəyə çıxırdı. Sonra rayonlarda, şəhərlərdə stadionlarda konsertlər verirdik. Elə olurdu ki, bir ay ərzində onunla 25 gün stadionlarda konsertlər verirdik...

Bəyimxanım Cavanşirova-Verdiyeva:

- Həmin vaxtlar artıq Zeynəb xanım "Əfsanə" adlı ansambl yaratmışdı və Fikrət müəllimi tarzən kimi ansamblına dəvət etmişdi. Fikrət müəllimin fəaliyyəti, yaradıcılığı çoxşaxəlidir. Həm gözəl tarzən, həm gözəl saz, həm gözəl gitara ifaçısıdır, həm də uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.

Tarla bərabər, bu alətlərdə də gözəl ifa edir. Həm öz milli musiqilərimizin, muğamlarımızın, həm bir çox xalqların milli musiqi nümunələrinin gözəl ifaçısıdır. Mənim bütün sənətkarlara, bütün tarzənlərə böyük hörmətim var, özüm də sənətkar ailəsində anadan olmuşam, atam başda olmaqla, dahilər, sənətkarlar mühitində böyümüşəm, amma Zeynəb xanım digər böyük sənətkarlar ola-ola məhz Fikrəti ansamblına çağırdı.

Fikrətin gözəl idarəçilik, təşkilatçılıq qabiliyyəti vardı və və bu gün də elədir. Onun kimi ikinci bir təşkilatçı tapmaq çox çətindir. O, bir işə yanaşırsa, qol qoyursa, ona bütün enerjisini, gücünü sərf edir, sevgisini, ürəyini qoyur və nəticədə, ona tapşırılan işi əla səviyyədə edir. Həmin vaxt Bakıdan Gəncəyə beş dəfə təyyarə reysləri vardı.

Səhər reysi ilə gəlirdi Bakıya, Zeynəb xanımla, "Əfsanə" ansamblı ilə məşq edir, konsertlərə qatılırdı, sonrakı reyslə qayıdıb yenidən Gəncəyə gəlir, "Göygöl"lə məşq edir, axşam isə Gəncədə konsert proqramı ilə çıxış edirdi. Yəni paralel şəkildə həm "Göygol"də, həm Zeynəb xanımın "Əfsanə" ansamblında çalışırdı.

Zeynəb xanımla 40-a yaxın qastrol səfərində olublar - ABŞ-da, Almaniyada, Yaponiyada, Əfqanıstanda, Yunanıstanda, Liviyada, İraqda, Türkiyədə... Xarici, tanınmış müğənnilərin Gəncəyə səfərlərini ilk dəfə məhz Fikrət müəllim təşkil etmişdi.

Radmila Karaklaiçi, Müşərrəf Akayı, Mixail Boyarskinini, o zamanlar Almaniyada, hazırda isə ABŞ-da yaşayan qarmon ifaçısı Rəhmanı, digər sənətkarları Gəncəyə dəvət edərək, gəncəlilərin zövqünü, ruhunu oxşayan gözəl konsert proqramları təşkil etmişdi. Gəncə qaynayırdı, sanki musiqi bayramı idi. Hətta konsertlər olan zaman mənə də, rəhmətlik anasında deyirdi ki, siz də hazırlaşın, konsertə gəlin.

O vaxt konsertlərə daha çox kişilər gəlirdi, qadınlar bir az çəkinirdilər. Deyirdi ki, siz gəlin, camaat da görsün ki, ailəvi şəkildə konsertdə iştirak edirik, o zaman başqaları da xanımları, bacıları, anaları ilə gələcəklər. Bəzən Gəncənin vəzifəli şəxslərinə də zəng edirdi ki, gələndə xanımlarınızla gəlin. Deyirdi ki, tək kişilərlə olmaz, qadınlar da bu konsertlərdə iştirak etməlidirlər, bunlar da mədəniyyətin inkişafına bir töhfədir. Bax mədəniyyətə, sənətə xidmət budur.

Fikrət Verdiyev:

- 1982-ci il idi. O zaman keçmiş SSRİ-nin rəhbəri Leonid İliç Brejnev Azərbaycana gəlmişdi. Keçmiş Lenin Sarayında dövlət konsert olmalı idi. Zeynəb xanım dedi ki, dəyişiklik oldu. Soruşduq ki, nə dəyişiklik? Dedi, Mərkəzi Komitədən məsləhət görüldü ki, ansamblın bədii rəhbəri Fikrət Verdiyev olsun.

Xəbərim yox idi, mən də məəttəl qaldım. Həmin vaxt Həsən Həsənov Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışırdı, Mərkəzi Komitədən əvvəl bizdə, Gəncədə birinci katib işləmişdi, məni tanıyırdı.

(ardı növbəti sayımızda)

Mustafa Çəmənli