HƏJAR BƏY, MƏN ELƏ DƏ DEMOKRAT DEYiLƏM

AQİL ABBAS
30300 | 2009-08-27 01:04
Elektron poçtuma bir məktub gəlib - gözəl bir ziyalı və insan kimi tanıdığım Şamil Əsgərovun oğlu Həjar Əsgərovdan. Niyə rəhmətlik Şamil Əsgərovun adını əvvəl yazdım? Çünki Şamil Əsgərov Azərbaycanda tanınmış bir ziyalı idi, hamı da Həjar bəyi elə Şamil Əsgərovun adına görə tanıyır. Həjar bəy yazıçıdı, jurnalistdi, o da tanınır, amma müəyyən zümrə daxilində. Mənim fikrimcə, hələ ki atasını keçə bilmir. Təkcə Həjar yox, elə biz çoxumuz atalarımızı keçə bilmirik. Varda, dövlətdə keçə bilərik, bəlkə populyarlıqda da keçə bilərik, amma ağıl və müdriklikdə yox. Bu ya bizim zəifliyimizdi, ya da atalarımızın.
   
   Şamil Əsgərovu yaxşı tanıyırdım. Məmməd Arazla da xoş münasibəti vardı. Və kim nə deyir-desin mənim üçün bu adam çox maraqlı adamıydı, özü də vətənsevər idi. Dişiylə-dırnağıyla da Kəlbəcərdə bir tarix muzeyi yaratmışdı ki, heç bəlkə Bakıda elə bir tarix muzeyi yoxdu.
   
   Həjar bəylə də heç bir tanışlığım yoxdu, yaradıcılığına elə də bələd deyiləm, amma onu sevmirəm. Çünki həmişə mətbuatda onun adı PKK ilə hallandırılırdı. Mən ona PKK-çı da deyə bilmərəm, çünki əlimdə faktım yoxdu, mətbuata istinadən belə qəbul edirəm. Onun nə qədər PKK-çı olduğunu bir özü bilir, bir Allahı, bir də təbii ki, xüsusi xidmət servisləri.
   
   Həjar bəy kürddü. Necə mən türklüyümlə fəxr edirəmsə, təbii ki, Həjar bəy də kürdlüyüylə fəxr edir. Və hər bir kəs də öz millətiylə fəxr etməlidir. Burda qeyri-adi nəsə axtarmaq boş şeydir.
   
   Azərbaycan sivil bir ölkədir, bu ölkədə yaşayan hər bir kəs millətindən asılı olmayaraq azərbaycanlıdır və bir azərbaycanlı kimi də hamı eyni hüquqa malikdir. Bu ölkədə heç vaxt milli ayrı-seçkilik olmayıb, indən belə də bir millət kimi bir-birimizə sarmaşmalıyıq ki, ABŞ və Avropa dövlətləri istəklərinə çatıb bu ölkədə milli ayrı-seçkiliyi qızışdıra bilməsinlər.
   
   Necə ki dünyanın böyük dövlətləri min illərdi bir-birinə sarmaşıb yaşayan türkləri və kürdləri Türkiyədə bir-birindən qoparmağa çalışır və artıq Ərdoğan hökumətinin səriştəsizliyindən qoparmaqdadır. Bu iki xalq həmişə eyni Vətən uğrunda, eyni inam uğrunda birgə vuruşublar və Tanrı tərəfindən də əbədi olaraq birgə vuruşmağa məhkumdurlar. Zaman əvvəl-axır hər şeyi yoluna qoyacaq. Atatürk deyir: "Türk qurtaran yerdə kürd başlayır, kürd qurtaran yerdə türk". Başbuğ Alparslan Türkeş də belə deyir: "Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür! Kürd hara qədər kürddürsə, türk də ora qədər kürddür!" Yəni türklə kürd (ət ilə dırnaq) bir-birləriylə deyil, onları ayırmaq istəyənlərlə mübarizə aparmalıdırlar ki, ətlə dırnağın arasına girənlər iylənib çıxsınlar.
   
   Və Azərbaycanda da heç vaxt türk-kürd problemi olmayıb. Qarabağ savaşı da bunun əyani sübutudur. Bir yerdə vuruşub, bir yerdə də şəhid olublar.
   
   Çox təəssüf ki, mətbuatımız bilməyərəkdən düşmən dəyirmanına su tökürlər, bu məsələni qabardırlar, özü də pis qabardırlar. Türkiyədə də bu məsələni mətbuat qabartdı və nəticə göz qabağındadı. Və mətbuatımız hamıda bir kürd izi axtarır. Filankəs kürddü, filankəs kürddü, bəhmənkəs kürddü. Kiminsə kürd olmağı ona başalçaqlığı gətirmir və kiminsə kürd olmağı onun bu vətənə xəyanət etməsi demək deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda yaşayan bütün xalqlar eşitdirlər.
   
   Bu günlərdə mətbuatda deputat Vahid Əhmədovun çox gülünc bir açıqlamasına rast gəldim. Guya müdafiə naziri Səfər Əbiyevi çıxarıb yerinə kürd qoymaq istəyirlər. Vahid müəllim Səfər Əbiyevi müdafiə etmək istəyirsə başqa cür müdafiə etməliydi. Milli kimliyi qabardıb müdafiə etməməliydi. Və Vahid Əhmədovun bu müdafiəsi əksinə, müdafiə naziri Səfər Əbiyevin əleyhinə işlədi.
   
   Məsələnin ikinci tərəfi. Azərbaycan vətəndaşlarının Konstitusiya ilə təsbit olunmuş hüququ var. Hər hansı bir Azərbaycan vətəndaşı, mənsub olduğu xalqdan asılı olmayaraq, müdafiə naziri də ola bilər, deputat da seçilə bilər, prezident də seçilə bilər, hətta "Ədalət" qəzetinin baş redaktoru da ola bilər. Burda qəribə heç bir şey yoxdur. Yəni Vahid Əhmədovun açıqlaması müdafiə naziri Səfər Əbiyevin müdafiəsindən daha çox milli ayrı-seçkiliyə xidmət edir.
   
   Qayıdaq Həjar bəyin məktubuna. Həjar bəy mənə bir yazı göndərib. Yazı ilə bərabər kiçik bir məktub da göndərib. Yazır ki, mən sizi demokratik bir adam kimi tanıyıram. İnanıram ki, məktubumu çap edəcəksiniz.
   
   Həjar bəy, onu söyləyim ki, mən elə də demokratik adam deyiləm. Təbii ki, bu sözü işlətmək bir yazıçıya yaraşmaz, amma nə etməli, müharibə şəraitində yaşayan bir ölkədə daha çox demokratiya yox, diktatura tərəfdarıyam. İnşallah, Qarabağı azad edərik, ondan sonra hərəyə bir "KamAz" demokratiya paylayarıq, üzsünlər demokratiyanın içində.
   
   Amma sizin yazınızın bugünki nömrəmizdə dərc olunmasına maneçilik törətmədim. Kəlbəcər mənim də ulu babalarımın doğulduğu bir torpaqdı, mənim də ulu babalarımın qəbri Kəlbəcərdədi. İnşallah, gün gələr Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırarıq, babalarımızın ruhu sevinər, övladlarımız da gorumuza söyməz.

TƏQVİM / ARXİV