MTN ERMƏNiLƏRƏ SƏS VERƏNLƏRi GüLLƏLƏYiR?!

AQİL ABBAS
25187 | 2009-08-19 01:40
"Eurovision" musiqi yarışmasında Azərbaycandan da ermənilərə səs vermişdilər. Mən buna adi bir şey kimi baxdım. Çünki musiqinin, ədəbiyyatın, sənətin milləti olmur. Bunlar hamısı hər şeyin fövqündə dayanır. Və təbii ki, söhbət o musiqidən, o ədəbiyyatdan, o sənətdən gedir ki, o həqiqətən hər şeyin fövqündə dayansın. Bir də ki, Azərbaycandan Ermənistana səs verilməsində qeyri-adi bir şey yoxdur. Əgər ölkədə 30 min erməni gəlinimiz varsa, bunların bir 100 min də uşağı varsa, 30 min də əri varsa, bu təxminən 160 min elədi, qohumlarına səs veriblər, burda da qeyri-adi bir şey yoxdu. İkincisi də biz bir millət kimi irqçi deyilik və biz erməni xalqı ilə yox, torpaqlarımızı işğal edən erməni faşizmi ilə mübarizə aparırıq. Biz eyni zamanda Dağlıq Qarabağda erməni faşizmi əsarətində yaşayan təxminən 60-70 min erməni vətəndaşımızın da tapdanmış hüquqları uğrunda mübarizə aparırıq. Faşizmin qorxusundan vətəndaşlığımızı danırlarsa bu ayrı bir söhbətin mövzusudur.
   
   Onlar da artıq bu cür yaşamaqdan bezib və bir gün Dağlıq Qarabağdakı ermənilərin gəlmə ermənilərə qarşı üsyanını eşidəndə məəttəl qalmayın.
   
   Qayıdaq söhbətimizə. Qəzetlərdə oxudum ki, ermənilərə səs verən şəxsləri Milli Təhlükəsizlik Nazirliyinə dəvət ediblər, müəyyən sorğu-suala tutublar, izahat aparıblar və sonra da buraxıblar çıxıb gediblər evlərinə. Amma qəzetlərdən hiss elədim ki, bizim mətbuatımız həmin şəxslərin MTN-ə dəvət olunmasından rəncidə olublar. Çox maraqlıdır. MTN öz vəzifə borcunu yerinə yetirib və bir profilaktik tədbir aparıb, daha buna qızmaq nə üçün? Kim zəmanət verə bilər ki, bu səsvermənin arxasında hansısa başqa bir əməl dayanmayıb? Kim zəmanət verə bilər ki, bu səs göndərənlər musiqi xoşlarına gəldiyinə görə səs veriblər, hansısa başqa ölkələrin xüsusi xidmət servislərinin burda əli yoxdur?! Və sair və ilaxır. Təbii ki, MTN bunu araşdırmalıdır. Araşdırıb və görüb bivec adamlardı, izahatları alınıb və gediblər yenidən ermənilərə səs verməyə. Bu da sirr deyil ki, Azərbaycanda 25 min şəhidin qurumamış qanını unudanlar beş deyil on beş deyil, beş min deyil, on min deyil, daha çoxdu. Elə 160 minini yuxarıda göstərdik.
   
   Ən maraqlısı odur ki, görün MTN-ə dəvət olunan Rövşən Nəsirov mətbuata səs verməsinin səbəblərini necə açıqlayır.
   
   Birincisi, deyir hakimiyyətə etiraz əlaməti olaraq səs verdim. Bundan soruşan gərək ki, adam hakimiyyətə etiraz edəndə düşmən tərəfə keçir? Deməli, belə bir adam sabah çox adi bir inciklik üstündə ağ bayraq götürüb düşmən tərəfə keçər. Elə bunun özü bir cinayətdi.
   
   İkincisi də deyir ki, Araşın ölkəni təmsil etməsinə etiraz edirəm. Əvvəla, Araş erməni deyil, azərbaycanlıdı. Və Ayselin Araşla birgə çıxmağı əslində böyük bir siyasi məna daşıyır, kimlərsə bunu qanmaya bilər. Qanmazı qandırmaq da heç vacib deyil, bəlkə bunu yazmaq da heç düzgün deyil. Aysellə Araş bütöv Azərbaycanı təmsil edirdi. Yarışmaya təkcə bu taylı Azərbaycan yox, həm də o taylı Azərbaycan qoşulmuşdu. Dünya bütöv Azərbaycana səs verirdi.
   
   Üçüncüsü də deyir ki, ermənilərin mahnısı ona daha xoş gəlib. Burda da qeyri-adi bir şey yoxdu. Çünki erməninin də oxuduğu Azərbaycan mahnısı idi, sadəcə olaraq ermənicə oxuyurdu. Ona görə də xoşuna gəlməyində qeyri-adi bir şey yoxdu.
   
   Və nəhayət, dördüncüsü. Görünür, onu MTN-də yaxşı qandıra bilməyiblər ki, çıxıb mətbuata belə açıqlamalar verir.

TƏQVİM / ARXİV