adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Mart 2019 18:16
8970
MƏMLƏKƏT
A- A+

YENİ QOBUSTANIN FƏRƏHLİ DÖVRÜ

(əvvəli ötən saylarımızda)

Hazırda rayonda 4416 nəfər əmək pensiyası, 2710 nəfər sosial müavinət, 92 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır. Bir ailəyə düşən orta Ünvanlı Dövlət Sosial Yardımının məbləği 191,07 manat təşkil edir.

2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Novruz Bayramında bayram sovqatı verilmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində isə hər bir aztəminatlı ailəyə 100 manat maddi yardım göstərilmişdir.

Heydər Əliyev Fondu tərəfindən rayonun Təsi kəndində şəhid ailəsi Cəmilova Firəngiz Məhəmməd qızı üçün 0,6 ha qoz bağı salınmış, suvarma sistemi ilə təmin edilmişdir.

Qobustan şəhərində 1 Qarabağ əlili və 1 şəhid ailəsinin hər biri üçün 2 mənzilli, 2 Qarabağ əlili üçün isə 3 mənzilli yaşayış evinin tikintisi başa çatmış, bu il istifadəyə verilməsi gözlənilir. Qobustan şəhərində Şəhid Valeh Babayevin xatirəsinə möhtəşəm abidə-bulaq kompleksi yaradılmışdır.

İcra hakimiyyəti tərəfindən ənənəvi olaraq 2018-ci ildə də 520 aztəminatlı ailəyə il ərzində 4 dəfə olmaqla bayram sovqatı verilmiş, 20 nəfərə müxtəlif maddi yardımlar göstərilmişdir.

Rayonda çağırış yaşlı vətəndaşların orduya çağırışı daim nəzarətdə saxlanılır. 2018-ci ildə 237 çağırışçı gənc ordu sıralarına göndərilmiş, 271 nəfər ordudan tərxis olunmuşdur.

2018-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilmişdir.Hesabat dövründə rayon ərazisində 26 cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 11-i az ağır, 15-i isə böyük ictimai təhlükə törətməyən cinayətlər olmuşdur. Onu da qeyd edək ki, ümumilikdə 2017-ci illə müqayisədə cinayətlərin sayı 16 faiz azalmışdır. Ağır və xüsusilə ağır cinayət hadisəsi baş verməmişdir. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayət hadisəsi qeydə alınmamışdır.

Rayonda vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılır. 2018-ci ildə Qobustan rayon İcra hakimiyyətinin başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 150, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 11, Azərbaycan Respublikasının Milli Məclisindən 2, digər mərkəzi İcra hakimiyyəti orqanlarından 19 vətəndaş müraciəti daxil olmuşdur. Birbaşa Rayon İcra Hakimiyyətinə 2018-ci ildə 283 təklif, ərizə və şikayət daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 7 şikayət ərizəsi nəzarətdə olmuşdur.

Müraciətlərdən 130-u ərizə , 151-i şikayət , 2-si isə təklif olmuşdur.

Ərizələrdən 26-sı və ya 20 faizi müsbət həll edilmiş, 98-nə və ya 76,1 faizinə müvafiq izahat verilmiş, 1-i və ya 0,8 faizi aidiyyəti üzrə göndərilmiş, 3-ü və ya 2,3 faizi qismən həll olunmuşdur. 1-i və ya 0,8 faizi baxılmamış saxlanılmışdır.

2018-ci ildə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 31 rəsmi qəbul keçirilmiş, bu qəbullarda 152 nəfər, yerlərdə keçirilmiş 40 səyyar qəbulda isə 3209 nəfər iştirak etmiş, onlardan 93 nəfər vətəndaş müraciət etmişdir. Müraciətlər əsasən yolların təmiri, məktəb tikintisi, uşaq bağçalarının açılması, elektrik xətlərinin təmiri, torpaq problemləri ilə bağlı olmuşdur. Bu məsələlər nəzarətə götürülmüş və ardıcıl olaraq həll edilir. Qobustan rayonu İcra hakimiyyətinin başçısı aparatında gənc kadrların seçilib yerləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ilin əvvəlinə İcra hakimiyyətinin başçısı aparatında 8 vakansiya olduğu halda, hazırda 4 vakansiya vardır. Aparatda dövlət qulluqçuları üzrə orta yaş həddi 36 yaşdır.

2018-ci il rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də bir sıra uğurlarla yadda qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə rayonda 16 yeni məktəb binası tikilmiş, 4 məktəb əsaslı təmir edilmiş, 1 məkəb üçün 10 əlavə sinif otağı inşa edilmişdir. 1 məktəbin tikintisinə başlanmışdır. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir avadanlıq və texniki qurğularla təmin olunmuşdur. Rayon məktəblərinin 70,0 faizi müasir tələblərə tam şəkildə cavab verən, yeni inşa edilmiş və ya əsaslı təmir edilmiş məktəblərdir.

Cənab Prezidentin təşəbbüsü ilə ənənəvi hal almış əhalinin ümumi dispanserizasiyası, əhalinin sağlamlığının qorunması tədbirləri bu il də davam etdirilmişdir. Ümumilikdə 24 min 810 nəfər tibbi müayinəyə cəlb edilmişdir.1104 nəfər ambulator, 81 nəfər stasionar, 178 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 4 nəfər əməliyyat olunmuşdur. Bütün bu diqqət və qayğı əhali tərəfindən minnətdarlıqla qarşılanır və çox mühüm əhəmiyyətə malikdir. Bu il də tibbi müayinənin vaxtında başlanılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

Qobustan İdman Kompleksinin istifadəyə verilməsi, İdman məktəbinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tikilən çoxsaylı məktəblərdə idmana yaradılan şərait, qurulan infrasturuktur, yeni idman bölmələrinin fəaliyyətə başlaması yeniyetmə və gənclər arasında idmanın kütləviliyinə nail olunmasına şərait yaratmışdır. 2018-ci ildə Karate üzrə 2 qat Dünya çempionu İbad Rzazadə Ukraynanın Xarkov şəhərində keçirilən Kempo-karate və Kobudo döyüş növləri üzrə Dünya çempionatında yenidən fərqlənərək 3-cü dəfə Dünya çempionu adını qazanmış, onun yetirməsi isə yaşıdları arasında dünya ikincisi olmuşdur.

Hesabat dövründə rayonda quruculuq-abadlıq işləri davam etdirilmişdir. Daxili imkanlar hesabına Qobustan şəhərində Şahmat məktəbinin inzibati binasında son tamamlama işləri aparılır.

Bu il Qobustan şəhərində 1 ədəd 3 mərtəbəli, 2 ədəd birmərtəbəli, 2 ədəd 2 mərtəbəli binalar təmir edilmişdir. Rayonun Cəmcəmli kəndində həkim ambulatoriyası tikilərək istifadəyə verilmişdir.

2018-ci ildə Qobustan şəhərində və kəndlərdə 5000-dən artıq müxtəlif növ ağac, 3500-dən artıq qızılgül kolu əkilmişdir.

Heydər Əliyev Prospektində ümumilikdə bütün sahələr abadlaşdırılmışdır. Eyni zamanda, Bakı-Şamaxı yolunun Qobustan şəhəri daxilindən keçən hissəsində yolun sağ tərəfindəki sahələrdə də abadlıq işləri aparılmış, əraziyə 200-dən artıq müxtəlif növ ağac əkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda Qobustan rayonu üzrə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ölkəmizdə aparılan uğurlu islahatlar, Cənab Prezidentin verdiyi tövsiyə və tapşırıqlar, qəbul edilmiş Dövlət Proqramları, başlanmış işlər respublikamız və eləcə də Qobustan rayonu üçün 2019-cu ilin daha uğurlu bir inkişaf ili olacağını deməyə əsas verir.

Məzahir ƏHMƏDZADƏ