adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2019 18:14
14302
ƏDƏBİYYAT
A- A+

SƏNƏTŞÜNAS VƏ ZAMAN

ESSE

Vəcihə Səmədova adına Sərgi Salonunda görkəmli rəssamların əsərlərindən olan sərginin açılış öncəsi mikrofonla bir ELAN söyləmək (elanın məzmununun açılışı sonraya qalsın) istədiyimi sənətşünas Ziyadxana bildirəndə, bir sayaq ona gənəşəndə o, azca çiynini çəkərək sakitcə. - De də, orda nə var ki, - söylədi. Bir az çəkindiyimdən, bəlkə bir az da utandığımdan həmin gün mikrofona yaxınlaşa bilmədim. Bir aydan sonra yenə də həmin salonda görkəmli sənətşünas Ziyadxan Əliyevin 70 illiyinə həsr olunmuş rəssam, heykəltaraşların əsərlərindən olan sərginin açılış öncəsi sıx dayanmış adamları yara-yara özümü mikrofonun yaxınlığına verəndə, bir də gördüm sağımda qocaman şair Oktay Rza, çox güman ki əlüstü-iki daşın arasında Ziyadxana həsr elədiyi şeirini deyəcək, solumdasa yubiliyarçı, onun da yanında miikrofon önündə Azərbaycan Rəssamlar İttifaqının sədri, heç vaxt qocalmayan, sadə geyimdə Fərhad Xəlilov. "Yoox, deyəsən mən ağ elədim, çağrılmamış qonaq yerində özümü hiss edirdim, hamısı təcrübəsislikdəndir. Məndən xoşu gəlməyən adamlar bu hərəkətimi görsə, gör özünü necə irəli təpir..." düşünəcək. Həyat yoldaşım, yaxud rəhmətlik nənəmsə(anam) "həmişə qaçıb gizlənməsəydin, indi haralardaydın" deyər, deyərdi... Səksənini çoxdan adlamış Oktay Rza gənclik həvəsiylə bir tədbiri də buraxmır, hər yerdə, hər yerdə görünür, nə olsun. Elə bil tikan üstəyəm. Ziyadxan məni yanında görəndə azacıq gülümsəmədi də...

Fərhad Xəlilov salonu "partladan", burda iynə atsaydın, yerə düşməz deyilsə, tam yerinə düşər, bir-birinə söykənmiş insan toplusuna işarəylə, çıxış edərkən. - Bir baxın, nə qədər insan yığışıb bura! Son vaxtlar bu qədər adamın gəldiyini yadıma salammıram. Bu, təkcə Ziyadxanın deyil, həm də sənətimizin bayramıdır. Onun bu sözləri bir il öncə elə bu salonda rəssam Nağdəli Xəlilovun 70 illiyilə bağlı qeyd olunan yubileyini yadıma saldı. "Görəsən, o vaxt çox adam gəlmişdi, yoxsa indi. Bu qədər adamı görəndə Nağdəli qısqandımı?" ağlımdan keçdi. Sağıma baxanda bir az öncə görüşdüyümüz, indisə Oktay Rzadan o yanda dayanmış nurlu sifətli, gülümsəyən Nağdəli gözümə dəydi. İlin-günün bu vaxtı, müharibə şəraitində, sosial durumun ağır olmasından gileylənən adamların ədəbiyyata, inçəsənətə marağının azaldığı bir vaxtda bir sənətşünasın yubileyinə bu qədər insanın yığışması, açığını deyim, mənə qəribə gəlirdi. Bu toplum sovet dönəmində keçirilən məşhur Xalq şairlərinin yubileyini xatırladırdı. Ziyadxanın rəssamlıq akademiyasında dərs dediyini, Azərbaycan Rəssamlar İttifaqı nəzdindəki "Tənqid və Sənətşünaslıq" bölməsinin sədri olduğunu bilirdim. "Bəlkə yenə könüllü-könülsüz tələbələri yığıb gətiriblər?.." ağlımdan keçdi. Doğulduğu Şamaxı rayonunda, daha doğrusu, şəhərində də onunla bağlı keçirilən möhtəşəm tədbirdən çəkilmiş müxtəlif şəkilləri facebookda görmüşdüm. O tədbirdən çox məmnun qaldığını, ötən görüşümüzdə elə bu salonda Ziyadxanın özündən eşitmişdim. Söhbət əsnasında indiyəcən rəssam, heykəltaraşlardan beş yüzə yaxın məqalə, elmi iş, esse yazdığını demişdi. Onun Səttar Bəhlulzadə haqqında "Sənətin Məcnunu", "Bəhruz bəy Kəngərli taleyi", xalq rəssamı Eldar Mikayılzadəyə həsr etdiyi "İlmələrin hikməti", Zakir Hüseynova həsr etdiyi "Tənha döyüşçü"... iri həcmli kitablarından xəbərim vardı. Rüstəm Mustafayev adına İncəsənət Muzeyində dövlətin dəstəyilə Səttar haqqında yazdığı kitabın təqdimatında mən də iştirak etmişdim. Mərasimin sonunda çıxş edən müəllif Səttarla bağlı yazılmış məqalələrdən, geniş axtarışlarından söz açsa da, nə mənim Səttar Bəhlulzadə barəsində yazıb öz hesabıma nəşr etdirdiyim "Qapıları bir-bir döydüm" kitabım barəsində, nə də ssenarim əsasında Azərbaycan Dövlət Kino Studiyası nəzdindəki "YADDAŞ" studiyasının çəkdiyi qısa metrajlı film haqqında bir kəlmə söz dedi. Nə gizlədim, həssas, xeyirxah, güclü yaddaşı olan kimi tanıdığım bu insanın mənə soyuqmu, biganəmi, qərəzlimi deyim, münasibəti məni çaşdırdı. Axı mənim doxsan altı səhifəlik o balaca kitabcığımı oxucular, xüsusilə Səttar sənətinin vurğunları çox isti qarşılamışlar. Kitab haqqında yığcam da olsa, məqalə yazılmışdı. Həmin kitabın sonunda müəllif-bəndəniz, illərlə soraqlaşıb axtarandan sonra səksən iki ünvanda Səttar Bəhlulzadə rəsmlərinin olduğunu bəlirləmişdi. Axı, o ünvanların bir neçəsinin yerini mənə Ziyadxanın özü söyləmişdi. Soyuq qış günündə Piterdə oxuyan oğluma baş çəkməyə gedəndə bir neçə gün evində qaldığım İlham adlı rəssamın mənə ehtiramla göstərdiyi qulluq- qayğı da birbaşa xeyirxah Ziyadxan bəyin zəngiylə bağlıydı. Görəsən, Ziyadxanın mənə üstüörtülü soyuqluğunun səbəbi ona olan hansı səhvim, hansı etinasızlığımla bağlıydı? Bu məsələ məni həmişə rahatsız etmişdi. Sərgi salonunda bu düşüncələr ağlımdan təkrar gəlib keçərkən Fərhad Xəlilovun mikrofona Ziyadxan barəsində ayrı-ayrı cümlələrdə söylədiyi: - O, pojarnı kimi işləyir,- yaxud, o, cəngavər kimi vuruşur, çəkinmədən sözünü deyəndir, prinsipialdır,- üstüörtülü, kodlar şəklində dedikləri elə bil məni diksindirdi. "Yooox, deyəcəyim ELANdan öncə Fərhad bəyin çoxuna bəlli olmayan kodlarını açmalıyam" fikir ağlımdan keçdi.


Mikrofonun önündə görkəmli heykəltaraş, Azərbaycan Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarovun rus dilində söylədiyi nitqində Ziyədxanı Sovet dönəmində rus incəsənətindən yazan məşhur sənətşünas Stasova bənzətdiyini qulağım çaldı. Sonra, söz Rəssamlar İttifaqının katibi Rafiq Kərimov Ziyadxana həsr etdiyi upuzun şeirini rusca vərəqdən oxudu. Kiminsə pıçıltıyla dediyi "Bu da ənənəsindən qalmır, bütün yubliyarlara qoşduğu şeirini oxuyur" sözləri eşitdim. Bayaqdan bizə tuşlanmış kameranın qarşısını kəsərək, əgər televiziya ekranında göstərsələr, ancaq burnumdan yuxarı hissəmin görünəcəyini duyduğumdan "ayda, ildə bir namaz, onu da Şeytan qoymaz" məsəlini xatırlayıb, sonradan gəlib önümdə dayanmış gənci itələyərək qabağa keçmək ağlımdan keçsə də, bunu özümə sığışdırmadım. Sağ yanımda olan Oktay Rzanın yerində indi qucağında bəmbəyaz qızılgül daməti tutmuş, dodaqlarına ustalıqla əl gəzdirilmiş(selikonla) bir gözəl dayanmışdı. Hərdən gözümün ip-iti, iynə ucuyla ani olaraq ona baxanda gərilib qızmış əsəb tellərimin üstünə elə bil sərin su çilənirdi. Türkiyə səfirliyinin nümayəndəsi İrfan bəy Ciftçiyə söz veriləndə bayaqdan qarşımı kəsmiş zil qara saçlı, səliqəli geyimli gəncin mikrofona sarı addımladığını görəndə, ona olan münasibətim yüz səksən dərəcə dəyişsə də, onun uzun nitqindən ancaq "Ziyadxan beyin kitablarının Türkiyede de basılacağı amacındayam" dediklərini tuta bildim. Çünkü, mən söyləyəcəyim ELANımdan öncə Fərhad bəyin Ziyadxan haqqında dediyi kodları ardıcıl olaraq necə açacağım barədə beynimdə götür-qoy edirdim. Bir yannan da bu boyda izdihamı görəndə, mərasimi rəssamlar ittifaqı sədrinin aparması, o tarixi vuruşundan sonra Ziyadxana əməkdar incəsənət xadimi adı verilməsi, baxmayaraq bu ada layiqdir, məndə yenə də şübhə doğururdu, "bütün zamanlarda dünyanın bütün hakimiyyəti ağıllı, cəsarətli, məntiqli, SÖZ deyə bilənləri öz tərəfinə çəkməyə cəhd etmirmi, deyəsən bizim iqtidar da onu öz toruna salıb. Mübarizliyi səngiyib, ancaq bu ixtiyar yaşında yenə də gənclik həvəsi, şövqüylə məqalələrini yazır. Bəzən əlində yanar şam, bəzənsə güclü işığı uzağa vuran "projektorunu" tuşlayıb keçmişin qaranlıq qatında unudularaq qalmış, zamanında haqqını almamış incik sənətçilərin gözəl əsərlərini üzə çıxarıb bu günün insanlarına zövq verir. Bu fədakarlığı azdırmı. Ömrü boyu savaşmaq məyər onun alnınamı yazılıb..."

Fərhad bəy növbəti çıxışçıya söz vermək üçün yan-yörəsindəki adamları tələsik gözdən keçirəndə "yəqin məni unudub" fikirləşdim. 1995-ci ildə Prezident Aparatının on ikinci qatında ana dilimizin necə adlanması barədə aparılan müzakirə anları yadıma düşdü. Rəhmətlik Zəlimxan Yaqubla yanbayan oturmuşduq, bizim arxamızdasa görkəmli tarixçi İqrar Əliyevlə Fərhad Xəlilov əyləşmişdi. Yuxarıda- kürsü önündə çıxış edənlər kimi, salonda əyləşənlər arasında da dilimizin "Azərbaycan dilimi", yoxsa "Azərbaycan türkcəsi" adlanması barədə qızğın dartışma gedirdi. Mən arxaya çevrilib: - İqrar müəllim, əgər bizim ulu babalarımız Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov, Molla Pənah Vaqif... yaşadığımız yüz ildə Mirzə Cəlil, Mirzə Ələkbər Sabir ana dilimizi türk dili adlandırıbsa, iki-üç saatın ərzində bir qərarla, bir iclasla xalqın və onun dilinin adını necə dəyişmək olar?- deyəndə polad məntiqin qarşısında görkəmli tarixçi açiz qaldığınamı, yoxsa məni küçədən keçənin birisi kimi təsadüfən gəlib burada oturduğumu sandığındanmı, mənimlə mübahisə etməyi özünə sığışdırmadığından, əsəbiliklə yerindən qalxaraq Fərhad bəylə gedib bizdən aralı sıraların birində əyləşdilər...

Fərhad bəylə göz-gözə gələndə tələsik "Məni unutmamısan ki, ELAN məsələsi?.." dedim. Gözünü məndən çəkmədən bir an duruxduğunu görəndə "üzdən tanısa da, görünür adımı unudub" düşünərək "Azər Abdulla" dedim. - Alə, bəgəm səni tanımıram, bura gəl, sən mənnən yazmısan...- gülə-gülə Bakı ləhcəsində deyəndə, gülüşündə azacıq kinayə hiss elədim, bəlkə də zarafat edirdi. "Unuda bilməz, o vaxtkı bir kitab əhvalatından sonra onun güclü yaddaşına yenəmi şübhə edirsən?" Ədəbi aləmdə Nobel mükafatçısı Uilyam Folknerin adını o zamanlar çoxları kimi, mənim də tanımadığım vaxt Fərhad bəy onun "QOROD" kitabını oxumağa vermişdi. Aylar ötmüşdü, Fərhad bəy haqqında yazdığım məqalə "Qobustan" dərgisində çap olunandan sonra, o verdiyi kitabdan söz salıb geri istəyəndə, kitabın "dalına keçmək" məqsədiylə "bir dəfə də oxumaq istəyirəm" demişdim. Ancaq bir müddətdən sonra kitabı yenə istəyəndə, "Ali Sovetin sədri Xəlilovun oğlunun kitabını verməmək olarmı?" düşünərək, bir gündən sonra qaytaranda, "yoxsul Səttar Bəhlulzadə o boyda əsərini mənə bağışlamaq istəyirdi. Mavi "QAZ-24"ünə mindirib Buzovnaya aparmağına bax bunun. Kitabı qıymadın, heç olmasa, adicə çaya da qonaq eliyəmmirdin? Anar bəy yaxşı eliyib sənnən yazmayıb." içimdə pıçıldayaraq onnan "qisasımı" aldım. Fərhad bəy üzünü mikrofona tutaraq: - Azər Abdulla! Görkəmli yazıçı, publisist, sənətşünas... rəssamlardan yaxşı yazılar yazıb. "Vallah, bu yaxşı adammış" düşündüm. - Mənnən də ilk dəfə o yazıb. Anar yazmağı bir nəfərə tapşırmışdı. Kimin oğlu olduğumu biləndə yazmaqdan imtina elədi. Dedi elə biləcəklər atana görə sənə yaltaqlanıram. Alə, nə ata, o vaxt mən çölləri gəzirdim... "Necə yəni çölləri gəzirdim, harda gəzib dolaşsaydın, lap kosmanavt Qaqarinin yanında oturub Aya uçsaydın da, yenə də Ali Sovetinin sədri Qurban Xəlilovun oğluydun. Fərhadın bu sözündən "həyatımda hər şeyə özüm nail olmuşam" fikrinin qoxusu burnuma dəydi.

Bəzi istedadlı, zəhmətkeş, həm də çox görkəmli yazıçılarımızın dediyindən də bu qoxu, yaxud bu ətri hiss etmişəm. Onların istedadını, bacarıq və qabliyyətini danmaq ədalətsizlik olardı. Ataları məşhur olduğuna görə onları qınamaq da ədalətsizlik olardı. Ancaq onlar öz yerlərini bərkidib ayaq üstə duranacan, addımlayıb üzlərinə taybatay açılmış açıq qapıların, keçdikləri keçidlərdə yanan yaşıl işığın məşhur, görkəmli atalarının (Allah atalarına rəhmət eləsin) hesabına olduqlarını məyər ağlına gətirməyiblər...

Fərhad bəy üzünü mənə çevirib: - Anar dedi özüm yazacam,- söyləyib tamaşaçılara baxdı, sözünə davam edərək: - O da yazası olmadı,- deyib yenə mənə sarı çevrilib: - Azər yazdı, - söyləyib məni mikrofonun qarşısına dəvət elədi. "Məqamdı. ElAN-ımdan qabaq Ziyadxan haqqında niyə də bir-iki cümlə deməyim...

Bəlkə dünya və milli təsviri sənətimizin öyrənilməsində, indiyə kimi elmə məlum olmayan fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, görkəmli Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun boyakarlıq və qrafik əsərlərinin sənətşünas Ziyadxanın atribus nəticəsində müəllifin dəqiq aşkarlanması... Bu sayaq uğurlu elmi atribusiyanın Azərbaycan sənətşünaslığında və muzeyşünaslığında nadir olay olduğu etiraf edildiyindən... elmi məqalələrinin ABŞ-dan tutmuş Türkmənistanacan neçə-neçə ölkələrdə nəşr edildiyindən... iyirmidən çox monoqrafiyanın müəllifi olduğundan başlayım... Yox, bu yorucu olar..." fikir ağlımdan keçdiyindən, yığcam danışmağıma qərar verdim...

- Tanıyıb-tanımadığım bütün rəssamlar, tişə ustaları, sizləri, bu soyuq qış günü ağır, gərgin, yoxsul mühitdə sizlərin və əsərlərinizin işığına, hərarətinə gələn bütün sənətsevərləri salamlayır, alqışlayıram! Çəkinmədən sizlərə bir etirafımı demək istərdim. Zaman-zaman rəssamlığın yaratdığı şedevrlər hələ bir yana qalsın, görüb tanımadığım adamın uzun saç-saqqalı, sadə geyimi, çiynindən asılmış etüd çantası, yaxud təbiətin bir ğuşəsində molbert arxasında dayanıb tablosuna baxıb gözünü qıyması, irəli-geri addımlaması, əlindəki fırçası, o sehirli fırçayla tablosuna bircə kərə yaxı çəkib də pələsənk geri çəkilib vurduğu həmin "mazoka" aralıdan baxması, palitrasındakı uşaq sevinciylə oynaşıb səs salan al-əlvan boyaları, başındakı biretin ortasında antenə (yeni-yetmə çağımda elə bilirdim rəssamlara ilham, istedad, yaratdıqları gözəllik o "antennən" ötrülür) bənzər çıxıntının göyə dirənməsi... uşaqlığımda olduğu kimi indinin özündə də məni əfsunlayıb sehrlədiyindən- rəssamlığa və rəssamlara aşiq olduğumdan, bir də gördüm yetmiş beş yaşımda onları yamsılamağa başlamışam. Özümlə bağlı bir sirri sizlərə söylədim. İndisə görkəmli sənətşünas Ziyadxanın bir cüt sirrini sizlərə açacam. Sayın dinləyicilər, siz də, mənim özüm də hal-hazırda bir vaxtın, bir zamanın içində yaşayıb hər kəs öz işini asta-asta görməkdə. Son zamanlar vaxt azlığından, zamanın yeyin-sürətlə ötüb keçdiyindən hamı şikayətlənir, bəlkə xəbərimiz olmadan maddi var-dövlətimiz, haqqımız kimi, zamanımızı da talayıb oğurlayırlar. Gözümüz baxa-baxa gün-günü, ay-ayı, il-ili qovur. Vaxtın belə daraldığı məqamda Ziyadxanın televiziya, radio çıxışları, qəzet-jurnallarda incəsənətlə bağlı çap olunan müxtəlif səpkili yazıları, nəşr etdiyi qalın-qalın kitabları da bir yana, son zamanlar mən onun, az qala hər həftə, günaşırı facebookda rəssam, heykəltaraş, ümumiyyətlə incəsənətlə bağlı yazılarını oxuyub çatdıra bilmidəm ki, bilmirəm. Bəs Ziyadxan bəy bizim dar zamanımıza sığmayan bu qədər çox-məhsuldar yazının öhdəsindən necə gəlir? Demiyəsən, içərisində bulunduğumuz zamandan savayı, onun başqa bir zamanı da varmış. Bizim zamanımızdan adlayıb o biri zamanda yarımçıq işlərini görürmüş. Bizim zamanın sınırını pozub, daha doğrusu, adlayıb orda-başqa zamanda çalışan yaradıçılardan bu dəqiqə yadıma düşənlərdən yazıçı Anarı, Elçini... insafən, gəlin boynumuza alaq, burda onların bol-bol yazıb-yaratmalarında adlı-sanlı atalarının daha heç bir rolu yoxdur, Rafael Hüseynovu, Nəriman Əbdürrəhmanlını, Vaqif Yusiflini də xatırlamaq yerinə düşər...

Fərhad bəyin yubiliyar barəsində kodlarla "O, sözünü üzə deyəndi, prinsipialdı, cəngavərdi..." söylədiyi sözlərin açıqlamasını deməklə Ziyadxan bəyin ikinci sirrini açmış olacam. Dostyana əlimi onun çiyninə qoyaraq deyirəm, ötən yüz ilin doxsanıncı illərində bu bəstəboy, çansız-cələfsiz bəy, Maşallah olsun, indi yaşıyla bağlı bir azca sulanıb, (burda gülüşmə) məmləkətin dərə xəlbət tülkü bəy dönəmində milyonlarla dəyəri olan incəsənət əsərlərini oğurlamış böyük bir talançı dəstəylə, mafiyayla yenilməz bir çəngavərtəkin təkbaşına savaşa çıxdı. Bu savaş saatlar, aylar deyil, illərçə uzandı. Bu doyüşdən xəbəri olmayanlara anoloji olaraq "heyvanlar aləmi" verilişində bir savaşı xatırlatmaq istərdim. Aslan bir quşun yumurtalarını, yaxud yumurtadan yenicə çıxmış çüçələrini yeməyə addım-addım yaxınlaşır.

Yaxınlıqda duyuq düşən ana quş şığıyaraq özündən ölçüyəgəlməz gücdə olan aslanın qarşısını kəsir, gərilmiş qanadlarını açaraq, bütün vücudunu örtmüş yumşaq, zərif leləklərinin hər biri, birdən qabarıb sərt polad qalxana çevrilmiş halda hücum edib aslanı geri həsləyir, öz azmanlığını, öz gücünü unudan aslan həmin anlarda ona müəmmalı, sirli görünən ana quşcuğazın dirənişinə tab gətirməyib addım-addım geriyə həsləyir, sonrasa çevrilərək, tızıxıb uzaqlaşır. O zərif ana quşa yoxdan gələn güc, qüvvət, qüdrət, yenilməzlik sirr-xudadır. Ziyadxan ruhundakı təpər, qeyrət, döyüşkənlik, dirəniş, sənətimizə olan havadarlıq, vətənsevərlik mənçə Nəsimi, Xaqani, "bəlkə Məhəmməd Füzulinin də adını buraya əlavə edim. Aqil Abbas Füzulini Ağcabədi, gənc şair Hikmət Məliklisə Şamaxının Bayatlısından olduğunu iddia edir. Bəs özünü bir şair kimi Füzuliylə eyni, bəzənsə ondan da yüksək qatda dayandığını iddia edən Cəbrayıl bölgəmizdən olan gözəl şair Vaqif Cəbrayılzadə..." ağlımdan keçsə də demir, şözümə davam edirəm, - Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvanini... cücərdib yetişdirən Şamaxı bölgəmizin havasından maya tutmasındandır... Məncə, Ziyadxanın o kişiyana savaşı yüzlərlə yox, minlərlə oxucunun ruhundakı yatmış qeyrəti qıdıqlayıb, bəlkə bizləyib, bəlkə islaq əliylə şapalaqlayıb oyadıb...

Sözümü bitirib mikrofonun önündən çəkilmək istəyəndə Fərhad bəy: - Alə, bəs sənin ElANın nə oldu?-soruşdu, mən qəzetimizin Şah İsmayıl Xətayiyə həsr etdiyi buraxılış sayını tamaşaçılara göstərərək: - Bu seriyadan növbəti sayımız dahi şairimiz Füzuliyə həsr olunacaq. Şairlə bağlı əsəri olan sənətçilərdən əsərinin fotosunu çıxarıb mənə çatdırmasını xahiş edirəm...

P.S. İrfan bəy Ciftçi əlimdəki jurnala eyhamla pıçıldayaraq "birini bizə göndərin" deyəndə, Ş.İ. Xətayinin sonuncu sayını çantamdan çıxarıb ona bağışladım.

yanvar, 2019