adalet.az header logo
  • Bakı 21°C
15 Mart 2019 18:12
56826
LAYİHƏ
A- A+

QUBA ALMASI...

(əvvəli ötən sayımızda)

Burada yol boyu gördüyü dağları, iri daşları, qayalıqları, sıx meşələri görəndə lap vahimələnirdi. Arada maşını saxladı. Sərin bulaq suyundan içə-içə Afurca şəlaləsinə baxası oldular. Gör neçə metr hündürlükdən aşağı tökülürdü. Sonra da qorxulu dağ yamacları, yolları başladı. Bir maşın gələndə, dayanır, o birinə yol verirdi. Aşağı, çaya tərəf yuvarlanmış bir yük maşınını onlara göstərdilər. Həlak olan olmamış olmazdı. Dağ çayını bir atlı kişi keçirdi. Özünün atın üstündə, qadının noxtadan tutub çayı keəçmələri ona çox qəribə, qeyri-etik gəldi. Ancaq nə etmək, bu yerlərin öz qayda-qanunları vardı. Bəlkə belə məsləhət idi. Sel gələndə qadın atın yüyənini saxlaya bilməz. Bəlkə kişi xəstə, şikəst idi? Nə bilsin. Hər şey onun üçün sirli, müəmmalı idi. Bir azdan uşaqların, elə seyrək yaşlı adamların da səsi eşidildi:

- Bir baba payı!

- Baba payı verin də!

- Nəzir verin!

- Alma yemirsiz ki?!.

Kimisi pul, kimisi də evdən gətirdi geyilmiş, köhnəlmiş paltarları onlara verməkdə idilər. Onların çoxu lap təzə görünürdü. Dövlət notariusu kimi o iki yüz əllilik verəndə, başqalarının beş yüz, min manatlıq verdiyini gördü. Biri isə lap on minlik verirdi. Baxanda onun onlarla gedən Telman olduğunu gördü. Gələcək kürəkənləri, qızı Leylanın həyat yoldaşı. Onda az-çox qazanır, balıq, kürü işi ilə məşğul olurdu. Bunu ona irad tutanda, dedi:

- Qoy sevinsinlər də...

- Ver də, daha bu qədər... Belə pul səpələyərlər. Vaxt olacdaq ki, özün peşiman olacaqsan.

Sonradan onun bu hərəkətlərini hər dəfə ona deyəndə, gülümsəyir, deyirdi: "Bir iş idi... Oldu da..." Bəli, yaxşı deyirlər ki, pul dövlət quşu kimi bir şeydir. Gələn yeri dar, çıxan yeri geniş olar. Vaxtında qədrini bilmək lazımdır. Həmişə ələ belə imkan düşmür.

Qarxundan çay içi dağlara tərəf qalxıb, Baba dağa gedən yola gəlib çıxdılar. Artıq gecə saat on bir idi. Xidmətlər təklif olunurdu. Bir neçə çadır qurulmuşdu. Onlar da birində yerləşdilər.

Uzun yol onsuz da onları yormuşdu. Heç yarım saat keçməmişdi ki, dəstə yola düşmək üçün hazır oldu. İstər-istəməz onlara qoşulası oldu. On nəfərədək olardılar. Hamısı idmançıayağı geyinmişdilər. Gələnlər çox idi. Çoxu indi səfər etmək istəmirdi. Əlacı nə idi, bu yerləri yaxşı tanımırdı. Balabəy müəllim demiş: "Ala it çaqqala qoşulan kimi", qoşuldu onlara.

Arxadan onlara güclə çatırdı. Bəlkə də çay boyu bir o qədər çətinlik hiss etmədi. Elə ki, yüksəkliyə qalxmağa başladılar, tənginəfəs oldu. Yenicə ayaq saxlamışdı, gördü ki, özündə deyil, gözləri qaralır. Təzyiqinin bu dərəcədə qalxıb-düşməsini gözləməzdi. Qəlbində Allaha dua etməyə başladı ki, onu bu yerdə pis vəziyyətdə qoymasın. Bu an sanki özünə gəldi, gözləri işıqlandı. Qaranlıq gecədə göy üzündə sayrışan ulduzları görməyə başladı. Onu sərin hava vurdu...

Gördü ki, gənclər birinin başına toplaşıblar. Tosqun cavan idi. And içirdi ki, heç yana gedəsi deyil. Ölsə də burada ölüb qalacaq. Geri qayıtmaq istəyir. Uzaqda it səsləri eşidilidi. Hiss olunurdu ki, burada, yaxınlıqda, haradasa ferma var. Qoyun, quzu səsləri də eşidilirdi...

Həmin oğlana yeganə elektrik fənarlarını, bıçaqlarını verərək yollarına davam etdilər. Bir azdan o əynindəki jaket, sonra da köynəyi soyunası oldu. Çox isti, bürkü idi. Hətta apardığı yemək-içməyi də bir az azaldası oldu. Bura elə idi ki, heç nəyə toxunan yox idi. Nə qoysaydın qaydanda götürə bilərdin.

Arada dağın başında parlaq ulduzlara baxa-baxa lap xəyala daldı. Sanki əl uzatsaydın onlara çatardı. Burada təyyarələr elə aşağıdan uçurdular ki... Sonra da naməlum obyektlər, parıldayan cisimlər gözə dəyirdi... Ruhən burada adam özünü o qədər xoşbəxt, rahat hiss edirdi ki. Əsil mənada ölüb qalmalı bir yer idi.

Arada hərəkət edəndə alaqaranlıqda yorulub əldən düşmüş halda əyləşmiş bir qız gördü. Onu bu kimsəsizlikdə tək qoyub getməyə ürəyi gəlmədi. Onu səslədi:

- Qalxın...

- Siz gedin...

- Gəlin...

- Yaxşı... Alma yemirsiz ki... Əsil Quba almasıdı...

Bir müddət həmin qızla beləcə hərəkət etdilr. Məlum oldu ki, elə onların maşınında gələn bir qızdır. Siyəzən elektrik şöbəsində işləyir.

- Bəlkə sizə kömək edim?

- Çox sağ olun, özüm gedəcəyəm.

Mənzil başına çox çətinliklə çatdılar. Hətta arada elə soyuq oldu ki... Bəlkə də havanın temperaturu qırx dərəcə mənfiyə düşmüşdü. Az qalırdı ki, burun pərləri birləşsin. Belə havanı o Saratov vilayətində hərbi xidmətdə olanda görmüşdü. Havanın hərarəti mənfi qırx dərəcə olduğu üçün işə çıxmamışdılar. Dağların başı ilə düz yeddi saat yol gələrək, saat yeddinin yarısında mənzil başına - pirə çatdılar. Çox-çox yüksəklikdə mollalar oturub, ziyarətçiləri qəbul edir, onlara Babanın bura mühacirət etməsindən danışırdalır. Guya ki, düyü dənələrini bilmədən tapdalayır, cəzalandırılır, günahlarını yumaq istəyir. Başqa hekayətlər də danışırdılar.

Ancaq bu səfər şəxsən onun üçün çox yaddaqalan və ibratəmiz oldu. Arzu edərdi ki, bu səfərlər dövlət səviyyəsində təşkil olunsun, insanların təhlükəsizliyi qorunsun. Neçə dəfə olub, yarğandan aşağı düşən tapılmayıb. Neçəsinin aşağıda məzarı, baş daşı da vardı.

Bir də yolda elə böyük bir ağ mərmər daş gördü ki, büllur kimi par-par parlayırdı. Sanki bu tərəfindən baxanda o tərəfi görünürdü. Burada necə də qiymətli daşlar, onların qırıqları vardı. Hərəsi bir rəngdə. Çoxu qızılı, qırmızı narıncı, bənövşəyi... Bir də donmuş qar... Yayın yay günü də əriməmiş, altı ilə gur çay axırdı, gurultulu səsi uzaqdan belə eşidilirdi... Qismət olsun deyə xırda daşlardan hərə bir evcik tikirdi...

Siyəzən Neft təşkilatının - qazmaçıların baş mühəndisi, əslən Qubadan olan adamın sözləri yadına düşdü. Vəsiyyətnamə qoyanda söhbət eləmişdi. Demişdi ki, Mir Cəfər Bağırov İosif Stalinin qəbulunda olanda xeyli söhbətləşirlər. Birdən Stalin soruşur:

- Kak u vas Afurce?

Bağırov onun bu sözlərinə lap heyrətlənən kimi olur. Axı orada neft axtanası getmişdi. Stalinin deməsinə görə çar hökuməti vaxtı onlar Bakıya qayıdanda, Yalamada qatar dayanır, yoxlama başlayır. Əlacsız qalıb dağlara tərəf qaçırlar. Gəlib Afurca kəndinə çıxırlar. Soyuq şaxtalı qış günü imiş. Evində qaldığı kişi oğluna deyir: "Ondan bir az gətir, ocağa tök!" Məlum olur ki, bu neft, parafindi, özü təbii şəkildə buradan çıxır...

Sonra o təkid etdi:

- Bu almadan ye...

- Quba almasıdı?

- Bəli...

- Sağ olsunlar ki, pay verirlər.

- Hərldən olur...

Bu gözəl insandan ayrılsa da, onun Stalinin Bağırova Quba, Afurca barədə dediyi sözləri unuda bilmir, hərdən yadına düşəndə lap heyrətlənirdi. Stalində yaddaş varmış ha...

Hətta XIX əsrin ikinci yarısında Qafqaza səfər etmiş böyük Fransız yazıçısı Aleksandr Düma bu səfər təəssüratı altında yazdığı "Qafqaz səfəri" kitabında xalqımız haqqında yaxşı fikirdə olsa da, Qubanın havasından gileylənməsi ona xoş gəlməmişdi.

Cənnət-məkan bu yerin xoş havası olmasaydı, neçə illərdi burada yurd-yuva quran yevrey-cuhud qardaşlarımız burada qalardılarmı?!. Nəmişlikdi… Olsun da…

Bax, bütün bunları düşünəndə təsəvvür edirsən ki, həqiqətən yurdumuz nənələrimizin toxuduğu xalça kimi allı-güllüdü. Qubanın Çici xalçası isə adla deyilir. Almasının səsi-sədası çox-çox uzaqlardan gəlir. Təki həmişə belə barlı, bəhərli olsun yurdumuz!.. Ulu Öndərimiz Heydər Əliyevi anaq, Prezidentimiz İlham Əliyevə köməkçi olaq!.. İşıqlı sabaha uğurla gedək!..

ƏLİSƏFA AZAYEV