adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Mart 2019 23:20
25946
ƏDƏBİYYAT
A- A+

Təbriz(!!!)...

Sevgiliyə can qıyılır, Təbriz, amma

zaman-zaman sənin canına qıydılar...

Şəhərlərin də mürəkkəbi, sadəsi, alisi, adisi olurmuş... şəhərlərin də gözəli, çirkini olurmuş... Həm də bu gözəlliklər, çirkinliklər zahiri parıltıyla, görünüşlə tamamlanmırmış...

Uzun illərdir ki, yaxınlığından sakitcə ötüb Tehrana, Kaşana, İsfahana... Xorasana gedirəm, uzun illərdir ki, Aynalı dağının ətəklərinə enmədən zirvəsini tərk edirəm...

Təbrizə gəlirəm. Səhər saat yeddi radələrində Bakı-Təbriz avtobusu sonuncu dayanacağına yetişməlidir və dayanacağa iyirmi dəqiqə qalmış zəng vurmalıyam ki, məni qarşılamağa gəlsinlər. Bütün gecəni yatmadan ətarafı acgözlüklə seyr eləyən mən məhz sonuncu dayanacağa yarım saat qalmış yuxuya gedirəm. Oyanıram ki, avtobusda heç kim yoxdur. Aşağı enirəm. Sürücü sonuncu yol çantasını sahibinə verir, daha doğrusu, sonuncudan əvvəlincini, çünki sonuncu mən oluram. Ondan qonağı olacağım şəxslə təmas saxlayıb yetişdiyimi söyləməsini xahiş edirəm, zəng edib cavab verir ki, bir rübdən sonra burda olacaqlar. Təkərli yol çantamı sürüyə-sürüyə uzaq olmayan xiyabana çıxıb səkidə gözləyirəm. Qırx-qırx beş yaşlarında küçəni süpürən bir kişi mənə yaxınlaşır. Salamdan sonra aramızdakı dialoq təxminən belə davam edir:

- Ana, belə şaxtalı havada küçədə niyə durmusan? Mən sənə kömək edə bilərəm.

Mən:

- Kömək etmiş kimi varsınız, təşəkkür edirəm, indi ardımca gələcəklər.

O:

- Burada gözləsən, xəstələnəcəksən, heç olmasa, iki qədəm aşağıda məscid var, get, orada gözlə ki, üşüməyəsən, mən gələn adama sənin məsciddə olduğunu söyləyərəm.

Mən:

- Narahat olmayın, burda gözləsəm, daha yaxşı olar.

Uzun saplı süpürgəsini Təbrizin "dolanbadolan" küçələrinin məndən ibarət olan hissəsinin tozsuz üzünə çəkə-çəkə səkinin kənarından uzaqlaşır və mən gözləməyə davam edirəm. Heç beş dəqiqə keçməmiş yenidən yanımda peyda olur:

- Heç olmasa, ardınca gələn adamın nömrəsini de, təmas tutum.

Nömrəni söyləyirəm, həmsöhbətim bir neçə kəlmə ilə yolun hansı səmtinə keçib və harda gözləməyi tərəfə başa salıb çantamı götürür. Iki-üç dəqiqədən sonra hamımız eyni yerdə görüşürük. Qonağı olacağım şəxs mənə kömək edənin süpürgəçi olduğunu görüb minnətdarlığını bildirmək üçün cibindən pul çıxarır. Süpürgəçi özünü təhqir olunmuş kimi hiss edib yanımızdan uzaqlaşmağa çalışır:

- Mən xanıma pula xatir xidmət göst

ərmədim ki, sadəcə, vəzifəmi yerinə yetirdim.

Mənzərə süpürgəçiyə pul təklif edən oğlanın gözlərini yaşardır:

- Mən onun bu yaxşılığını, yəqin ki, heç vaxt unutmayacağam.

Bəli, Təbriz məni belə qarşılayır... sübhün ilik donduran şaxtasında səmimiyyətin hərarətinə isinirəm.

Qırmızı rəngli Surxab dağının Qərb ətəklərində yerləşən Təbriz şəhəri çox sakit görünüşüylə ruhuma dinclik bəxş edir. Günortaya yaxın küçələr adamla dolur, amma yenə də sakitlik... yenə də hüzur... Sakinlər kimsənin rahatlığını pozmasınlar deyə az qala pıçıltı ilə danışırlar. Maşınlar davamlı o tərəf, bu tərəfə şütüsələr də, sürücülər qar dənəcikləri kimi bir-birinə mane olmadan hərəkət edir, fit dilində danışmırlar. Başımı qaldırıb Təbrizin hansı tərəfinə baxıram, dağdır: Səhəndin öz, Yanığın öz gözəlliyi...

Zəlzələ nəticəsində üç dəfə yerlə yeksan olan bu şəhərin simasında sanki bütün əsr, bütün dövrlərin nişanı əks olunub; təlatümü dərində, həyəcanı üzdə deyil, dördminillik tarixinin lacivərd göylərindən boylanır kainata... Hər iki tərəfdən Quru çayın vadisinə sığınıb, yağışlı günlərdə pıçıltı nəğməsi dinləyir Təbriz. Bəli, şəhərlərin də alisi, adisi olurmuş... və Təbriz şəhəri sadəliyin alisidir. Desəm ki, zahiri görkəmi göz qamaşdırır, ulduzların parıltı nəşəsini öz nurunda yox edir, yalan olar, lakin qaranlığın qəlbinə nüfuz etməyi bacarır. Bu həmin qaranlıqdır ki, II Sarqonun kitabələrində deyilir: "Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş və ətrafı qalın meşələrlə əhatə olunmuş kanal, gözəl binalar gördüm... Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı, mahalı ələ keçirib istehkam vəziyyətinə salınmış müdafiə əhəmiyyətli yaşayış yerləri arasında döyüşə başladım".

Bəlkə də, Təbriz dünyada yeganə şəhərdir ki, onu görmədən, gəzmədən dünyanın mədəniyyət paytaxtı haqqında fikir söyləməyə tələsmək olmaz.

Bu qədim Azərbaycan şəhərinin dünya şəhərlərindən üstünlüyü beynəlmiləl iqlimindədir. Əhalisi öz dilinə, dininə sadiq olduqları kimi öz milli-mədəni adət-ənənələrinə də sadiqdir.

Təbriz Günəş şəhəridir; şəfəqlər qışın oğlan çağında da maşının bağlı şüşəsi arxasından adamı yandırır; Təbriz Vətən şəhəridir; hər qarış torpağında da ana nəfəsi var...

Ustad Şəhriyarın məqbərəsini ziyarət edirəm, Xaqaninin ruhu ilə də orada görüşürəm. Məqbərədə bütöv Azərbaycanın tarixini əks etdirən zəngin kitabxana mövcuddur və Şəhriyar:

"Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən;

Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən".

***

"Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan".

Böyük şair, böyük filosof, böyük yazıçı harada, hansı əsrdə, hansı ildə, hansı şəraitdə yaşamasından asılı olmayaraq həmişə təkdir. Böyüklərin vətəni də böyük olur, lakin diqqət yetiriləcək incə bir məqam var: insan nə qədər böyüsə də, valideynlər üçün uşaqdır. Vətən dahilər üçün məhz bu mənada əvəzsizdir. Bəşəri ideyaları, fikir sərhədləri hüdudsuz olan Şəhriyarın da doğma elinə, yurduna, torpağına bağlılığı məhz bu qəbildəndir və o da doğrudur ki, A. Şopenhauer, P.Pikasso, A. Kiarustami, M. Şəhriyar... s. i. həyatlarının mənasını bütün dünya ilə paylaşdılar, amma vətəni vətəndən başqa heç yerdə tapmadılar.

Təbrizin tarixi abidələri, memarlıq üslubunda tikilmiş binaları, bazarları, bağları haqqında geniş danışmağa lüzum görmürəm, çünki görünüş zövq məsələsidir, hər kəsə bir cür təsir eləyir, lakin söhbətin bu yerində Şəms Təbrizini xatırlamaq yerinə düşər: "Hər şey çox olduqca ucuzlaşsa da, ədəb artdıqca dəyər gətirir". Bax, Təbrizi dünyanın bütün şəhərlərindən fərqləndirən cəhət bu ədəb - inci dolu sədəf məsələsidir...

Görüşlərimi Təbrizin yaradıcı şəxsləriylə davam etdirirəm: həmsöhbətim "Təbrizin səsi" radiosunun sədri Mehdi Nalbəndi, həmkarı Cəfər Rzayidir və ümumi qapısı eyni olan qonşu otaqda veriliş hazırlayan qadınlar da var. Cəfər Rzayi "Körpəsiz beşiklər" pyesi çap olunan kitabımı "bu kitab mənim dərdimə dəyəcək" deyə özü üçün ayırır. Söhbətimiz Qarabağ mövzusu ilə başlayır. Mehdi Nalbəndi deyir: "Qarabağ xalqımızın ümumi dərdidir və bu məsələ müsbət həllini tapmayana qədər bizim rahatlıqdan danışmağa haqqımız yoxdur". Kitablarımı vərəqləyir, diqqəti İranın böyük ssenarist-rejissoru Abbas Kiarustami haqqında yazdığım "Yollar müəllifi" adlı məqaləyə cəlb olunur. Hiss olunur ki, əsərlərimin bəşəri diapozonu xoşuna gəlir. Mehdi Nalbəndinin hələ xəbəri yoxdur ki, bir neçə gündən sonra Tehrandan yetmiş km aralıda yerləşən Ləvasan - Ləvasanat qəsəbəsinin Tükməzrəyi qəbristanlığında Abbas Kiarustaminin məzarını ziyarət etməkdən ötrü Təbrizdən Tehrana təyyarə ilə uçacaq, qəbristanlıq dağın döşündə yerləşdiyi və mən ora getdiyim zaman qar yağdığı üçün arxamca gənc sürücünün "indi düşəcəksiniz, indi yıxılacaqsınız" kimi çağırışlarına məhəl qoymadan az qala yüyürə-yüyürə özümü böyük ustadın məzarına çatdıracaq, ruhu ilə həmvətən, həmsöhbət olacağam.

Mehdi Nalbəndinin dünya və həyat haqqındakı fikirləri nəzərlərimi oğurlayır; "Nəhcul bəlağədən" misal gətirdiyi kəlamlara heyranlıqla qulaq asıram. Söhbətimiz məcrasını aşa-aşa hüzur sahillərinə qovuşur və mən özümü gizli xəzinə tapmış kimi hiss edirəm; fikir rəngarəngliyi düşüncə fərqi yox, düşüncə Portreti yaradır. Arada məndən müsahibə alsın deyə studiyanın boş olub-olmaması ilə də maraqlanır, axı mən xəbərsiz təşrif gətirmişəm bu görüşə və söhbətin şirin yerində mənə bələdçilik edən təbrizli dostumdan soruşur:

- Yəqin ki, siz işə tələsirsiniz, amma biz Göyərçin xanımla söhbətə hələ indi başlamışıq.

Gülümsünürəm... Xatirə şəkli çəkdiririk və müşaiyət etməsinə razı olmasaq da, hörmətli

M. Nalbəndi bizi çıxış qapısına qədər ötürür. Arxada birlikdə çözəcəyimiz o qədər sual qalır ki...

Təbriz öncüllər şəhəridir... Frank

furt Almaniya üçün hansı mənanı kəsb edirsə, Təbriz də İran üçün həmin funksiyada təmsil olunur. İranın ilkin çap və çap evi - basmaxana, daroltebae, daroltəbi, birinci kitabxanası, kinoteatrı, təhsil mərkəzi, uşaq bağçası, kar və lallar məktəbi, rabitəsi, ticarət otağı, enerjisi, şəhəriçi avtobus kredit kartı, ilk xiyabanının asfalt örtüyü bu məkanda baş verib.

P.Kalderon söyləyir: "Ən pis günah doğulmaqdır". A. Kiarustami buyurur: "Ən böyük günah insanın xoşbəxt ola bilməməsidir" və mən deyirəm: "Ayrılmamaq mümkün olduğu halda ölümdən çətin ayrılığı könüllü imzalamaq anda əbədiyyət sevdasıdır". Kaş Təbrizin - bütün vücudu həyat eşqilə dolmuşkən, başı uzaqları seyr edən bu qədim Azərbaycan şəhərinin həyat üfüqləri əbədi başlanğıc üçün həmişə yaşıl olsun!

Göyərçin Kərimi