TüRKiYƏDƏ KiTAB QULDURLARI PEYDA OLUB

AQİL ABBAS
27470 | 2009-08-11 00:42
DVD-lərin və SD-lərin quldurları çoxdan fəaliyyət göstərirdi. İndi Türkiyədə kitab quldurları da peyda olub. Onlar əhalinin çox oxuduğu kitabları gizli mətbəələrdə çap edirlər və çox ucuz qiymətə satırlar. Türkiyədə kitablar bizdəki kimi 500-1000 tirajla deyil, 10000-20000-50000, bəzən 100 min tirajla çap olunur, qiyməti də yüksəkdi.
   
   Türkiyədə hərf tanıymayanda bizlərdə də öylə idi. Ən aşağı tiraj 10 min olardı. O zaman Azərbaycanda da kitab quldurluğu vardı. Düzdü, gizli mətbəələrdə çap edilmirdi. Az tapılan və ya qadağan olunan kitabların surəti çıxarılırdı və kitab "qara bazar"larında satılırdı. Belə kitabların səhifəsi 20 qəpikdən hesablanırdı. Məsələn, Nitşenin, Şopenhauren və ya Qmulyovun bir kitabı 100-150 manata başa gəlirdi və bəzən də belə kitablar bazarda auksiona çıxarılırdı. Kim daha çox pul verər. İndi həmin zamanlar qadağan olunan və ya az tapılan kitablar 10-15 manata satılır, amma alıb oxuyan yoxdu. Çünki day biz kitab oxumuruq. Kitab oxumayan millətin də kitabı çoxdan oxunub və bağlanıb. 500 min tirajlıq kitabı buraxırlar, onun da müəllif yarısını dost-tanışına paylayır, yarısı da qalır mağazalarda.
   
   Dünən idi, ya srağagün idi, "Azadlıq"da bir yazı oxudum. Təəssüf müəllif yadımda deyil. Bəlkə də Natiqin yazısıydı. Deyir ki, 140 min tələbəsi veyillənən bir şəhərdə 10 min tirajla çıxan bir qəzet yoxdur. Çox ciddi sözdü və ağır sözdü. Həqiqətən veyillənirlər, oxumurlar. Veyillənməsəydilər 140 min tələbəsi olan bir şəhərdə 500 -1000 tirajla çıxan kitablar mağazada qalmazdı.
   
   Türkiyənin sürətlə savadlanmasına sevinirik. Özümüzün isə sürətlə savadsızlığa doğru getməyimiz milli faciədir.
   
   Bu günlərdə çox qəribə bir hadisənin şahidi oldum. Bir dostum mənə telefon açdı ki, təcili ona bir kitabımı çatdırım. Əvvəla dedim rayondayam, ikincisi də güldüm və dedim ki, sən ömründə bir kitab da oxumamısan, neynirsən mənim kitabımı?
   
   Dedi:
   
   - Oğlum bir nazirlikdə işə girir. Nazir oğlumu qəbul edərkən soruşub ki, Aqil Abbasın "Dolu" romanını oxumusan? Uşaq da deyib yox. Nazir də deyib ki, get, oxuyanda gələrsən. Qardaş, indi sroşnu sənin kitabın lazımdı.
   
   Mən həmin nazirliyin adını çəkmək istəmirəm. Həmin nazir mütaliəli bir adamdı və mənim əsərimi də "Azərbaycan" jurnalında oxuyub. Gecə saat 3-də mənə telefon açıb təbrik eləmişdi və sonra da əsəri kitab halında o buraxdırdı.
   
   Bu misalı ona görə çəkdim ki, bəlkə bu da kitab oxutmağın bir yoludu. İşə götürənlər işə götürdüklərini dünyagörüşüylə, dünya baxışıyla, dünyada baş verən hadisələrə münasibətləri ilə maraqlanmalıdılar. Bunları bilmək üçün isə yeganə vasitə kitablar və mətbuatdı.
   
   Görəsən, hansı universitetdə bir ildə hansısa bir şairlə, yazıçıyla, rəssamla, heykəltaraşla bircə dəfə görüş keçirilirmi?!
   
   Televiziya kanallarımızda Azərbaycanın bütün yazıçı və şairlərinə bir ildə həsr olunan verilişlərin həcmi təkcə Aygün Kazımovaya həsr olunan verilişlərin həcmindən 10 dəfə az olar. Eləcə də qəzetlərdə Ramiz Rövşən, Vaqif Bayatılı Ödər (Vaqif Cəbrayılzadə), Zakir Fəxri kimi əjdaha şairlərimizə ayrılan yerlər maqazin xəbərlərinə ayrılan yerlərdən 1000 dəfə azdı.
   
   Gəncliyimizlə çox öyünürük. Az qala Azərbaycanda 1000-ə yaxın gənclik təşkilatı var. Amma gəncliyin yeganə ədəbiyyat dərgisi olan "Ulduz"un tirajı deyəsən 1000-dir. Və bu boyda respublikada normal bir gənclik qəzeti də yoxdur. Vaxtı ilə "Azərbaycan gəncləri" qəzeti 1 milyon tirajla çıxırdı. Dövlət özü bir gənclik qəzetinin nəşrinə başlamalıdı və maliyyəsini də öz üzərinə götürməlidi.
   
   Bəli, Türkiyədə kitab quldurları peyda olub. bu, mənim son zamanlar Tükiyədən eşitdiyim ən xoş xəbər oldu. Deməli, millət oxuyur ki, kitab quldurluğu da yaranır.
   
   Sonda. Dünyanın harasında oluramsa olum, evə dönərkən mütləq bir 30-40 kitab alaram. İstambulda hava limanında bir xeyli kitab aldım, kassanın önündə də növbə vardı. Aldığım kitabların içində Abdulla Çatlının qızının atası haqqında xatirələri də vardı, qiyməti də 20 yevroydu. Kassaya çatanda gördüm ki, sarsaqladığına görə öldürülən erməni jurnalisti Qrant Dinqin Çatlının kitabından 3 dəfə böyük bir kitabı satılır, qiyməti də 50 sent, yəni pulsuz. Gör kitabları necə təbliğ edirlər. Satıcı oğlana dedim ki:
   
   - Utanmırsan bu kitabı satırsan?
   
   - Utanıram, kardeşim. Çatlının kitabını alanlardan daha çox utanıram.
   
   Məlumat üçün bildirim ki, Abdulla Çatlı ermənilərin terror təşkilatı ASALA-nı məhv eləyən oğlandı. 1996-cı ildə özümüzünkülər Sussurluqda qəzaya salıb öldürdülər.
   
   Nə isə...

TƏQVİM / ARXİV