adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
14 Mart 2019 23:18
13637
MƏMLƏKƏT
A- A+

Sumqayıtın ilk təməl qoyanları

Həmsöhbətim Zeynal Quliyevi Sumqayıtda çoxları tanıyır və hörmət edir. Sinəsini "Tərəqqi" medalı bəzəyir. Əmək kitabçasında cəmi bir ünvan var:-"Azərikimya İstehsalat Birliyi" 40 ildən çoxdur ki, ömrünü -taleyini kimyaya bağlayıb, xoşbəxtliyini Sumqayıtda tapıb. Beləcə cənab Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarında onunla söhbət edirik.

-Zeynal müəllim yaxşı olardı ki, oxucularımıza özünüz haqqında məlumat verəsiniz?

-Mən 1961-ci ilin mart ayının 28-də Naxçıvan MR-ın Kəngərli rayonunun Şaxtaxtlı kəndində anadan olmuşam. Bu kənddən iki akademik çıxıb. Ailədə beş qardaş bir bacı olmuşuq. Şaxtaxtlı kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə Moskvada Babuşkinski adına Ümumittifaq Politexnik İnstitutuna daxil olmuşam. Təhsilimi yarımçıq qoyub Sumqayıt şəhərinə qayıtmışam. 1982-ci ildən "Sintez-Kauçuk" zavodunun Nəzarət ölçü cihazları və avtomatika sexində əmək fəaliyyətinə başlamışam. İşləyə-İşləyə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişəm.

Haşiyə - Həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə yetmək üçün yorulmaq bilmədən çalışan Zeynal Quliyev pillə-pillə ucalmışdır. 1990-1991-ci illərdə "Azərikimya" Dövlət şirkətində, xüsusən "Etilen-Polietilen" və "Sintez-Kauçuk" zavodlarında kütləvi kadr axıcılığı baş verdiyi dövrdə onun rəhbərliyi ilə "DİRÇƏLİŞ" mərkəzləşdirilmiş icarə sahəsi yaradılmışdır. İcarə mərkəzində mürəkkəb ölçü vəsaitlərinin keyfiyyətli təmiri və quraşdırma işləri həyata keçirilmişdir. Zeynal Quliyev 1994-cü ildən 2010-cu ilədək "Sintezkauçuk" zavodunun baş metroloqu, 2010-cu ildən isə "Etilen-Polietilen" zavodunun baş metroloqu işləyir. (2010-cu ildə "Azərikimya" Dövlət şirkəti ARDNŞ-nın tərkibinə birləşdirilmişdir.)

Onun əmək kitabçasında bir ünvan var. 37 ildir ki, bu ünvan dəyişmir. Öz işinin bilicisi olan Zeynal Quliyev 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

- Noyabr ayında Sumqayıtın 70 yaşı tamam olur. Sumqayıta bağlılıq Sizdə haradan yaranıb?

- Atam Həmid kişi 1949-cu ildə Sumqayıta gəlib və Sumqayıtın ilk qurucularından olub. İcra Hakimiyyətinin binasının, Səməd Vurğun adına Mədəniyyət evinin, "Sintezkauçuk" zavodunun Kauçuk sexinin, 1 və 2 nömrəli məktəblərin, C.Cabbarlı adına Mədəniyyət evinin tikintisində iştirak edib.

Atam Sosialist Əməyi Qəhrəmanı Aslan Osmanovun briqadasında işləyib. Heç yadımdan çıxmır. 2003-cü ildə Ulu öndərin tapşırığı ilə S.Vurğun adına mədəniyyət sarayı "Azərikimya" Dövlət Şirkəti tərəfindən əsaslı təmir olunurdu. O vaxt atam bizə qonaq gəlmişdi. Şəhəri gəzməkdən doymurdu. Bir gün yolumuz İcra Hakimiyyəti binasının yanından düşmüşdü. Atam binanın önündə dayanıb köks ötürərək dedi ki, bu yaşıl binanın tikintisində əməyim çox olub. Oradan gəldik S.Vurğun adına Mədəniyyət sarayına. Dedi ki, bu binanı Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Ali Sovetinin 5-6-cı çağırış Deputatı, Sumqayıtın ilk Sosialist Əməyi Qəhrəmanı briqadirim Aslan Osmanovun briqadası tikib.

Bu vaxt kimsə dedi ki, Aslan Osmanovun oğlu Fərman içəridə işləyir. Atam xahiş etdi ki, onu çağırın bir görüm. Atam onu görən kimi özündən asılı olmayaraq dedi:

- Aslanın özüdür ki var, yerişi, duruşu, sifəti, atam briqadirin oğlu ilə görüşəndə ağladı...

Haşiyə - Zeynal Quliyev həm də yaxşı ailə başçısıdır. Oğlu Elşən polis zabitidir. Qızı İradə isə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. Gərgin kimyaçı əməyinə Dövlət tərəfindən verilən yüksək qiymətdən ruhlanan Zeynal Quliyev mühəndis təxəyyülünün, işə yaradıcı münasibətinin nəticəsi olan bir çox qiymətli səmərələşdirici təkliflərin müəllifidir. Yeni texnikanın istehsalata, avtomatika üzrə inkişaf proqramı, kadr hazırlığı, zavodun fasiləsiz və qəzasız işləməsi, yüksək keyfiyyətli məhsul alınması onun əsas iş meyarıdır.

-Bayaq qeyd etdik ki, Sumqayıtın 70 yaşı tamam olur. Bu günki Sumqayıtla dünənki Sumqayıt arasında nə kimi fərq var?

-Mən dəqiq deyə bilərəm ki, üç il bundan əvvəl Sumqayıtdan getmiş adam Sumqayıta qayıdanda elə biləcək ki, başqa şəhərə gəlib. Sumqayıt şəhərinin İcra Hakimiyyət başçısı Zakir Fərəcovun gördüyü işlərə heyran qalıram. İnsanda gərək o qədər qeyrət, güc, həvəs ola ki, bu işləri görə biləsən. Mən onu tərifləmirəm. Gördüyümü deyirəm. Sumqayıt mənim üçün ailə qurduğum, övladlarımın təvəllüd tapdığı ən doğma yerdir. Ona Ana Vətənin adi bir guşəsi kimi deyil, övladlarımın anası, beşiyi, bağçası, məktəbi, gələcəyi kimi bağlıyam. Özünə güvənənlərin və özünü sübut etmişlərin şəhəri kimi Sumqayıt yarandığı gündən Milli İftixar və qürur yerimiz olan Bakı ilə yarışır, ona oxşamaq istəyir, ondan geri qalmamağa çalışır. Biz bu gün bunu daha açıq aydın hiss edirik, görürük.

Haşiyə - Zeynal Quliyev Yaradana həmişə şükür edib Allaha inam, Tanrıya sığınmaq, kökdən, nəsildən gəlir. Zeynal Quliyevin insanlarla ünsiyyət tapmaq bacarığı, nikbinliyi, yüksək mənəviyyatı adamda qibtə hissi doğurur.

Bir dəqiqə də insan ömrüdür. Bəzən bir adamı tanımaq üçün bir dəqiqə də kifayət edir. Həmişə ləyaqətini, şəxsiyyətini, bütün maddi nemətlərdən üstün tutan insanlar xalqın, kollektivin doğmasına çevrilir. Bu keyfiyyətlər həmin şəxsləri xalqa doğmalaşdırır. Zeynal Quliyev məhz belə adamdır.

-Zeynal müəllim Sumqayıtın gələcəyini necə görürsünüz?

-Ulu öndərimiz Heydər Əliyev tərəfindən Sumqayıta göstərilən qayğı bu gün onun davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən davam etdirilir. İlham Əliyev cənablarının şəhərimizə hər gəlişi toy bayrama çevrilir və hər gəlişi zamanı bir neçə obyektin açılışı olur.

Hörmətli Prezidentimiz Sumqayıtın 70 illik yubileyini təntənəli keçirmək üçün sərəncam imzalamışdır. "Xariqələr yaradır el Sumqayıtda" ifadəsi bu gün özünü tam təsdiq edir. Mən inanıram ki, əgər atam sağ olub bu yubileydə iştirak etsəydi gözləri dolar və deyərdi:

- Bayramın mübarək mənim doğma şəhərim. Mən isə sevinir və qürur hissi duyuram ki, Sumqayıtın ilk qurucularından biri atam-Həmid kişi olub.

İbrahim Abdullayev