adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2019 23:14
31520
ƏDƏBİYYAT
A- A+

Vaqif İSAQOĞLU: MƏNİM BU ŞƏHƏRDƏN QAÇMAĞIM GƏLİR

SALAM, ALTMIŞ YAŞIM

Salam, altmış yaşım, xoş gördük səni,

Yerini yetmişə verəcəksənmi?

Gülləri soluxan ömür bağımdan

Yetmişə bir çiçək dərəcəksənmi?

Salam, altmış yaşım, xoş gördük səni,

Üzü qocalığa gedirəm daha.

Əlimi qaldırıb şükr edirəm,

Açılan hər günə, mən hər sabaha.

Salam, altmış yaşım, xoş gördük səni,

Hər şey gözlərimdə tərsinə dönər.

Altmışdan o yana ömür talanar,

Ürəkdə cavanlıq həvəsi sönər.

Salam, altmış yaşım, xoş gördük səni,

Ömür-gün qar kimi əriyib gedir.

Köç vaxtı bir az da yaxınlaşıbdı,

Əzrayıl mənimlə yanaşı gedir.

Yolum həkimlərə tez-tez düşəcək,

Bu yaşda nəfəsin təntiməyi var.

Altmış il yolları yormuşam, bəli

İndi də yoracaq məni bu yollar.

Hər gün azalacaq gücüm, qüvvətim,

Əzrayıl qovduqca can heydən düşər.

Şəkər, qan təzyiqi, ürək ağrısı,

Mənimlə dost kimi gəlib görüşər.

Daha düz yolda da zor düşər dizə,

Altmış yaş bığaltı üzümə gülər.

Altmışdan o yana tor düşər gözə,

Altmışdan o yana qocalıq gələr.


MƏN ALTMIŞ YAŞIMA GƏLİB YETİŞDİM

Haqqın ətəyindən tutdum dördəlli,

Yaşamaq istərəm hələ bir əlli.

Ömrümün hər anı Allaha bəli,

Mən altmış yaşıma gəlib yetişdim.

Bilirəm ömrümə daha az qalıb,

Beş-on payız qalıb, beş-on yaz qalıb.

Görün neçə kitab qələmə alıb,

Mən altmış yaşıma gəlib yetişdim.

Heç kimin önündə əyilməyərək,

Haqqa arxalanıb haqqı deyərək,

Halal adamlarla kəsib duz-çörək,

Mən altmış yaşıma gəlib yetişdim.

Hər səhər Günəşə əl edə-edə,

Qoymadım sıxıla ruhum tələdə.

Tanrı dərgahına yol gedə-gedə,

Mən altmış yaşıma gəlib yetişdim.

Gedir dərgahına hər bir yol, Tanrım,

Sonu görünməyən sirdir yol, Tanrım,

Sənə minnətdaram, çox sağ ol, Tanrım,

Mən altmış yaşıma gəlib yetişdim.

Daha son mənzilə çatır karvanım,

Sökür can evimi ötən hər anım.

Bir xoş gün görməyən ay yazıq canım,

Mən altmış yaşıma gəlib yetişdim.

Keçilməz yollardan keçərək bəli,

Çəkilməz dərdləri çəkərək, bəli,

Ömrümü ot kimi biçərək, bəli,

Mən altmış yaşıma gəlib yetişdim.

Altmış il sabaha ümid eləyib,

Altmış il Allaha ümid eləyib,

Altmış il canımı un tək ələyib,

Mən altmış yaşıma gəlib yetişdim.

Daha yollarımı qar alıb, ana!

Yamyaşıl ümidlər saralıb ana!

Yanına köçməyə az qalıb, ana!

Mən altmış yaşıma gəlib yetişdim.


LAYLA ÇAL

Mən daha yarı canam,

Dərdə çətin dayanam.

Məzarından dur anam,

Dur, Vaqifə layla çal.

Könül evim sökülür,

Dərddən belim bükülür.

Gözümdən yaş tökülür,

Dur, Vaqifə layla çal.

Qalmışam yana-yana,

Naləm ç

atıb hər yana.

Darıxıram ay ana,

Dur, Vaqifə layla çal.

Xoş gündən uzağam mən,

Şaxtayam, sazağam mən.

Ay ana, uşağam mən,

Dur, Vaqifə layla çal.


SƏNƏ DEYİLƏSİ SÖZÜM VAR, ANA

Məzarın önündə durub qalmışam,

Səhərdən boynumu burub qalmışam.

"Qapını" neçə yol vurub, qalmışam,

Səsimə bir səs ver, nə olar, ana!

Sənə deyiləsi sözüm var, ana!

Yastığın nə yaman ağır olubdu,

Yatmaqdan sağ böyrün yağır olubdu.

Qara bulud kimi gözüm dolubdu,

Yayda da üstümə qar yağır, ana!

Sənə deyiləsi sözüm var, ana!

Əllərin daş altda qalıb, bilirəm,

Xəstəlik canını alıb, bilirəm,

Yolunu uzağa salıb, bilirəm,

Fələk gülə-gülə can alar, ana!

Sənə deyiləsi sözüm var, ana!

Səni səsləyirəm səsimə səs ver,

Daha boğuluram, mənə nəfəs ver.

Söylə, soyuqdumu yatdığın bu yer?

Müqəddəs ocaqdı məzarın, ana!

Sənə deyiləsi sözüm var, ana!

Altmışa çatıram, belim bükülür,

Ayağım titrəyir, əlim bükülür.

Can evim dağılır, daha sökülür,

Mənə də bir məzar qazılar, ana!

Sənə deyiləsi sözüm var, ana!

Fələk qapımızın zəngini çaldı,

Sənli günlərimi əlimdən aldı.

İsti yay günləri arxada qaldı,

Payızdı, köç edir durnalar, ana!

Sənə deyiləsi sözüm var, ana!


HƏLƏ ÜZÜM AĞDI ALLAH YANINDA

Hələ bir ürəyə toxunmamışam,

Haram bir tikəyə toxunmamışam.

Bir qəmli nəğməyəm, oxunmamışam,

Hələ üzüm ağdı Allah yanında.

Yıxılan olanda tutdum qolundan,

Ömrün son gününü düşündüm hər an.

Heç zaman çıxmadım haqqın yolundan,

Hələ üzüm ağdı Allah yanında.

Şeytanın qəlbinə yol salmadım mən,

Nəfsimə heç zaman qul olmadım mən.

Şeytan adamlara əl çalmadım mən,

Hələ üzüm ağdı Allah yanında.

Daşın da üstündə çiçək bitirdim,

Xeyrə əl uzatdım, Şəri itirdim.

Təkcə bir Allaha pənah gətirdim,

Hələ üzüm ağdı Allah yanında.

Haqqa bağlanmışam haqqı sevəli,

Haqsızlıq önündə susmadım, bəli.

Hələ çiynimdədir Tanrının əli,

Hələ üzüm ağjı Allah yanında.

Mən ki, dərd etmədim dövləti, varı,

Qoruyub saxladım namusu, arı.

Üz tutub gedirəm altmışa sarı,

Hələ üzüm ağdı Allah yanında.


DAĞLAR

Həsrət sinə dağımdı,

Solan ömür

bağımdı.

Daha kövrək çağımdı,

Səsimə səs ver, dağlar!

Saçlarıma dən düşüb,

Qəmdən, kədərdən düşüb.

Ürəyim kökdən düşüb,

Mənə həvəs ver, dağlar!

Göy inam, yer ümiddi,

Saf ocaq, pir-ümiddi.

Hər daşın bir ümiddi,

Hər daşdan kəs ver, dağlar!

Sızlayır köhnə yaram,

Bilmirəm yoxam, varam.

Gəlməsəm, boğularam,

Gəlim, nəfəs ver, dağlar!


DƏYMƏZ

Ocaqda köz yoxsa, külün dərdidi,

Bülbül uçub getsə, gülün dərdidi,

Adam var hər dərdi elin dərdidi,

Adam var dərdinə yanmağa dəyməz.

Çalış yaxşılıq et, yerdə ha qalmaz,

Eldən uzaq düşən eldə ucalmaz.

Həyatda hər kəsə ərk etmək olmaz,

Həyatda heç kimdən ummağa dəyməz.

Sönməyə qoymaynan közü vaxtında,

Armud yetişəcək özü vaxtında.

Qana bilmədinsə sözü vaxtında,

O sözü sonradan qanmağa dəyməz.

Heç zaman ləl olmaz çaylaq daşından,

Duman əskik olmaz dağlar başından.

Ay Vaqif, pisləri sil yaddaşından,

Pisləri düşünüb, anmağa dəyməz.


YAXŞILAR

Yağışa düşənin, qara düşənin,

Namərdin qurduğu tora düşənin,

Çətinə düşənin, dara düşənin,

Hər an köməyinə gəldi yaxşılar.

Ağlayan gözlərin yaşını silib,

Getdiyi yollardan duman çəkilib.

Dərdlinin dərdini öz dərdi bilib,

Ürəkdən kədəri sildi yaxşılar.

Daşın da üstündə çiçək bitirib,

Xeyrə əl uzadıb, şəri itirib.

Hər kəsin qəlbinə sevinc gətirib,

Hər kəslə birlikdə güldü yaxşılar.

Tanrının verdiyi ən gözəl paydı,

Elin şöhrətini hər yana yaydı.

Parlayan Günəşdi, nur saçan Aydı,

Qiyməti olmayan ləldi yaxşılar.


MƏNİM BU ŞƏHƏRDƏN QAÇMAĞIM GƏLİR

Ay Allah, çəkdiyim nə gündü burda,

Ömrümün hər günü sürgündü burda.

Qanmazı qanandan üstündü burda,

Mənim bu şəhərdən qaçmağım gəlir.

Heç kim haqq yoluna bir işıq salmaz,

Yaltaqlıq etməyən vallah ucalmaz.

Daha bu qədər də haqsızlıq olmaz,

Mənim bu şəhərdən qaçmağım gəlir.

Nə vaxtdır yolumu gözləyir dağlar,

Bəlkə bir də gəldi o gözəl çağlar.

Mənim bu şəhərdə nə ölümüm var,

Mənim bu şəhərdən qaçmağım gəlir.

Hanı mərd oğullar, ərlər, ərənlər?

Hanı yaxşılıqdan çələng hörənlər?

Hanı kişi kimi ömür sürənlər?

Mənim bu şəhərdən qaçmağım gəlir.

Bizim haqqımızı kim yeyir Allah?

Haqsızlar haqq işi tez əyir, Allah!

Qanmazlar qanana dərs deyir Allah!

Mənim bu şəhərdən qaçmağım gəlir.

Ay Vaqif, yazıqsan, çıx bu şəhərdən,

Tez ol, öz köçünü yığ bu şəhərdən.

Allah da baş açmır bax bu şəhərdən,

Mənim bu şəhərdən qaçmağım gəlir.