adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Mart 2019 23:10
21314
ƏDƏBİYYAT
A- A+

Ömür karvanı hayana gedir

Bəlkə də insan dünyaya gələndə onun taleyi, arzuları, əməlləri də doğulur, alın yazısı yazılır. Doğulduğu zamandan ta ömrünün son anlarına kimi arzu və istəklərini həyata keçirmək uğrunda çarpışır.

Təbiətin gözəlliyi ondadır ki, Allahın yaratdığı bütün canlılar təbii görünür. Göründüyü kimi olan insanların həyata baxışı, davrınışı və danışığı da təbiidir. İnsan var, bir neçə saat onunla tanış olursan, söhbət edirsən, ondan ayrılmaq istəmirsən. İnsan da var, illərlə dostluq edirsən ondan tutarlı bir əlamət yaddaşında qalmır. Sanki onunla çoxdan dostluq edirsən, oturub-durursan, çörək kəsirsən.

Hər kəlməsi, danışığı, duruşu, insani baxışları təbii olanlardan, yaddaşlarda silinməz iz buraxanlardan biri də ömrünün 80-ci ilinə qədəm qoymuş Məmməd Ağaxan oğlu Şiriyevdir. O çox mehriban, iç dünyası zəngin, gənc nəslə nümunə olan, el-oba sevgisiylə yaşayan, kişi sözünü, həqiqəti deməyi bacaran, sağlam düşüncəli bir ziyalı, ağsaqqaldır.

Gəlin Məmməd Şiriyevin 80 illik öm

ür yoluna qısa bir nəzər salaq. O, 1939-cu il fevralın 9-da təvəllüd tapıb. Orta məktəbi bitirib, Kənd Təsərrüfaıtı İnstitutunda oxuyub. Beş il Lerik Rayon Komsomol Komitəsinin birinci katibi olub. Onun müsbət keyfiyyətləri raykomun birinci katibi Səmid Qulabovun diqqətindən yayınmayıb. Moskvaya Ali Komsomol Məktəbinə oxumağa göndərilib. Bundan sonra isə Bakı Ali Partiya Məktəbinin müavini olub. 1972-ci ildə Cəlilabad PPK-da təlimatçı işləyib. Cəlilabadda katib işləmiş Əbdüləli Mürsəlov ona ev verib, maşınla təmin edib. İki il sonra həyat yoldaşının səhhəti ilə əlaqədar Lerikə qayıdıb, burada partiya komitəsində təlimatçı, sonra MTS-də (RTS) müdiri işləyib. 2007-2017-ci illərdə Aqroliznq ASC Lerik rayon filialının direktoru olub.

Təkcə demək kifayətdir ki, o dövrdə rayonun təsərrüfatlarında 19 kombaynın sayı 49-a çatdırıldı. Kolxoz və sovxozçular da müxtəlif texnikanın sayı 300-dən 780-ə qalxdı. Rayonun iqtisadi inkişafı sürətləndi, tikinti-quruculuq işlərinin miqyası artdı. O, rayon Sovetinə deputat seçilmiş, həmişə də seçicilərin təkliflərinə həssaslıqla yanaşmış, onların tapşırıqlarını yerinə yetirməyə çalışmışdır.

Səksən ilini şərəflə yaşamış Məmməd Ağaxan oğlunun ömür yolunu, əmək fəaliyyətinin rəngarəng məqamlarını bir oçerk vasitəsilə təsvir etmək çətindir. Onun işdə nizam-intizamı, tələbkarlığı, özünə inamı, işinə hörməti, insanlarla işləmək bacarığı olmasaydı, uzun müddətə həm şərəfli və həm də məsuliyyətli vəzifələri icra edə bilməzdi. Ona tapşırılan işləri vəzifə, şan-şöhrət xatirinə yox, Vətənin tərəqqisi, insanların firavanlığı naminə icra edib. Hər bir işin arxasında isə Məmməd Şiriyevin özü, əməli dayanıb...

Vətən məhəbbəti

hər şeydən ucadır

Napoleon Bonapartın belə bir fikri var: "Vətənə məhəbbət-sivil insanın ən mühüm ləyaqət göstəricisidir". Məmməd müəllimin Vətən sevgisi torpaq, yurd sevgisindən, milli-mənəvi keçmişə hörmət, torpaq yarasından, üstündə qərar tutduğu məmləkəti, onun sərhədlərinin qorumaqdan keçir. Körpə öncə anaya meyl salır, onu sevir, ətraf aləmi maraqla seyr etməyə, onunla təmas qurmağa başlayır, ana qucağında böyüyür, ana məhəbbətindən qaynaqlanan Vətən sevgisinin ilk işartıları meydana gəlir. Beləliklə də elə bu səbəbdəndir ki, qucağında böyüdüyümüz ana və qoynunda boy atıb gəzdiyimiz Vətənə məhəbbət həmişə eyni səviyyədə əziz tutulur.

Məmməd Şiriyev gənc müəllimlərlə söhbət əsnasında deyir:

- Hər bir müəllim çalışmalıdır ki, bu gün parta arxasında oturmuş şagird gələcəyin qorxmaz, cəsur, igid, Vətən yolunda canından keçməyə hazır olan, ərazi bütövlüyümüzü can-başla qoruyan alovlu bir vətəndaş kimi tərbiyə alsın. Vətən yolunda canlarından keçən oğulların özlərinə məxsus taleləri olsa da, onları mənəvi yaxınlıq, oxşar xüsusiyyətlər birləşdirir: cəsarət, fədakarlıq, vətən segisi, ana torpağa bağlılıq. Hər bir vətəndaşın ona etibar edilmiş vəzifələri vicdanla yetirməsi məhz vətənpərvərlikdir.

Xalq şairi Bəxtiyar Vahabzadə yazır: "Vətən sevgisi insan duyğularının ən yüksək və ən müqəddəsidir". Bu sevgidən əziz nə ola bilər?..

Bəli, Vətən qəhrəmanımız üçün hansısa bölgə deyil, həmişə arzuladığımız bütöv Azərbaycandır...

Böyüklük sadəlikdədir

Hər bir insan fərdi, özünəməxsus cəhətləri ilə fərqlənir. Əgər belə olmasaydı, adamların oxşarlığı, yeknəsəkliyi cansıxıcı görünərdi. İnsan təbiətindəki başlıca xüsusiyyətlərdən biri də sadəlikdir. Sadə insanlar həyatda həmişə böyük və saf ürəkləri ilə fərqlənirlər, xeyir əməl sahibi olurlar.

Sadə təbiətli insanların əqidələri də saf olur. Onlar öz aydın və səmimiyyəti ilə həmişə ətrafdakılarına örnək olur, ürəklərə asanlıqla yol tapmağı bacarırlar. Məhz Məmməd Şiriyev də belə bir ürək, əqidə sahibidir, sadəliyi ilə böyük, uca görünəndir,

...Bir dəfə qonaqları gəlmişdi. Yoldaşı Zərifə xanım yemək hazırlığı görürdü. Samovarın pıqhapıqla qaynayıb daşdığını görən Məmməd cəld hərəkətlə ayağa durdu. Çaynikə Lənkəran çayı, kəkotu, ədivələr atdı, üstünə qaynar su süzdü.

Dəm almaq üçün çayniki vam odun üstünə qoydu. Bir neçə dəqiqədən sonra xrustal stəkanlara süzdüyü pürrəng çay ətri otağı bürüdü. Süfrədə doğranmış limon, gilas mürəbbəsi, digər şirniyyatlar çay dəstgahını daha təravətli etdi. Qonaqlardan nisbətən yaşlısı dedi:

- Qardaş, bizə xəcalət vermə. Əyləş görək nə var, nə yox. Amma, öz aramızdır, dəmlədiyin çaya söz ola bilməz. İnan, bahalı restoranlarda belə çay vermirlər. Məmmədin gülümsər çöhrəsi daha şən görkəm aldı:

- Qonaq Allahındır. Heç bir əziyyəti-filanı yoxdur, borcumuzdur. Siz bilirsiniz qonağa qulluq etmək nə qədər savab işdir? Mən qonaq qarşısında borcumu yerinə yetirmişəm, bundan məmnunluq duyuram...

Bəli, Məmməd el-obasını, doğma torpağı sevir, özünü heç vaxt cəmiyyətdən, insanlardan ayrı hesab etmir. O həmişə bizim aramızdadır. Həmişəki kimi sadədir, böyükdür, şıq geyimdədir, dostlarının arasındadır, əhatəsindədir, heç kəsdən üzükölgəli deyil. O istəsəydi çoxdan köçüb şəhərə gedə bilərdi. Lakin doğmalarının cazibəsi onu cəzb edir, uzağa getməyə qoymur.

... Ucalıq yalnız onu qazananlara nəsib olur. Həmin məqamda qalmağı bacarmaq xaraktercə güclü şəxsiyyət Məmməd Şiriyevə xasdır...

Nüfuz şəxsi nümunənin

ölçüsüdür

Doğrudan da nüfuz şəxsi nümunənin ölçüsüdür. Nüfuzlu ziyalı, sözükeçən hörmətli ağsaqqal həmişə ucalığa can atır. Uca zirvəyə hər adam çata bilmir. Biz bu gün 80 yaşı tamam olmuş Məmməd Ağaxan oğlunu ziyalı timsalında, ağsaqqallığın yüksək pilləsində görürük. Onun yubileyində danışanların əsas sözünün özəyini bu fikir təşkil edirdi.

Oğlu Nadir sanki ötən illərə, aylara baş vuraraq deyir:

- Atam barədə hələ indiyədək eçitmədiyimiz çox qiymətli fikirləri dinləyərək qürur duyuruq.

Ailəmizin böyüyü, cəmiyyətin bir üzvü kimi nüfuz sahibi olması onun xarakterindən irəli gəlir. Atamız hamının arzuladığı bu zirvəyə çatmaqdan örtü ömrün dolaylarından, əzab-əziyyətli, enişli-yoxuşlu yollardan keçib, bərkə-boşa düşüb.

Düşmənçiliklə işi olmayıb, heç vaxt kiminsə qarşısında sınmayıb, əyilməyib, dağlılara məxsus kişi kimi yaşayıb. Dostları sınayıb, dost əlini dost kimi sıxıb, süfrəsi həmişə qonaq-qaralı olub...

Atam heç vaxt öyünməyib, yersiz tərifdən qaçıb. O istər vəzifə, istərsə də şəxsiyyətcə özünə bab olmayanlarla həmişə xoş münasibətdə olub. Atam insanlara insani gözlə baxıb. Yuxarıdan aşağı baxanları, böyük-kiçik bilməyənləri, cəmiyyətə zidd mövqe tutanları xoşlmayıb...

Yaxın dostu və sirdaşı, həkim Tofiq Bədəlov hər gün Məmməd Şiriyevlə görüşür, dərdləşir, onu görməyəndə isə darıxır:

- Özümü həmişə cəmiyyətdə, insanların əhatəsində görməyə adət etmiş dostum el arasında öz dəyərini, yerini, çəkisini və səviyyəsini bilir. Onun fəlsəfi düşüncələrinə, dünyaya bəşəri gözlərlər baxmasına, mühakimə yürütmək bacarığına, natiqlik məharətinə, dostluqda sədaqətinə, mərdliyinə, qeyrətinə bələdəm. Vətənpərvərliyi, el-oba təəssübkeşliyi, bəşəri hisslərlə yaşaması onun böyük ürək sahibi olmasından xəbər verir...

Təbiət insanı yaşadır

Məmməd müəllim doğma Zərdəbərə kəndinə getmişdi. O təbiətin ecazkar lövhələri ilə baş-başa qalmışdı. Sanki nə bir gül, nə də budaq tərpənirdi. Sakitliyi quşlar öz nəğmələri ilə pozurdu. Onlar sanki oxumurdu, təbiətlə, Yaradanla söhbət edirdi. Quşların bir-birinə bənzəməyən səsi, ətirli yaz nəfəsi onu bir anlığa ağuşuna alıb uzaqlara aparırdı... Təbiətin qucağında sehrlənmişdi, yaşıl dünya onu məftun etmişdi.

Lerikə haçan çatdığını bilmədi. Evə çatan kimi bağa girdi, həyəti başdan-ayağa gəzdi:

"Ağacların dibini boşaltmaq lazımdır. Qızılgüllərin, yasəmənin suyu çatmır, dibləri quruyub. Bu ağaclarda budama aparmaq, boy atmayan bitkilərə gübrə vermək deyəsən unudulub..."

Düşündü: "Təbiət də canlıdır. Sadəcə insan qayğısına ehtiyacı var. İnsan gərək hər bir ağacın yaşıl yarpağına, hər bir gülün zərif ləçəyinə oxşasın. Onda insan yaşayır, deməli, dünya yaşayır..."

Aqillər deyib ki, kökün varsa daşın, qayanın içindən də boy atarsan. Çünki insan da ağac kimidir. Öz kökü də nəslinin, əslinin, yurdunun, yuvasının, ilk dəfə üstündə rişələndiyi kökün üzərindən dünyaya baxır, sınanmış nəzərlərlə həqiqəti, onun mahiyyətini anlayır, dərk edir və həyatını bu çərçivədə qurur. Məmməd Ağaxan oğlu sevinsin ki, əslinin, nəslinin ləyaqətli davamçılarından, yurdunun sayılan kişilərindən biri də məhz odur...

İdris Şükürlü,

Əməkdar jurnalist