adalet.az header logo
  • Bakı 11°C
14 Mart 2019 15:26
11394
SİYASƏT
A- A+

“Ermənistan danışıqlar formatını dəyişdirmək cəhdi qəbuledilməzdir” - Ölkə başçısı

"Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır”.

Adalet.az Azərtac-a istinadən xəbər ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib.

Dövlət başçısı bildirib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir.

"Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”.

Prezident vurğulayıb ki, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir.

"Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub”.


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti 1 milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. Dövlət başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

"Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan "Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib, "Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.