adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2019 15:25
16785
DÜNYA
A- A+

RUS DİPLOMATI CASUSLUQDA GÜNAHLANDIRILIR

İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Viktor Tatarinsevi nazirliyə çağıraraq xüsusi xidmət orqanlarına xidmət etdiyinə görə, səfirliyin diplomatlarından birini təcili ölkəni tərk etməsini tələb ediblər.

Tatarinsevin nazirliyə çağırılmasını İsveçrə XİN-in nümayəndəsi Patrik Nilsson təsdiq edib. Lakin o, görüşdə müzakirə olunan məsələlər barədə açıqlama verməyib. RİA-Novostinin məlumatına görə, rus diplomatını fevral ayında krallığa yaxın olan bir nəfərin həbsi ilə bağlı, ondan əldə etdiyi məlumatları Moskvadakı xüsusi xidmət orqanlarına çatdırmaqda günahlandırırlar.

Həbs olunan İsveçrə vətəndaşının yüksək texnologiya sahəsində çalışdığı bildirilir. O, irəli sürülən ittihamları qəbul etməsə də, Xarici İşlər Nazirliyi onun 47 yaşlı rus diplomatı ilə görüşdüyünü bildirib.

İsveçrə KİV-ləri Rusiya səfirliyinin casusluqda günahlandırılan diplomatının artıq ölkəni tərk etməsini bildirsə də, sonradan məlum olub ki, o hələ də İsveçrə ərazisindədi.

«Reuters»in məlumatında bildirilir ki, hələ 2015-ci ildə İsveçrə əkskəşfiyyatının baş analitiki Vilhelm Unqe bəyan etmişdi ki, Rusiya səfirliyində çalışan diplomatların əksəriyyəti casusdular.

Ondan bir il sonra İsveçrənin Dövlət Təhlükəsizlik Xidməti ona yaxın casusun Rusiya səfirliyində çalışdığını bildirmişdi. Bundan başqa, təhlükəsizlik xidmətinin rəsmi məruzəsində qeyd olunur ki, diplomatlardan başqa biznes və aviaşirkətlərdə çalışan bir çox əməkdaşlar da Rusiya xüsusi xidmət orqanlarına işləyirlər. Təhlükəsizlik xidməti rus casuslarını İsveçrə dövləti üçün əsas təhlükə hesab edir. Bundan başqa, İran və Çin təhlükəsizlik xidmətlərinə işləyən casusların varlığı da təhlükəsizlik baxımından az əhəmiyyət kəsb etmədiyi xüsusi vurğulanır.

MEHRİBAN