adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Mart 2019 00:29
34206
LAYİHƏ
A- A+

MUĞAMLARIMIZDA "BAYAT" GİZLİNCLƏRİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Klassik şairlərimizdən Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin deyişməsindən də görünür ki, bu müqdədir söz ustaları da bayatı söyləməyi, bayatı çağırmağı sevirmişlər. Bu, məşhur deyişmədən də aydın görünür.

Vaqif:

Yavuz çox qocalan bayatı sevər,
Gah ögini, tək-tək özündən deyər,
Sən də yetişibsən o həddə məgər,
Beynini bayatı oyar, ağlarsan?

Vidadi:

Külli Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır, bayatı,
Oxunur məclisdə xoş kəlamatı,
Ox kimi bağrını dələr, ağlarsan!

Vaqif:

Müxəmməs deməgin seyrəklənibdir,
Bayatıda zehnin zirəklənibdir,
Qocalıbsan, qəlbin köyrəklənibdir,
İşdən-gücdən olub bekar ağlarsan.

Xalq həyatını və məişətini, adət-ənənəsini gözəl bilən yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyev hekayələrinin birində yazır: "Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izn istədi".
Təsadüfi deyildir ki, bizim bir çox xalq mahnılarının, şikəstələrin mətni bayatılardan ibarətdir.
Dahi bəstəkarımız Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov "Rəsmili musiqi tarixi" adlı əsərinin "Azərbaycan musiqisi" bölməsində gözəl səsli şəxslərdən söz açarkən məşhur Bədəlbəyliləri yad edərək yazır: "Xoş sövtlük Bədəlbəyli nəslinə bir bəxşeyişdir. Odur ki, Muxtarın əmioğlusu Cavad gözəl bayatı çağırmaq ilə Qarabağda məşhurdur. Digər əmioğlusu Bədəl Bədəlbəyli həm tar çalır, həm də xoş ləhnlə şikəstə və bayatı oxuyardı. Onun bayatı çağırmağı bir kəsə müyəssər deyildi. Üçüncü əmioğlusu Əhməd Bədəlbəyli (Ağdamski) məşhur incəsənət xadimidir".
Dahi müğənnimiz Bülbül 1932-ci ildə gənc bəstəkat Asəf Zeynallı ilə xalq mahnılarını toplamaq üçün Şuşaya gedir. O, özü görünməsə də, səsi dağlara düşmüş gənc Xan Şuşinskini "Çoban-bayatı" oxuyaraq yanına çağırdığını yazır: "... İstirahət günü idi. Böyük bir qayanın üstünə çıxdıq. Biz göz qaralan dərəyə, dərədən nazik bir lent kimi axıb gedən çaya, o taydakı meşələrə baxır, təbiətin bu ecazkar gözəlliyindən zövq alırdıq. Birdən qulağımıza bir səs gəldi. Diqqətlə fikir verdik. Kimsə "Bayatı-kürd" oxuyurdu. Oxuyanın səsi yavaş-yavaş aşkar eşidilirdi. Xanəndə zəngulə vuran kimi onu tanıdım. Gənc xanəndə Xan Şuşinski idi. Xanın məlahətli səsi qayalarda əks edir, Cıdır düzü boyu yayılırdı. Asəf Xanın yalnız adını eşitmişdi. Onunla tanış olmadığını söylədi. Mən Asəfi arxayın edib, bu saat onu buraya gətirəcəyimə söz verdim.
- Necə gətirərsən? - deyə Asəf təəccüb etdi.
- İndi görərsən, - deyib "Çoban-bayatı" oxumağa başladım. Doğurdan da "Çoban-bayatı" Xanı və onun dəstəsini bizim yanımıza gətirdi. Görüşdük, hal-əhval tutduq. Xan bizim üçün "Rast" oxudu. Həmin günün səhəri Xanın ifasında "Alma almaya bənzər" və "Əlində sazın qurbanı" mahnılarını vala yazdıq".
Bu xatirədən də aydın olur ki, BAYATI musiqi janrı kimi xalq musiqisində əhəmiyyətli rola malikdir. Doğrudan da, Azərbaycan musiqi ifaçıları, mahir xanəndələr, Üzeyir bəyin dediyi kimi, "... uçub dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək... özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahı" tikilmişdir" və zaman-zaman öz mənəviyyatına uyğun yaratdığı muğam-bayatıları təkmilləşdirmişdir.
Görkəmli bəstəkar, musiqişünas alim Əfrasiyab Bədəlbəyli iftixar hissi ilə yazır: "Azərbaycan musiqi sənətində xalq dühasının ən parlaq yaradıcılıq məhsulu muğamatdır. Muğamat musiqimizin təməli, onun bünövrəsi, onun dayaq sütunudur. Muğamat mahnılarımız, təsniflərimiz, oyun havalarımız, simfonik əsərlərimiz, opera və baletlərimiz üçün tükənməz və gözəl təranələr mənbəyidir. Bir sözlə, muğamat Azərbaycan musiqi dilinin, əgər təbiri düzgün başa düşülərsə, lüğət fondudur".
Muğamat yaddaşdan yaddaşa, ağızdan ağıza, ustaddan şəyirdə keçərək yaşayan və yaşamaqda, inkişaf etməkdə olan möhtəşəm bir irsdir. Azərbaycan muğamlarının qüdrəti ondadır ki, onu ifa edən xanəndənin, necə deyərlər, əl-qolunu bağlamır, ona improvizə etmək üçün geniş imkanlar verir. Əslində, muğamat öz daxili qayda-qanununa riayət tələb etməklə ona görə köhnəlib sıradan çıxmır ki, xanəndələrin ifaçılıq manevrini, özünüifadəsini, oxumaq fantaziyasını, improvizə hüququnu məhdudlaşdırmır, əksinə, zaman-zaman təkmilləşir, hissi-emosional təsirini itirmir. Əgər min il qabaq hər hansı muğam dəstgahı nota alınıb, ona əsasən çalınıb-oxunsaydı, şübhə etmirəm ki, o muğam bu günümüzə gəlib çıxmazdı; çıxsa belə, o qədər də sevilməzdi.
Musiqi fantaziyası geniş olan yaradıcı xanəndələr zaman-zaman oxuduqları muğamın daxili qayda-qanunu pozmadan öz mənlərini, "öz muğamlarını" dinləyicilərə təqdim ediblər. Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Segah İslam, Seyid Şuşinski, Xan Şuşinski, Yaqub Məmmədov, Mütəllim Mütəllimov kimi ustadlar bugünkü bəzi müğənnilər kimi "mən-mən" deməyiblər , əsl sənət nümayiş etdiriblər. Bu gün savadsızlıq o həddə çatıb ki, aparıcı bəsit dünyagörüşlü mikrofon müğənnisinə amiranə tonda deyir ki, filən kəs xanım, qalx, qalx, bir "ana segahı" oxu! Filankəs bəy, o "yağlı" səsinlə bir "ata segahı" oxu! Onlar da bu cür savadsız aparıcıya - "bu adda muğam yoxdur" demək əvəzinə dünyadan köçmüş ata-analarını yadlarına salıb "Ay ata", "Ay ana" deyib özlərini şəhid eləyirlər. Bu cür müğənnilər beləcə mavi ekranı gah toyxanaya, gah da yasxanaya çevirirlər.
Muğamatda bəşəri kədər var, "şaxsey-vaxsey" yoxdur. Onu ağıya çevirmək yaramaz. Unutmayaq ki, muğamlar əsasında bir-birindən gözəl rənglər, diringilər, rəqslər, mahnılar, təsniflər, operalar, baletlər, simfonik əsərlər yaranıb və yaranacaqdır. Lakin kimsə yeni bir muğam yarada bilməz.
Muğam ifaçısı şəxsiyyət olmalıdır. Əks təqdirdə küçə ilə səhnəni səhv salar. Mən bu yerdə yenə də ölməz Əfrasiyab Bədəlbəylidən sitat gətirməkdən özümü saxlaya bilmirəm: "...Hər xanəndənin hər sazəndənin özünəməxsus ifaçılıq ədası, öz səciyyəvi üslubu, öz "boğazı", "xırdalıqları", öz "barmağı" olmuşdur. Daha doğrusu, bütün bu cəhətlərin mövcudiyyəti ən zəruri şərtlərdən biri idi. Burada heç bir standarta, heç bir təqlidçiliyə yol verilə bilməz. Bir xanəndə və sazəndə əsl sənət adamına xas olan ifaçılıq heysiyyətindən məhrum deyilsə və sənətkar mənliyini, doğrudan da, yüksək qiymətləndirirsə, heç zaman həmkarının yaradıcılıq nailiyyətlərindən özü üçün "çırpışdırmaz". Keçmiş xanəndələrimizin qrammofon vallarına yazdıqları muğamları dinlədikdə eyni muğamın, eyni dəstgahın ayrı-ayrı xanəndələr tərəfindən tamamilə başqa tərzdə, başqa səpkidə, özünəməxsus ifaçılıq üslubu əsası üzrə ifa olunduğunu görürük".
Bu gün bəzi sənətşünaslar (milli təəssübkeşlik hissindən irəli gələrək) Azərbaycan muğamlarının adında yerdəyişmə etmək fikrinə düşüblər. Məsələn, "Bayatı-Şiraz" əvəzinə muğamı "Şiraz bayatısı" adlandırmağı təklif edirlər (Unutmayaq ki, keçən əsrin otuzuncu illərində Üzeyir bəy başda olmaqla ustad muğam ifaçıları belə bir təşəbbüsdə olublar və dərhal da fikirlərindən daşınıblar). Əgər deyilən kimi yanaşsaq tarixilik itər, onda bu muğam Şirazın bayatısı, yəni şirazlıların yaratdığı muğam olar. Amma xalqımız belə deməyib. "Bayatı-Şiraz", "Bayatı-İsfəhan", "Bayatı-əcəm", "Bayatı-türk", "Bayatı-Qacar" deyib. Yəni bu muğamların bayatlılara məxsusluğunu bu şəkildə ifadə edibdir. Ona görə də muğamların əvvəlində işlənmiş Bayatı kəlməsi həm söz, həm el, ulus, həm də oxumaq, çağırmaq mənasında işləndiyinə görə onu dəyişmək, təhrif etmək olmaz.
Çox təəssüflər olsun ki, müxtəlif televiziya kanallarında musiqi verilişlərinin bəzi aparıcıları, bəzi xanəndələr muğamlarımızın şöbə və adlarının fars mənşəli sözlərinə istinad edərək muğamların mənşəyi, yarandığı coğrafi ərazi haqqında yanlış fikirlər söyləyirlər. Yadımdadı, Sovet hökuməti dövründə televiziyanın rəhbərlərindən birisi xəstəxanada yatırmış. Günorta üstü radioda muğamat saatı imiş. Diktor elan edir ki, əziz dinləyicilər, indi də filan xanəndənin ifasında "Bayatı-Şiraz" muğamını dinləyin. Kişi götürüb radionun musiqi şöbəsinə zəng çalıb deyir ki, yoldaşlar, olmaz "Bayatı-Şiraz" əvəzinə "Bayatı-Lənkəran" deyək?
Dünyadan köçmüşlərə və müasirlərimizə üzümüzü tutub deyirik ki, olmaz! Muğamın bircə, cüm-ləsinə də toxunmaq yaramaz! Çünki muğam xalqımızın mənəvi dünyasının tarixidir. Muğamlarımızda bütün zamanların nəbzi döyünür.

Mustafa ÇƏMƏNLİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ