adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2019 00:21
10622
GÜNDƏM
A- A+

Darıxıram, tez gəl bahar

Əvəz Mahmud Lələdağ

(əvvəli ötən sayımızda)

Həmin günü səhərə kimi oturmaq üçün deyərdilər: bu gecə qara at gövşəyəcəksən, axar sular dayanacaq, ağaclar başlarını əyib suya səcdə edəcəklər, kim bunu görsə istəyinə nail ola bilər. Bayram gecəsini səhərə qədər oturmaq üçün deyərdilər:
Bu gecə adamlar oturub həsrətlə qara atın gövşəməsini gözləməlidirlər. Yuxusuzluğa dözməyib mürgüləyən adamı oturduğu döşəyə, stula, söykəndiyi yastığa tikərdilər.
Sonra dudkeşlə yatanın qulağının dibində səs salıb oyadardılar. Yatan adam "mən yatmamışam" deyib durmaq istəyəndə döşək, yastıq və ya stul da onunla qalxar və gülüş səsləri evi bürüyərdi.
Çox təəssüf ki, dini, mənəvi-əxlaqi dəyərlərimiz, oturuşmuş adət-ənənələrimiz total reciminin, bolşevik təbliğatının qəzəbinə gəldi. XX yüzilliyin 20-50-ci illərdə bu qəzəbin gücü daha qabarıq görünürdü.
Bütöv bir millətə min ildən artıq bir müddətdə təhsilində, maarifində, mədəniyyətində, məişətində yaşatdığı dini dəyərlər, mənəvi dəyərlər birdən-birə yasaq edildi. Şərqlə bağlılığı qırmaq üçün əski əlifbanın dəyişdirilməsi, milləti yalnız öz dini-əxlaqi dəyərlərindən deyil, həm də milli adət-ənənlərindən uzaqlaşdırmaq meylləri gücləndi.
Müqəddəs, ulu bayramımız olan Novruz bayramına isti münasibət yasaq olunurdu, dini qiyafə geydirilirdi.
Əsrlərlə meydan və küçlərdə nümayiş etdirən, insanın mənəvi-psixoloci təmizlənməsinə hətta tibbi nöqteyi nəzərdən fiziki sağlamlıq üçün gərəkli olan belə bir bayram bolşevik təbliğatına düçar olmuşdu.
Lakin Novruz bayramı yaddaşlardan silinmədi, sadəcə olaraq bu bayramın müvəqqəti olaraq məkanı dəyişdi, küçələrdən, meydanlardan ürəklərə, evlərə köçdü.
Bayram ağzı çöçə bişirərdilər. Mərciməyi, kartofu bişirib əzərdilər. Püreni yayılmış yuxanın arasına qoyub üzünə yumurta sarısı yaxıb təndirə yapardılar. Ümumiyyətlə, bayramı çox ruh yüksəkliyi ilə keçirərdik. Məhəllə-məhəllə gəzərdik.
Hər tərəfdə bir canlanma, çal-çağır hiss olunardı. Qara zurnanın zil səsi dağı-daşı lərzəyə gətirərdi. Yamaclarda otlayan quzular belə qara zurnanın səsindən məst olur şirin-şirin gövşək çalardılar.
Ahıl nənələr, müdrik babalar ağır "Mirzeyi" havasında sındıra-sındıra oynayardılar. Meydana bayram xonçaları gətirərdilər, şamlar yandırardılar, xoruz, qoç döyüşdürərdilər. Cavanlar küştü tutardılar.
Bəli, baharın gəlişi insanın qanını qaynadır, bahar günəşi torpağı isidir, bitkiləri qış yuxusundan oyadır. Mən baharın gəlişini ürəkdən alqışlayıram. Xoş gəlmisən, qədəmlərin çox mübarək.

Əcəb toy-büsatdır sənin gəlişin,
Təbəssüm dodağın həmdəmi olur.
Al yanaq qızların şirin gülüşü,
Sevən könüllərin məlhəmi olur.
Günəşin zərrəsi qızdırır yeri,
Budaqlar, pöhrələr bir boy da atır.
Torpağa qarışır məhəbbət təri,
Səninlə arzular vüsala çatır.

Daha parlaq olur sübhün çırağı,
Qoyur əməllərin dağı dağ üstə.
Bağbanın nəfəsi isidir bağı,
Yüz yarpaq göyərir hər budaq üstə.

Çəmən sürmə çəkir qar sularından,
Bir Çobanbayatı mələyir tütək.
Dağların o zümrüd yamaclarından,
Sürülər asılır boyunbağı tək.

Gözəllik, nur yağır üzündən, gözündən, çörək ətri gəlir səndən. Darıxırıq, tez gəl, bahar. Gəl, şəlalə saçlarını uzatsın, pöhrələr böyüsün ərsəyə çatsın. Güllərin qönçəsi nişanlı qızların xonçası tək açılsın, ətri bağ-bağçanı bürüsün. Tez gəl, bahar, səndə təzə nübar, şirin bir, sevgi aləmi var.

Açılsın bağçanın, bağın bənizi,
Muncuq tumurcuqlar cavahirləşsin.
Bürüsün bağları quşların səsi,
Nəğmə gözəlləşsin, söz gözəlləşsin.
Ana təbiətin xonçalı qızı,
Elimə, obama ülviyyət versin.
Elin mərcan qızı, xonçalı qızı,
Bu ana yurduma min ziynət versin.

Şairin dilində söz təzələnsin,
Fikirlər, sevinclər, gülüşlər təzə.
Baxış təzələnsin, göz təzələnsin,
Gedişlər, gəlişlər, görüşlər təzə.

Süfrəmizə bolluca nemət, xalqımıza cansağlığı, üz ağlığı, xoşbəxtlik, firavanlıq gətir, bahar!
Gəl ki, sular coşsun, çaylar daşsın, torpaqlarımız azad olsun, yurdumuzda toy-büsat qurulsun, millətimiz şad olsun. Soydaşlarımız doğma yurdlarına, isti ocaqlarına, bərəkətli bucaqlarına qayıtsınlar.

Həyətdə, bacada tonqal çatılar,
Ağırlıq, uğurluq oda atılar.
Yel qanadlı olar ağac atlılar,
Bahar gələndə.

Kin əriyər, küsülülər barışar,
Şadlıq, sevinc bir-birinə qarışar.
Duyğularım gözəlliyə qovuşar,
Bahar gələndə.

Qışın ağ cunası zirvədə qalar,
Bəyaz buludların gözləri dolar.

Təbiət sazında min hava çalar,
Bahar gələndə.

Şəlalə nazlanar, çeşmə çağlayar,
Qayalar kəkliyə xına saxlayar.
Ellər yaylaqlarla ülfət bağlayar,
Bahar gələndə.

Bülbül coşa gələr, qartal qıy vurar,
Marallar ünnəşib gədikdə durar.
Sellərin atını dərələr yorar,
Bahar gələndə.

Göyün bərəkəti torpağa axar,
Ay Yerin hüsnünə həsrətlə baxar.
Xəyalım aləmin sehrinə çıxar,
Bahar gələndə.

Küləyin sığalı telimdə qalar,
Çiçəkli çəmənlər beşiyim olar.
Yarpızlı bulaqlar laylamı çalar,
Bahar gələndə.

Eşqimə nur səpər yazın yağışı,
Könlümü bəzəyər sevgi naxışı.
Canıma od salar bir qız baxışı,
Bahar gələndə.