adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Mart 2019 00:18
7773
GÜNDƏM
A- A+

Xocalı fəryadı

Emil Hüseynov,
Cəmşid Naxçıvansk adına
Hərbi Liseyin 1-ci kurs
kursantı

- Ana, acmışam, yemək yemirik?
- Çox acmısansa sənin yeməyini verim, sən ye.
- Sən də mənimlə ye! Yemirsənsə, mən də istəmirəm hələ, - belə deyib Sona dərsliklərini gətirib masanın bir tərəfinə qoyub dərs oxumağa başladı.
- Mən atanı gözləyirəm, harda olsa indi gələr. - Məhbubə belə deyib, pəncərədən bayıra boylandı. Hava qaralmışdı. Hər yanda ağappaq qardan başqa gözünə bir qaraltı dəymədi. Qışın axırı olsa da, hava çox şaxtalı idi. Şaxtadan pəncərədən buzlar sallanmışdı. Deyirdilər ki, Xocalıda hələ indiyə qədər belə qış keçməyib.
Axşam düşmüşdü. Amma heç kəs yeməyə əl uzatmır, atanı gözləyirdilər. Məhbubə pəncərəyə baxır, gözü yol çəkirdi. Sona süfrəyə baxa-baxa soruşdu:
- Atam gec gələcək?
- Gətirim, yeməyini ye, atan da harda olsa, indi gələr!
- Niyə gec gəlir ki, ata? - qızın yeddi yaşı olsa da, o hər şey başa düşür, cəbhədən gələn xəbərlər onu qorxudurdu.
- Yəqin növbətçi salıblar! - Sona nigaran qalmasın deyə, ana dedi. Əslində özü də qorxurdu. Gecə dəhşətli yuxular görüb, səhərəcən oyaq qalmışdı.
Məhbubənin fikri Çingizdə qalmışdı. O, qara fikirlərdən qurtarmaq üçün Sonanın dərsləri ilə məşğul olmağa başladı. Ancaq nə etdisə, narahatlıq onu tərk etmədi.
Məhbubə yaxşı bilirdi ki, Çingiz növbətçi qalsaydı, mütləq evə xəbər verərdi. Gecə yuxusunu qarışdırmışdı. Yuxuda düşmən əsgərləri Çingizi mühasirəyə almışdılar. O isə tək idi.Tərslikdən gülləsi də qurtarmışdı. Düşmənlər bunu görüb mühasirəni daraltdılar. Ilk mərmi uzağa düşsə də, onun çiynini yaraladı. Güllə səsləri onu yuxudan ayıltdı.
İndi Məhbubə yuxusunu xatırlayanda "Allah xeyir eləsin", deyib yemək gətirmək üçün mətbəxə keçmək istəyirdi, Çingiz gəldi. Onun rəngi qaçmışdı. Həyəcanla dedi:
- Yığışın, gedirik!
- Hara? Səhərdən yemək yeməyib səni gözləyirik. -Nə olub, ay Çingiz? - Ana nigaranlıqla soruşdu.
- Ermənilərdi. Xocalıya hücuma keçiblər.
- Aman, bu qar-qiyamatla hara gedəcəyik? - deyib Məhbubə dizlərinə çırpdı və ermənini lənətləyə-lənətləyə tez qaçıb boğçaya bir-iki paltar, çörək qoyub onu düyünlədi. Onlar yola çıxdılar.
Qar elə yağırdı, göz-gözü görmürdü. Çingiz arvad-uşağı yola salıb, onlarla görüşəndə dedi:
- Salamat gedin! Al bu bıçağı da özündə saxla, lazımın olar.
- Çingiz nə olar, bizimlə gəl, mən çox qorxuram!
- Yox, Məhbubə, Xocalı camaatının mənə ehtiyacı var, siz gedin.
Bu sözləri deyib, Sonanı öpdü, həyat yoldaşı ilə görüşüb ayrıldı. Sonra geri qayıtdı. Arxadan gələn düşmənləri məhv etmək üçün özünə istehkam seçdi.
Məhbubə və Sona qarın üstü ilə çətinliklə yeriyirdilər. Bir az getmişdilər, onları vəhşi görkəmli, saqqallı ermənilər mühasirəyə aldılar.
Məhbubə və Sona yoluna davam etdilər. Hava çox soyuq idi. Qar adamın üzünü bıçaq kimi kəsirdi. Qəfildən qarşılarına bir dəstə adam çıxdı. Məhbubə onların danışıq tərzindən erməni olduğunu anladı.Onların içində biri tanış gəldi. Bu onların qonşusu Artur idi. Məhbubə cəld bir şəkildə ağacın arxasında gizləndi. Düşmən ona çox yaxın idi. Bu zaman Sona öskürməyə başladı.Məhbubə onun ağzını tutsa da ,artıq gec idi. Düşmənlər onu görmüşdü. Artur ona yaxınlaşıb:
-Baxın burda kim var? - dedi.
-Bu kimdir Artur?
-Qonşumuzdu.
-Əlində boğçası var.Bax gör nə var içində.
- Paltardı, başqa heç nə yoxdu. - Məhbubə titrəyə-titrəyə dedi.
- Müsəlman ola qızılı olmaya? Soruş ondan qızıllları hardadı?
Artur ona çevrilərək:
-Yaxşı, de görək qızılları harada gizlətmisən?
-Qızılım yoxdu, buraxın məni!
Artur dartıb boxcanı Məhbubənin əlindən aldı. Məhbubə qışqırdı:
-Yox, ona dəyməyin...
Erməni qızın qolundan dartıb o biri yoldaşına tərəf itələdi.
- Bu türk qızını özünüzlə aparın.
Ananın qışqırtısına baxmayıb Sonanı apardılar. O, balasının arxasınca qaçmaq istəyəndə Artur onu elə vurdu ki, yerə yıxıldı. Özü isə boğçanı eşib ordan qızıl axtardı. Əlindəki ratsiyadan səs gələndə kənara çəkilib nəsə danışdı. Bu fürsət idi. Məhbubə bıçağı cibindən çıxarıb Artura yaxınlaşdı.Cəld bir hərəkətlə bıçağı onun ənsəsinə batırdı. Erməni qışqırıb yerə yıxılan kimi ana var qüvvə ilə qaçdı. Uzaqdan yolun kənarında bir qaraltı görüb ona yaxınlaşdı. Ürəyində dua elədi ki, o Sona olmasın. Amma yaxınlaşanda balasını tanıdı. Məhbubənin fəryadı hər yanı bürüdü. Bu, bir ana fəryadı deyildi, Xocalının fəryadı idi...