adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2019 00:06
4320
GÜNDƏM
A- A+

YENİ QOBUSTANIN FƏRƏHLİ DÖVRÜ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə aparılan quruculuq işlərindən danışarkən deyir: "...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Bəli, dövlətimizin siyasəti belədir. Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin gerçək mənası budur. Qobustan rayonu bu müdrik siyasətin parlaq nümunəsidir. Qobustan şəhəri isə son illərin inanılmaz bir gerçəkliyidir. 10-15 ilin ərzində başdan-başa dəyişən, müasirləşən, gözəlləşən bir məkan! Kiçik qəsəbədən göz oxşayan bir şəhərə çevrilmək, insanlara sevinc bəxş etmək!
İdarəetmədə zəngin təcrübəyə malik olan Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər arasında böyük hörmət və nüfuz sahibidir. Bu səbəbdəndir ki, qobustanlılar Adil müəllimin abadlıq və tikinti-quruculuq, müasirləşdirmə çağırışlarına hamılıqla qoşularaq əsl birlik nümunəsi göstərirlər. Rayon həyatının bütün istiqamətlərində nikbinlik, həvəs və coşqu yaşanmaqdadır.
Ölkəmizin hər yerində olduğu kimi Qobustan rayonunda da 2018-ci ilin yekunlarına həsr edilmiş yığıncaq xüsusi bir təntənə ilə davam etmişdir. Yığıncaqda məruzə ilə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov demişdir:
- 2018-ci il ölkəmizdə dərin iqtisadi islahatlarla seçilən çox uğurlu bir il olmuşdur. Ötən il Azərbaycan xalqının rifahı daha da yaxşılaşmış, iqtisadi və siyasi sahədə çox böyük uğurlar qazanılmışdır.
Ötən ili Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar. Azərbaycan xalqının arzu və istəklərini həqiqətə çevirən Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, onun qarşıya qoyduğu məqsəd və vəzifələri ardıcıl həyata keçirən Prezident İlham Əliyevin növbəti 7 il üçün yekdilliklə Prezident seçilməsi xalqın öz siyasi liderinə bəslədiyi böyük məhəbbətin və inamın ifadəsidir.
Ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi yoxdur ki, Ölkə Prezidenti onu müntəzəm nəzarətdə saxlamasın, respublikanın elə bir bölgəsi yoxdur ki, cənab Prezident orada olmasın və mövcud problemlərin həlli üçün dövlət tərəfindən tədbirlər görülməsini təmin etməsin.
Cənab İlham Əliyevin prezident seçkilərindən sonra qəbul etdiyi ilk fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olmuşdur. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon manat vəsait ödənilmişdir.
Yaxın günlərdə Şamaxı şəhərində baş vermiş zəlzələ zamanı Ölkə Prezidentinin Şamaxı şəhərinə gəlməsi, evləri dağılmış sakinlərin yanında olması, yaşlı bir anaya göstərdiyi nəvaziş hər birimiz üçün bir örnəkdir.
Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial, ekoloji və digər ictimai layihələr, xüsusilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus yeri olan "Xocalıya ədalət!" kampaniyası, eləcə də gənclər siyasəti sahəsində görülən tədbirlər, gənclərin ölkəmizin ictimai-siyasi həyatına daha fəal cəlb edilməsi istiqamətində təşəbbüsləri böyük səmərə verir, çox rəğbətlə qarşılanır.
Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid mərkəzdən operativ və şəffaf şəkildə idarə olunması üçün ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və "DOST" mərkəzlərinin yaradılmasına başlanılmışdır. Bu il "DOST" mərkəzinin xətti ilə rayonda 155 nəfər aztəminatlı ailə ictimai işlə təmin edilmişdir...
Yığıncaqda qeyd olunduğu kimi 2018-ci il Qobustan rayonunda da çox uğurlu bir il olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Qobustan rayonunda da uğurla icra edilmişdir:
Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 15 milyon 520 min manat vəsait hesabına Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunması başa çatdırılmış, yaxın vaxtlarda yüksək səviyyədə açılışı gözlənilir.
Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 2,0 milyon manat vəsait hesabına Qobustan şəhərində xalçaçılıq emalatxanasının tikintisi başa çatdırılmışdır. Hazırda ilkin olaraq burada 55 nəfər işçi çalışır. Tam istifadəyə verildikdən sonra müəssisədə ümumilikdə 165-dən artıq işçi çalışacaqdır. Eyni zamanda, "Azərxalça" ASC tərəfindən Qobustan rayonunda Regional Yun Qəbulu Məntəqəsinin də tikintisi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli sərəncamı ilə Qobustan rayonu Şıxzərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 425,0 min manat vəsait ayrılmış, hazırda məktəbin tikintisi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamına əsasən rayonun Şıxzahırlı və İlanlı kəndlərinə ilk dəfə təbii qaz verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 1 milyon 391 min manat vəsait hesabına Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, son tamamlama işləri aparılır. Bununla da rayonda fəaliyyət göstərən uşaq bağçalarına məxsus inzibati binaların 70 faizi yeni inşa edilmiş və ya əsaslı təmir edilmiş bağçalardır.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli sərəncamı ilə Çuxanlı və Sündü kəndlərinin hər birində 1 ədəd artezian quyusu qazılmış, hər iki quyu yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 6,4 milyon manat vəsaitlə beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Son tamamlama işləri aparılır. Yaxın vaxtlarda yol tam şəkildə istismara veriləcəkdir.
Ümumilikdə 2014-2018-ci illərdə cənab Prezidentin sərəncamı ilə Qobustan rayonunda xəstəxananın, xalçaçılıq emalatxanasının, məktəb və uşaq bağçasının tikintisi, əkin sahələrinin suvarılması, yol çəkilişi, abadlıq və quruculuqla əlaqədar 10 sərəncam imzalanmış, həmin sərəncamlarla Qobustana 31 milyon manatdan artıq vəsait ayrılmışdır ki, bu da rayon büdcəsindən 8 dəfə çoxdur. Onu da qeyd edək ki, bu sərəncamlardan 7-si 2018-ci ildə verilmişdir.
Qobustan rayonunda son 5 il ərzində ümumi məhsul buraxılışının həcmi 2 dəfə, o cümlədən sənaye məhsulunun həcmi 48 faiz, kənd təsərrüfatının həcmi 56 faiz artmışdır. Tikintidə məhsul buraxılışı 136 dəfə, nəqliyyatda 19,3 faiz, rabitədə 2,2 dəfə, ticarətdə 6,7 dəfə artmışdır. 2013-cü illə müqayisədə əsas kapitala investisiyalar 2,5 dəfə artmışdır.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ