adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2019 00:54
6021
GÜNDƏM
A- A+

Unudulmaz Musa müəllim


Azərbaycan xalqına ağır itki üz verib. Görkəmli dövlət xadimi, xeyirxah, səmimi, sadə, mehriban, nəcib, qayğıkeş, eyni zamanda qətiyyətli və prinsipial insan Musa Salam oğlu Məmmədov 87 yaşında vəfat edib.
Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələ rayonunda qulluqçu ailəsində dünyaya göz açmış, 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il də aspiranturaya daxil olan M.Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Bir müddət institutda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir.
Musa Məmmədov 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunur. O, 1968-1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini və Respublika tədarük nazirinin müavini işləyir. Bacarığını, aqrar sahəni dərindən bilməsini nəzərə alınmaqla Musa Məmmədov nazir müavini təyin edilir (1970-1979-cu illər). O, peşəkar və səriştəli kadr kimi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzər-dıqqətini cəlb edir və onu "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə irəli çəkilir (1979-1984). Musa Məmmədov ona göstərilən bu yüksək etimadı ləyaqətlə doğruldur, özünü bacarıqlı rəhbər işçi, kənd təsərrüfatının bütün sahələrini dərindən bilən bir mütəxəssis kimi göstərə bilir. 1984- 1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986- 1989-cı illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989-2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır.
Pensiya yaşında belə o, öz zəngin təcrübəsini, bilik və bacarığını paylaşmaq istəyi ilə Baş nazirin, son günlərə kimi isə Kənd təsərrüfatı nazirinin müşaviri vəzifələrində çalışmışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədidir. Musa Məmmədov Ümumimilli lider Heydər Əliyevin ən yaxın siladaşlarından olmuşdur. Onun xidmətləri partiya və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan SSR Ali Sovetinin (X-XII çağırış) deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı", "Oktyabr inqilabı", iki dəfə "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. İki dəfə Respublika Ali Sovetinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və bürünc medalları ilə, iki dəfə sərginin Fəxri diplomları ilə təltif edilmişdir. Elm və texnika üzrə Dövlət mükafatı laureatı, Respublikanın əməkdar aqronomu adına layiq görülmüşdür. Respublikada aqrar sahənin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində göstərdiyi əvəzsiz xidmətləri və yüksək insani keyfiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Dərin zəkası, istedadı, işgüzarlığı ilə o, keçmiş SSRİ məkanında da öz sahəsi üzrə böyük nüfuz sahibi idi. Təsadüfi deyil ki, Musa Məmmədov SSRİ ərazisində nisbətən az meşə ehtiyatına malik olan ölkəmizdən SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir. O, Azərbaycanda həm də, meşə sahəsi üzrə ilk və yeganə generaldır. Meşəçilklə də bağlı onun xidmətləri əvəzsizdir. Onun təşəbbüsü ilə xaricdən gətirilən tez yetişən ağaclar meşə sahələrinin artmasına, daha çox meşə materialı əldə olunmasına imkan yaratmışdır. Onun yazdığı "Azərbaycanın meşələrində bitən ağac və kol bitkiləri" adlı irihəcmli fundamental əsər çoxillik, fədakar fəaliyyətin nəticəsində ərsəyə gəlmişdir.
Böyük şəxsiyyət, layiqli vətəndaş, istedadlı alim- pedaqoq Musa Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin! Qəbri nurla dolsun...