adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Mart 2019 00:13
12974
GÜNDƏM
A- A+

Darıxıram, tez gəl bahar

Əvəz Mahmud Lələdağ

Xoş gəlmisən,
Qədəmlərin
Çox mübarək,
ay baharım.
Gəl mənimlə bu dərdi çək,
ay baharım.
Üzür məni hicran dağı,
Qaytar mənə Gözəldağı,
Uluların uyuduğu o torpağı,
ay baharım!
Gəl, ərisin intizarım,
ay baharım.
Fərəh, sevinc gətirərdin
Obamıza, elimizə.
Şirin gülüş gətirərdin,
bizim könül evimizə.
Qayıt yenə o çağlara.
Bizə təzə nübar gətir,
Harda yaxşı nə var, gətir.
Bircə udum dağ havası,
Bircə qurtum bulaq suyu,
Bir çəngə də bulud gətir.
Qatıq gətir, qaymaq gətir,
Süzmə gətir, qurud gətir,
Əyriqardan kəklikotu,
Əriməzdən qar çiçəyi.
Yar gələndə yarçiçəyi,
Göbəkdaşdan şirin yemlik,
Üstəpədən quşəppəyi,
Bir dəstə də Novruzgülü
Bir də mənə gənclik ili
Gətir, bahar...

Bizim müqəddəs, ulu bayramımız olan Novruz bayramından, onun adət-ənənələrindən necə gözəl danışırdı anam.
Bizim ulu bayramlarımızdan biri də hər il mart ayının 21-də təmtəraqla keçirdiyimiz Novruz bayramıdır. Bu bayram Azərbaycan xalqının, bütün Türk dünyasının dünya görüşündə əhəmiyyətli rol oynayır. 12 heyvan adı ilə bağlı yaranmış təqvim-tarix Günəş ilinə görə hesablanmışdır. İl Günəşin 12 bürcünün dövr etməsi ilə başa çatır. Dünyanın ən dəqiq təqvimi sayılan bu təqvimdə il 365 gün 5 saat 50 dəqiqə 47 saniyədən ibarətdir. İl təhvil olunan gün Novruzun ilk günü sayılır. Bu təqvimin yaranmasının çox maraqlı tarixi var. Rəvayətə görə, türk xaqanlarından biri neçə il əvvəl baş vermiş savaş tarixini öyrənmək istəyir, ancaq sərkərdələr o savaşın tarixini dəqiq müəyyənləşdirə bilmirlər. Gələcəkdə baş verəcək yanılmaların qarşısını almaq üçün Xaqan yığıncaq çağırır. O, göyün 12 bürcünə və dövrün hər ilinə bir ad qoymağı təklif edir, təklif bəyənilir. Sonra Xaqan ova çıxır, ona rast gələn heyvanların adlarını illərə ad qoyur. 12 illik bir dövrü əmələ gətirən heyvan adları sıra ilə belə düzülür:
Siçan, öküz, şir, dovşan, əcdaha, ilan, at, qoyun, meymun, xoruz, it, donuz. Sıraya görə bu il öküz üstündə təhvil olacaq.
Biz tərəflərdə Novruzun gəlməsinə 40 gün qalmış hazırlıq işləri, ilin axır çərşənbəsinə tədarük görülür. Süfrədə 7 löyün olsun deyə hər şeyi nənələr sandıqlarında saxlayardılar.
Bu ənənə bu gün də davam edir. Burada insanlar qışın çətinliyinin, dar günün qurtarmasını, bolluq və firavanlığın başlanmasını, yeni günün-Novruzun gəlməsini səbirsizliklə gözləyir və fərəhlə qarşılayırlar. Bu il Novruzun gəlişi yenə hörmət-izzətlə, xoş arzu-diləklə qarşılanacaq.
Ayağı sayalı olsun bu Novruzun. Elimizə, obamıza bir təzəltk ələdi, insanların ovqatını düzəltdi, onları dəhşətli qəmin, qüssənin, kədərin əlindən aldı, könülləri sevincə bələdi, qəlbləri sevindirdi, küsülüləri barışdırdı, ev-eşiyi, həyət-bacanı əməlli-başlı təmizlədi, pak elədi. Bağ-baxçanın bənizi dəyişdi.
Gənclik ruhlu, zəhmət ətirli şəhərimizə bir füsunkar gözəllik gətirir bu Novruz. Elə bil Günəş də öz qırmızı tacında daha gözəl görünür, ulduzlar səmanın göy sacında dahaparlaq sayrışırlar. İlin axır çərşənbəsi sübhün çırağı da gur yanır, şöləsi göz qamaşdırır.
Bu mənzərəni seyr etdikcə xəyal biləyimdən yapışıb, daha qədimliyə, ilkinliyə çəkib aparır mənig Eh! İndi çox şeylər unudulubg
Adamlar bir-birinə baş çəkir, hal-əhval tutur və hasilə gətirdiyi məhsuldan sovqat-pay aparırdılar. Torba-dağarcığın bərəkətini üzən payızın ömrü dekabr ayının 21-də başa çatır. Dekabr ayının 21-dən 22-nə keçən gecə qış fəsli başlayır. Bu gecəyə "Yelda" (uzun) gecəsi deyərdilər nənələrimiz. Müdrik babalarımız qış fəslini üç dövrə bölərdilər. Böyük çillə, Kiçik çillə, Boz ay. Böyük çillə bir az mülayim, bir az sərt, qırx gün davam edir.
Kiçik çillə iyirmi gün ömür sürür. Bu kiçik çillə var e, soyuq şaxta, boran və çovğunla özünü yetirir. Nənəm deyərdi: Bu kiçik çillə özünə görə deyil. Kiçik çillənin soyuğu, təndirə təpər toyuğu. Kiçik çillə böyük çilləyə deyir: Sənin ömrün məndə olsa, bilirsən neyləyərəm? Toyuqları hində, qadınların əlini un çuvalında, atların qulununu qarnında dondurar, boylu gəlinlərə uşaq saldırardım.
Müdrik nənələr kiçik çillənin belə sərtliyini görüb onun tez getməsini arzulayır və deyirdilər:
Kiçik çillə, qan çilə,
Kəhər atı qamçıla.
Çatdır bizi bahara,
Halımız yan, çilə.

Kiçik çillə fevral ayının 21-də yerini Boz aya verir. Boz ay da ki, bozara-bozara mart ayının 21-nə qədər davam edir, yerini istəkli Novruza verir. Novruzun ilk mücdəçisi qarçiçəyi olur.

Qarçiçəyi haray salır,
Novruz gəlir, Novruz gəlir.
Buludların gözü dolur,
Novruz gəlir, Novruz gəlir.

Günəş yerə göz-qaş atır,
Şimşək dağda at oynadır.
Çölə-düzə xəbər çatır,
Novruz gəlir, Novruz gəlir.

Əriyir qar, keçir boran,
Yapıncıdan çıxır çoban.
Qəh-qəh çəkib gülür hər yan,
Novruz gəlir, Novruz gəlir.

İnsanlar sevinir, baharın gəlişini alqışlayırlar. Novruz bayramı həm də təbiətin bayramıdır. Təbiətin oyanışı, sellərin, suların coşması, ağacların tumurcuqlanması, köçəri quşların "yaylağa" qayıtmaları, insanların torpağa bağlanması bu vaxtdan başlanır.

Qışın köynəyini cıran baharım,
Çəmənimə gəldin, çölümə gəldin.
Sənsiz darıxmışdı göy yaylaqlarım,
Yaylağıma gəldin, elimə gəldin.

Çöllər yaz ətirli küləklə doldu,
Bağların qucağı çiçəklə doldu.
Ürəyim yenidən diləklə doldu,
Yaşılbaş sonalı gölümə gəldin.

Gəldin saçaqlandı nərgiz, yasəmən,
Səmtini dəyişdi dağda duman, çən.
Yemliyə, yarpıza tamarzıyam mən,
Göbələk dəymirdi dilimə, gəldin.

Təkcə bunlardımı tamarzı qaldığım?!Qırxbuğum, yarpız, kəklikotu, çayotu, alaqanqal, südlü qanqal, dəvədabanı, ayıdöşəyi, bulaqotu (qıcı), mərəvcə (qulançar), çöl kişnişi, tüfəng içi, quzqulaq, cincilim, şomu, quşəppəyi, unluca, qoyunqulağı, şahpencər, əmənkömənci, razyana, cəfəri, yarpız, gicitkan, əvəlik, baldırğan torpağın altından üstünə çıxır, güllər qönçələnir, bülbüllər gül eşqi ilə havalanır, həyat çeşməsi daha gur çağlayır. Tənəklər əl-qol atır, çardaqdan asılır, yarı çiçək qoralar budaqlara qısılır. Təbiətin belə oyanışından insanlar gecə ilə gündüzün yarı olması gününə qədər 4 çərşənbə hazırlıq işləri görürlər: I Su çərşənbəsi (ab),II Od çərşənbəsi (atəş), III Torpaq çərşənbəsi (xak), IV Külək çərşənbəsi (bad).
Ab, atəş, xak, baddan xəlq olundu dünya-aləm. Bunlar olmasa həyat mövcud ola bilməz.
Bəs insanlar nə iş görürlər? Əvvəlcə dünyadan köçmüşlərin ruhunu şad etmək üçün onları ehtiramla yad edir,qəbirüstünə çıxır,ehsan verirlər.Buna "Qara bayram" deyərdilər.
Biz tərəflərdə 4,6,8 dirəkli qara damlar olurdu. Ocaq, təndir yananda tirlər, atmalar hisdən qaralardı. Onlar damda qaranlığı bir az da artırırdılar. Bayram ağzı onları unlayırdılar. Evin içində aydınlıq yaranırdı. Pal-paltarları qışın his-pasından təmizləyir, sil-süpür edirdilər. Yumurta boyayır, qovurğa qovurur, qovut çəkirdilər. Cavanlar yumurta döyüşdürür, dirədöymə oynayırdılar. Yumurtanı qatara düzərdilər. Torpaqdan kiçik təpə düzəldib yumurtanı onun birinin içində gizlədirdilər. Buğdanı yaxşı təmizləyib bölərdilər külfətin sayına; hər nəfərə bir qoşa ovuc, iki-üç qoşa ovuc da qonaq üçün ayırardılar. Buğdanı üç gün tabaqda suda saxlayardılar. Sonra suyunu süzər, islanmış, şişmiş buğdanı isti parçanın arasına töküb sinilərin içinə düzərdilər. Sonra siniləri yükün altına itələyərdilər. 2-3 gündən bir su səpərdilər, cücərmə başa çatanda çimi əzərdilər, ələkdən süzərdilər, məhlulu mis qazanlara töküb qoyardılar ocağa. Lakin məhlulu tez-tez qarışdırmaq vacib idi. Yoxsa qazanın dibi vurardı. Onun şirinliyi buğdanın tərkibindəki nişastaya görə idi.

Sinilərə düzülərdi səməni,
Döyülərdi, əzilərdi səməni.
Ələklərdən süzülərdi səməni,
Damağımda qazmağının dadı var,
Çox şeylərin özü yoxdur, adı var.

Səməni halvasından qohum-əqrəbaya, tanış-bilişə, dost-simsara bayram payı verərdilər. İlin axır çərşənbəsi od yandırma mərasimi başlayardı. Biz od yandıranda əsasən malın qabağındav qalan qırçından, çör-çöpdən istifadə edərdik. Odun üstündən hoppanardıq və deyərdik: ağırlığım, uğurluğum tökül bu odun üstünə. Bu o demək idi ki, qışın ağrı-acılarını, xəstəliklərini töküb odda yandıranda o bir də geri qayıda bilməz. Bu gün biz uşaqlarımızı bayram əhval-ruhiyyəsində tərbiyə edə bilmirik. Onlar od yandırmağı bilirlər. Lakin mahiyyətini bilmirlər. Ona görə də yandırmaq üçün canlı ağacdan kəsir, skamyaların taxtalarını sökür, giriş qapı və pəncərələri çıxarır, köhnə maşın şinlərini gətirib yandırırlar.
Onsuz da ekoloci vəziyyət ağır olan havanı bir az da çirkləndirirlər. Buna görə də valideynlər, müəllimlər uşaqlara od yandırmaq barədə geniş məlumat verməlidirlər. Bayram tonqalı elə olmalıdır ki, onun üstündn hoppanmaq olsun. Od yandırma qurtardıqdan sonra qapı pusdu, niyyət etmək, bayram süfrəsi bəzəmək başlanardı.
Süfrəmizdə yeddi löyün olardı,
Cavan qızlar suya iynə salardı.
Çoxlarının bəxt ulduzu yanardı,
Mürgü vurub gözümüzü yumardıq,
Sübhdən durub su üstünə cumardıq.

Əlimizi, üzümüzü yuyardıq,
Cibimizə bulaq daşı qoyardıq.
Bədnəzərin baxışını oyardıq,
Ağırlığım, uğurluğum tökülsün,
Canımızda olan dərdlər çəkilsin,-

deyərdik.
Suya iynə salmaq həsrətin vüsala çatması kimi düşünülürdü. İki kasanı su ilə doldurar, iki iynə pambıq saplayaraq salardılar suya. "Yelkənli qayıqlar" suda üzərdi. "Qayıqdakılar" yaxınlaşıb bir-birinə əl versəydilər niyyət hasil olmuş hesab edilərdi. Deməli, həsrətlilər qovuşacaqdı. Bacalardan corab sallayardılar, tanış səslərin payı bir az artıq olardı. Qızlar, oğlanlar duzlu kökə yeyərdilər. Gecə yuxuda hansı oğlan qıza su versəydi, deməli, xeyir işə hazırlaşmaq olardı. Həmin gecə qızılgül kolunun dibinə yumurta, kömür və qırmızı karandaş qoyardılar. Əgər səhər yumurtanın üstündə qırmızı görünsəydi, deməli, niyyət hasil olmuşdu. Qara görünsəydi, əksinə.

(ardı növbəti sayımızda)