adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Mart 2019 19:35
8839
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda el şənliyi keçirilib

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin "Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdı.

Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edirdi.

Əvvəlcə bayram tonqalı yandırıldı. Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış oldular. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunurdu.

Kosa və Keçəlin zarafatları, şən musiqi nömrələri hər kəsdə xoş ovqat yaratdı.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbir iştirakçılarını salamlayaraq öz təbriklərini çatdırdı: "Əziz qonaqlar və Cocuq Mərcanlı kəndinin sakinləri! Sizi Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edirəm. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik”.

Nazir müavini bildirdi ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 kəndi ilə bərabər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi: "2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan işğalçıları qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axarına döndü. Sakinlərin öz kəndində yenidən məskunlaşması doğma yurda böyük qayıdışın möhtəşəm başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsidir”.

Rafiq Bayramov çıxışının sonunda bir daha qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı, xoş arzularını bildirdi.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə xalq artistləri Bilal Əliyev, Gülyanaq Məmmədova, əməkdar artistlər Səbuhi İbayev, Nüşabə Ələsgərli, Ehtiram Hüseynov və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndi. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin, Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad İsrafilov, habelə Vüsal Zamanov, Şirvan Folklor ansamblı, Füzuli rayonu Mahmudlu-1 kənd Uşaq musiqi məktəbinin müəllimi Novruz Ağayev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin "Vətənpərvərlər" qrupu, Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbinin məzunu Xəqani Şahbazov və başqalarının çıxışları da alqışlarla qarşılandı. Konsert proqramı tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarında işğaldan azad olunsa da, Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində qaldığından burada sakinlərin təhlükəsiz yaşayışı mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirildi, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, "Qayıdış” parkı inşa edilib.

Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərində, abad ev-eşiklərində yeni həyata başlayıblar. Martın 12-də "Qayıdış” parkında Novruz bayramı münasibətilə gerçəkləşən təntənəli mərasim və el şənliyi bunun bir daha nümayişi oldu.