İradə Tuncay: Dünəndən sabaha...

İRADƏ TUNCAY
50750 | 2019-03-13 09:42

Arada bu gün var...

Müasirlərin yazdığına görə, Mariya Mediçi gözəl qadın olub . Portret rəsmlərə inanmaq olmur – rəssamlar monarxları gözəl təsvir etməyə məcbur idilər. Deyək ki biz rəsmlərin həqiqəti nə qədər əks etdirdiyini hardan bilək? Foto yox idi... Rəssam isə öz işində həm fantaziyasına, həm də siyasi səbəblərə tabe olurdu.

Gözəl idi deyirlər. Həm də deyirlər ki, ağır xasiyyəti ilə ərini özündən uzaqlaşdırırdı. Qısqanc idi, taxt-tacı özü idarə etmək istəyirdi. Hakimiyyətə köklü maraqları vardı – ulu babası Müqəddəs Roma İmperiyasının imperatoru V Karl, ulu nənəsi isə İzabella Kastilskaya idi. Atası Toskananın böyük hersoqu Françesko idi. (Deyəsən, yalnız Osmanlı sarayında cariyələrin doğduğu şahzadələr taxta çıxıb. Bütün saraylarda isə nəsil məsələsi böyük önəm daşıyırdı). Belə nəsildən gəlmə bir qızın sakitcə idarə olunacağını düşünmək çətindi. Və həm də katolik məzhəbində tərbiyə olunan bir insanın dönmə hugenotların at oynatdığı sarayda rahat yaşayacağını düşünmək də. Navarralı Henrix , IV Henrix, nə qədər tarixi romanların qəhrəmanı olmuş Henrix Mariya Mediçi üçün maneə idi istəklərini gerçəkləşdirməyə. Kral Almaniyada protestantlara dəstək üçün yürüşə hazırlaşanda Mariya Mediçi onu dilə tutur ki, taxtı sığortalamaq naminə tac qoydursun kraliçaya. Kral razılaşır və Sen Deni monastırında Mariya Mediçi də taxtın varisi olur. Sabahı gün kral karetasına atlayan katolik Ravalyak tərəfindən qətlə yetirilir. Bu qətldə Mariya Mediçinin barmağı olduğu güman edilir. Baxmayaraq ki, Ravalyak lap ağır işgəncələr altında da sifarişçiləri ələ vermir.

Həmin vaxt gələcəkdə XIII Lüdovik adı ilə taxta çıxacaq oğlu yetkinlik yaşına çatmamışdı. Regentliyi üslənən kraliça tam dörd il sarayda istədiyini edir. Amma ali aristokratiya ondan narazı idi, zaman-zaman üsyanlar qalxırdı (hər zaman və hər yerdə üsyanları aristokratiya idarə edir). Bunları yatırtmaq böyük qüvvə və itkilər bahasına başa gəlirdi. Oğlunun taxta çıxması ilə Mariya Mediçinin hakimiyyətlə bağları qırılır. Gənc kral anasının favoritlərini edam etdirir, sürgünə göndərir... Anasını da saraydan uzaqlışdırır. Sürgünə gedənlərin arasında kraliçanın məsləhətçisi Rişelye də olur. Sonradan Mariya oğluyla barışıb paytaxta qayıdanda Rişelye kardinal rütbəsi alır və ölkənin baş naziri olur. Kraliça bu addımlarıyla yenidən təsir dairəsini genişləndirəcəyini, hakimiyyəti ələ alacağını düşünürdü. Və burda ona mane olan da Rişelye olur. Həmin dövr tarixində "aldanmışlar günü”, "sarsaqlar günü " deyilən bir gün var. Kraliça bütün dəstəsi ilə ifşa olunur . Qaça bilən qaçır, ələ keçən keçir. Rişelye dəmir iradəsi ilə Fransa tarixinin önəmli simalarından birinə çevrilir.

Kraliça isə... Kraliça isə sərgərdan sürgün həyatını Kölndə başa vurur. Rəvayətə görə, kasıb, miskin ömür sürən keçmiş monarx sevimli tutuquşusunu Rişelyeyə vəsiyyət edibmiş... Nə demək istəyirmiş bununla?

Əslində həmin dövrün maraqlı təsvirini çoxumuz Dümanın "Üç muşketyor” romanında oxumuşuq. Roman roman yerində, amma həyat həqiqətləri, tarixin həqiqətləri fərqlidir.

Rişelye mərkəzləşmiş dövləti yaradıb qoruyan, özündənrazı aristokratiyanı kral hakimiyyətinə tabe etdirən qüdrətli şəxs kimi düşüb tarixə. Roman və filmlər onun yalnız intriqa sevər tərəflərini göstərib. Halbuki intriqasız siyasət də heç siyasətə bənzəməz, məncə.

Rişelyenin yaratmağa çalışdığı mühitdə onun əsas düşmənləri fransız aristokratiyası idi. Əsli qədim saray əyanlarına dayanan əsilzadələr daim krallığın məhz onların ailəsinə məxsus olduğu iddiası ilə yaşayırdı. Fransa tarixi belə faktlarla çox zəngindi və kimin daha qədim olduğu davası bəlkə hələ də bitməyib. Sadəcə quruluş dəyişdiyindən bu qanlı döyüşlərə rəvac vermir. Apardığı islahatlara qarşı çıxanlar da elə əsilzadələr idi. (Təbii deyilmi? Rəiyyət islahatın nə olduğunu hardan bilsin?).

1626-cı ildə dueli qadağan edən edikt imzalanır. Duel məşhur nəsillərin axırına çıxırdı .Ölkənin genetik fondunu qorumaq lazım idi və bu qərar məhz belə şərtləndirilir – duelə çıxan hər kəs öz titulundan məhrum olunacaq. Ağır cəza idi. Az sonra duel statistikası azalmaya meyllənir.

Elə həmin il zadəgan qəsrlərinin ətrafında qurulmuş istehkamların dağıdılması əmri verilir. Çünki alınmaz qalaya çevrilmiş yerlər məhz üsyanların idarə olunma mərkəzinə dönürdü . Krala tabe olmurdu, dövlət çıxılmaz vəziyyətə düşürdü. Bu qərar zadəganlar tərəfindən qəzəblə, nifrətlə qarşılanır. Amma Rişelyenin qətiyyəti bu maneəni də dəf edir.

İntendant sistemi tətbiq olunmağa başlayır. Mərkəzdən əyalətlərə göndərilmiş bu şəxslər vəzifəni pulla satın almırdılar əvvəlki kimi – birbaşa kral təyinatı olurdu. Və hər an işdən çıxarıla bilərdilər. Kralın (əslində Rişelyenin) dəstəyi ilə tədricən idarəçilik bütünlüklə sistemləşdirilir. Və zadəganların əlindən çıxır. Orduda da bu tətbiq olunanda əsgər və zabitlərin məvacibi hissə komandirləri tərəfindən yox ,birbaşa intendantlar tərəfindən verilir. Və bu ordunu kimlərinsə nüfuz dairəsinə deyil də, mərkəzə tabe edir.

Əyalətlərə nəzarətin artması xəzinənin dolmasına xidmət edirdi.Amma vergilərin çoxalması da ölkədə üsyanları qaçılmaz qılırdı. Ali aristokratiya nümayəndələri özlərinin siyasi azadlıqlarını hər vəchlə qorumağa çalışırdılar, onların fikrinə görə, qədim ənənələri olan Fransada əsilzadələrin hüququ krala bərabər tutulur. Kardinalın dövlətçilik anlayışı isə fərqli idi.Onun düşüncəsinə görə, yalnız bir nəfər qanun , fərman verə bilər. Yalnız bir nəfər öz adından danışa bilər.

Maraqlı məqamlardan biri – bu gün Avropada qəzet kimi qəbul olunan ilk mətbu orqanın təşəkkül tapması da Rişelye ilə bağlıdı. Bir az geniş danışım bu barədə.

Otuzillik Müharibə(1618-1648) Avropada mətbuatın inkişafına böyük təkan verdi. Əhalinin informasiyaya ehtiyacı vardı və bu ehtiyacı yeni yaranmaqda olan qəzet sənayesi ödəyirdi. " La Gazette” (yəni "Qəzet”) bu ilklərdən biri idi. Qəzetin redaktoru Teofrast Renodo Rişelye ilə tanışlıqdan səmərəli istifadə edə bilir. Qəzetə əcnəbi adın verilməsi də (italyan sözüdü "qəzetta”. Məlumat xarakterli əlyazmaların dəyəri olan gümüş pul vahidi) tirajın artmasına, oxucuları maraqlandırmağa stimul verirdi. Digər tərəfdən kral da, Rişelye də hakimiyyətin ruporu olacaq bir vasitəyə ehtiyac duyurdular. Və hətta özləri də məqalə yazırdılar qəzetə.Və təbii ki, bu hal qəzetin sahibinə imtiyazlar verirdi.

Rişelye bu barədə yazır : "Ya qəzet öz borcun yerinə yetirəcək, ya da aldığı pansiondan məhrum ediləcək. Kral isə hərbi yürüşlər haqqında yazılar yazırmış. Beləliklə, Kral XIII Lüdovik ilk hərbi jurnalist sayıla bilər.

(Qəzet haqqında internetdə məlumat çoxdu. Bircə bunu deyim – tirajı 1200 nüsxə imiş . XVII əsr olduğunu da nəzərə alsaq. Biz indi bu sayı zornan yığa bilirik. Həə, Fransa olduğunu da nəzərə almaq gərək. Və hamilərinin də kim olduğunu ...)

Həmin dövrün mənzərəsin canlandırmağa çalışsaq, bu qədər "olmaz”ların içində düşmən qazanmamaq mümkün ola bilərdimi?

Rişelye özünün "Siyasi vəsiyyət” əsərində bu dövrü belə təsvir edir :

"Əlahəzrət, Siz iltifat göstərib məni öz Şuranıza dəvət edəndə hugenotlar dövlət içində sizinlə hakimiyyəti paylaşır, zadəganlar özlərini elə aparır ki, elə bil heç Sizin təəbəniz deyillər, qubernatorlar suveren olduqları torpaqları öz şəxsi malı hesab edirdi...Əcnəbi dövlətlərlə münasibətlər isə o qədər bərbad vəziyyətdə idi ki... Hər kəs üçün şəxsi mənafe dövlət mənafeyindən üstün idi”.

 

Dəfələrlə sui-qəsdlərlə üzləşən kardinalı kral da qorumağa çalışırdı. Hətta kralıçadan da... Bu da bir ayrı mövzudu. Kraliça İspaniya infantası Anna idi. Mavi gözlü, sarı saçlı, boy-buxunlu gözəl. Və kardinal aşiq olur... Özü aşiq durumda olarkən də Kral və Kraliçanın münasibətlərin pozur. Kral yataq otağına getmir. Amma Fransa taxtına varis lazım idi. Rişelye dövlət maraqları naminə öz hisslərindən də vaz keçir... Həyatının sevgi payı pişiklərə yönəlir...

***

Yazdıqlarım dünən idi. Həm də başqa məmləkətin dünəni. Dünən olsa da, başqa məmləkət olsa da siyasi gedişlər dəyişmir. Əbədi şərtlər var. Dövlət mənafeyi hər şeydən üstün olmalıdı...

***

Hamı üçün maraqlı olan suallar var son günlər . Ərizələri özü yığdı Birinci Şəxs. İnamını itiribmi ??? Necə olacaq sabah ??? Ərizələrin oxunmağından asılıdı. Genofondun qorunmağından asılıdı. Məsləhət deyil... Zatən tarixdə hər şey var... Rişelye də tarixdə ....

P. S. Qəzet də var. Müharibə tarixini özündə yaşadan. Bağlamaq istəsələr də...

 

 

 

TƏQVİM / ARXİV