DONUZUN BiZiM HƏSƏNQULUYA MƏKTUBU

AQİL ABBAS
23868 | 2009-07-25 15:34
Həsənqulu, bilirəm, sənin məndən zəhlən gedir, səbəbi də məlumdur ki, Tanrının da məndən zəhləsi gedir. Dünyada yeganə varlığam ki, Tanrının xoşuna gəlmirəm. Və başa düşə bilmirəm ki, əgər Tanrının məndən bir belə zəhləsi gedəcəkdisə niyə məni yaradırdı?
   
   Dünyada mənim kimi yazıq heyvan yoxdu, hətta eşşəkdən də yazığam. Nə verirlər yeyirəm. Yer üzündə hamıdan çox bala verirəm - ildə 24 bala, sizin sevdiyiniz qoyun ildə iki bala verəndə bayram edirsiniz. Bilmirəm mənim günahım nədi?
   
   Həsənqulu, bilirəm bərk qorxuya düşmüsən, çünki mənim qripimə yoluxmuş iki nəfəri də göndəriblər Azərbaycana, dalı da gələ bilər.
   
   And olsun donuzluğuma, mən qrip-zad deyiləm, turp kimiyəm. Hansısa it uşaqları bir qrip icad ediblər, onu da veriblər mən bədbəxtin adına. Bilirlər ki, dilsiz-ağızsız bir heyvanam, heç hara və heç kimə şikayət edə bilməyəcəm. Avropa İnsan Haqları da məni müdafiə etməyəcək, hərçənd ki, mənim kababamı az qala gözlərinə təpirlər. Onu da bilirlər ki, Tanrı da məni eşitməyəcək, çünki Tanrının məndən zəhləsi gedir.
   
   Həsənqulu, sən məndən qorxma. Sən məndən də murdar olan insanlardan qorx. Mən ildə 24 bala verirəm, amma həmin insanlar ildə ən azı 24 milyon bala öldürür.
   
   Mənimlə mübarizə aparmaq lazım deyil ey, belə insanlarla mübarizə aparmaq lazımdı.
   
   Həsənqulu, bilirəm Metyu Brayzanı çox istəyirsən, qrip çıxandan onu görmürəm. Görəndə ona məndən salam deyərsən.
   
   Həsənqulu, mənə qarşı vaksin axtarma, Brayza qripinə qarşı vaksin axtar. Brayza qripindən xilas ola bilsəniz dünya durduqca kef eləyəcəksiniz.
   
   Hörmətlə;
   
   ATƏT-in Baş ofisinin
   
   10 dəqiqəliyində yerləşən donuzçuluq fermasının
   
   Baş Donuzu.

TƏQVİM / ARXİV