adalet.az header logo
  • Bakı 13°C
12 Mart 2019 14:42
16623
GÜNDƏM
A- A+

Sahib Məmmədov: Biz nəyi və niyə tənqid edirik?

Vəkillər Kollegiyasının Rəyasət Heyəti əvvəlki, utancverici binadan daha yaxşı, abad binaya köçüb. Bunun nəyi pisdir? Yeni vəkil büroları yaranır və təmir olunur. Bunun nəyi pisdir?

Vəkilliyə qəbul proseduru mütəmadi edilib. Hər zaman sənəd təqdim etmək olar. Müəyyən say toplanan kimi imtahan prosesinə start verilir və s. Bunlar hamısı pozitiv proseslərdir və ölkədə ədalət mühakiməsinin təmin olunması üçün vacib şərtlərdir.

Mən də Vəkillər Kollegiyasında gedən prosesləri izləyirəm. Müşahidələrim göstərir ki, Vəkillər Kollegiyası hazırda xeyli strateji hədəflər müəyyən edib və həmin hədəflərə doğru gedir. Fikrimcə, bu hədəflər aşağıdakılardır:

- Müdafiə İnstitutunun ədalət mühakiməsi sitemində layiq olduğu yeri tutması və vəkil nüfuzunun artırılması.

- Əhali sayına düşən vəkillərin sayının orta Avropa göstəricilərinə yaxınlaşdırılması.

- Vəkillərin ölkə üzrə proporsional olaraq coğrafi paylanmasının təmin edilməsi.

- Vəkillərin peşəkarlığının artırılması.

- Vəkillərin etik-davranış qaydalarına əməl etməsinə nail olunmaq.

- Vəkillərin vergi və sosial ödəmə yükünün azaldılması və vəkillərin sosial təminatının yaxşılaşdırılması.

- Vəkillərin peşə təşkilatının beynəlxalq arenaya inteqrasiyası və müvafiq beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsi.

- Vəkillərin ölkənin ictimai, mədəni və idman həyatında iştirakının təmin olunması.

Yalnız bir il ərzində bu hədəflərə çatmaq üçün görülən işlərə nəzər salmaq kifayətdir. Mənim gözləntim odur ki, bu hədəflərə çatmaq üçün bir neçə il kifayət edəcək.

Ədalət mühakiməsinin təmin olunması ilə bağlı problemlər də diqqət mərkəzindədir. Obyektiv tənqidlə yanaşı, qərəzli yanaşmalar da çoxdur.

İlk növbədə ədalət mühakiməsinin problemləri deyəndə yada düşən məhkəmələrdir. Halbuki, cinayət işlərində istintaq prosesi, məhkəmə prosesi və məhkəmə qərarı (hökmü, qətnaməsi və s.) və məhkəmə qərarlarının icrası kimi mərhələlər var. Mülki işlərdə də ən azı məhkəmə və məhkəmə qərarının icrası mərhələləri var. Bunların hamısı bir yerdə effektiv işləmədikcə ədalətli mühakimənin təmin olunmasından əminliklə danışmaq olmaz. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi də ədalətli məhkəmə araşdırması dedikdə məhz bu proseslərin məcmusunu nəzərdə tutur. Ədalət mühakiməsi prosesinin bütün mərhələlərində effektiv müdafiə institutu təmin edilməlidir.

Konstitusiyanın 61-ci maddəsi qanunda nəzərdə tutulmuş hallarda dövlət hesabına ödənişsiz hüquqi yardımı nəzərdə tutur. Amma konstitusiyanın bu müddəasını təmin edən qanun hələ də yoxdur. Vaxtilə Vəkillər Kollegiyasının indiki sədri Anar Bağırovun təşəbbüsü ilə müvafiq layihə hazırlananda bu layihəni indi kollegiyanı tənqid edənlərin xeyli hissəsi topa tutmuşdu.

Destruktiv tənqiddən asan heç nə yoxdur. Konstruktiv tənqid isə savad və məntiq tələb edir. Bir də qərəzsiz olmağı.

Sahib Məmmədov